​ADP-çı gənc Ceyhun Mehdiyev həbs edilib

Ölkədə yaranmış ağır sosial-iqtisadi vəziyyətə, siyasi məhbuslar ordusunun yaranmasına və baş alıb gedən rüşvət və korrupsiya hallarına etiraz əlaməti olaraq Milli Şuranın dünən Yasamal rayonu ərazisində yerləşən Məhsul İdman-Sağlamlıq Komleksinin həyətində “Talana, Yalana və Monarxiyaya yox!” şüarı altında keçirdiyi mitinq insidentsiz ötüşsə də, mitinqdən sonra aksiya iştirakçıları dağılışdığı zaman hakimiyyət əleyhinə şüarlar səsləndirməsi polis qüvvələrini sözün əsl mənasında qəzəbləndirib. Kütləyə hücum edən polis və mülki geyimli qoçu dəstələri ilə aksiya iştirakçıları arasında qarşıdurma yaranıb. Qarşıdurma zamanı onlarla aksiya iştirakçısı polis əməkdaşlarının zorakılığına məruz qalaraq döyülərək bədən xəsarətləri alıb. Bir neçə nəfər aksiya iştirakçısı isə həbs olunaraq Yasamal Rayon Polis İdarəsinə aparılıb.
Həbs olunanlar arasında digər müxalifət partiyaları ilə yanaşı ADP üzvləri də olub. Aldığımız məlumata görə, ADP üzvü Ceyhun Mehdiyev də həmin qarşıdurma zamanı polis və mülki geyimli şəxslər tərəfindən döyülən və saxlanılaraq  polis idarəsinə aparılanlar arasında olub. O, polis idarəsində axşam saatlarına qədər saxlanılaraq işgəncələrə məruz qalmasından sonra barəsində saxta ittihamlarla protokol tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmədə məlum olub ki, ADP-çi gənc polisə müqavimət göstərməkdə təqsirli bilinir. Halbuki, polis və mülki geyimli şəxslər tərəfindən fiziki zorakılığa və işgəncələrə məruz qalan aksiya iştirakçılarından biri Ceyhun Mehdiyev olub. Məhkəmə zamanı ADP-çi gənc vəkil tələb etsə də, onun bu tələbinə əhəmiyyət verilməmiş, tələm-tələsik, heç bir məhkəmə araşdırması aparılmadan, yalnız polis orqanının tərtib etdiyi saxta protokola əsaslanaraq məhkəmə onun barəsində 30 gün inzibati qaydada həbs qərarı çıxarıb.
Bu hadisə ölkədə məhkəmə və hüquq sisteminin nə qədər rəzil vəziyyətdə olduğunun və icra qurumlarının siyasi sifarişini həyata keçirdiyinin göstəricisidir. Hakimiyyət orqanları bu vasitələrlə ölkədə baş qaldıran narazılıqları yatırmaq, aksiyalara qoşulanların gözünü qorxutmaq və mitinqlərin kütləviliyinin qarşısını almaq məqsədi daşıyır. Təəsüflər olsun ki, Azərbaycan hökumətinə Qərbin və Avropanın demokratik qurumları tərəfindən ölkədə insan hüquq və azadlıqları sahəsində mövcud olan problemləri aradan qaldırmaq, müxalif yönlü siyasi aktivlərə qarşı aparılan repressiya siyasətini dayandırmaq çağırışları da gözardı edilir, beynəlxalq qurumlar qarşısında götürülən öhdəliklər yerinə yetirilmir.