ADP-də prezident seçkiləri ilə bağlı TƏCİLİ TOPLANTI

Baxış sayı:
8896

İdarə Heyətinin növbədənkənar toplantısında partiyanın seçkilərə qatılıb-qatılmayacağına qərar veriləcək
 
Sabah ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyadan Muxalifet.az-a verilən məlumata əsasən, toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi vəziyyət əsas müzakirə obyekti olub.
Toplantı iştirakçıları ilk növbədə qonşu İran İslam Respublikasında baş verən təyyarə qəzası nəticəsində çoxlu sayda insanın həlak olmasından dərin narahatlıq keçirdiyini ifadə edib və həlak olanların doğmalarına və bütövlükdə İran xalqına dərin hüznlə baş sağlığı ünvanlayıb.
İdarə Heyəti ABŞ-ın Florida ştatında baş verən terror hadisəsi nəticəsində çoxlu sayda insanın həlak olması ilə əlaqədar adı çəkilən ölkəyə də baş sağlığı ünvanlayıb. Qeyd edilib ki, harada baş verməsindən asılı olmayaraq bütün bəşəriyyəti təhdid altında saxlayan terror hadisələri qətiyyətlə pislənməli və bu bəlanın qarşısının aınması üçün bütün beynəlxalq səylər birləşdirilməlidir. ABŞ-a gəldikdə isə, bu ölkə terror hadisələrinə ikili standartlardan yanaşmamalı, baş verən terror hadisələrinə siyasi çıxarlarına görə deyil, məhz terrorun dünya üçün bir təhlükə olması baxımından qiymət verməlidir.
İdarə Heyəti son vaxtlar hakimiyyətin Avropada yaşayan mühacir siyasi fəalların ailə üzvlərinə, yaxınlarına qarşı bu və ya digər formada təzyiqlər göstərməsini, onların sorğu-sual edilməsini qətiyyətlə pisləyib və bu hərəkətləri repressiv hal kimi dəyərləndirib. Eyni zamanda müxtəlif səbəblər üzündən ölkəni tərk edən, mühacir həyatı yaşamağa məhkum edilən vətəndaşların sosial şəbəkələrdə, hakimiyyətin yuxarı eşalonunda duran şəxslər və onların ailələri haqda qeyri-etik, təhqiramiz ifadələr yayımlamasını da sivil davranış qaydalarına uyğun olmadığını diqqətə çatdırıb və onları sivil mübarizə üsullarına üstünlük verməyə çağırıb.
İdarə Heyəti Beynəlxalq Valyuta Fondunun “Kölgə iqtisadiyyatları: Son 20 ildə nə öyrəndik” adlı hesabatına görə təkcə 2015-ci ildə Azərbaycanda ÜDM 54 milyard manat olduğu və həmin il ölkə iqtisadiyyatından 23 milyard manat oğurlanması faktına münasibət bildirib və bu faktın dövlətimizə qarşı iqtisadi təxribat, ölkənin iqtisadi əsaslarının sarsıdılması faktı kimi dəyərləndirib və hüquq mühafizə orqanlarını faktla bağlı araşdırmalar aparmağa, günahkar şəxsləri məsuliyyətə cəlb etməyə çağırıb.
İdarə Heyəti qardaş Türkiyənin Afrində keçirdiyi uğurlu əməliyyatlar, ABŞ Dövlət Departamentinin başçısı Tillersonun Türkiyə səfəri və iki ölkə arasında yaranmış gərginliklərin aradan qaldırılması istiqamətində müsbət addımların atılması faktına münasibət bildirib və bu yaxınlaşmanın bölgədə sülh və təhlükəsizliyin təmin edilməsinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.
İdarə Heyətində ADP-nin 11 aprel 2018-ci il növbədənkənar prezident seçkilərində iştirak edib-etməyəcəyi ilə bağlı məsələ müzakirəyə çıxarılıb. Müzakirələr zamanı İdarə Heyəti üzvləri arasında bu məsələ ilə bağlı fikir ayrılıqları yarandığına görə yekun qərara gəlmək mümkün olmasa da, müzakirələrin İdarə Heyətinin 20 fevral tarixində keçiriləcək növbədənkənar toplantısında davam etdirilməsi barədə konsensus əldə olunub.
 
Muxalifet.az