“Adil Əliyev özünü kriminal dəstənin başçısı kimi aparır”

Aslan İsmayılov: “Prezidentlə görüşdən sonra elə təkliflər aldım ki…”

“Adil Əliyevin nə savadı, nə ictimai-siyasi nüfuzu, nə dünyagörüşü, nə potensialı imkan vermir ki, mən onu özümə rəqib hesab edim”

Tanınmış hüquqşünas, 20 saylı Nərimanov ikinci Seçki Dairəsindən deputatlığa namizəd Aslan İsmayılovun müsahibəsi
- Aslan bəy, son vaxtlar bir çox cəbhədə mübarizə aparırsız. Bir tərəfdən seçki, bir tərəfdən hədəfə aldığınız yüksək rütbəli məmurlar. Gəlin Sabuncu rayon icra hakimiyyətinin başçısı Adil Vəliyevlə mübarizənizdən başlayaq. İşin sonu necə oldu, hüquqlarını müdafiə etdiyiniz şəxs rüşvət vermədən evinin hasarını çəkə bildimi?
– Bəri başdan deyim ki, çoxları mənim Adil Vəliyevlə şəxsi problemim olduğunu düşünür. Tam səmimi deyirəm, mən Adil Vəliyevi əvvəl tanımırdım, onunla bu hadisədən əvvəl heç bir tanışlığımız, görüşümüz olmayıb. Belə başçı olduğunu bilməmişəm. Ümumiyyətlə, şəxsi olaraq heç kimlə ölkədə problemim yoxdur. Bu məsələyə – Abbas Quliyevin işinə qaldıqda isə, ayın 21-də məhkəmə olacaq. Ədalətli qərar olarsa, probem də həllini tapacaq. Hasarın yarısından çoxu tikilib və məhkəmə qərarı ilə dayandırılıb. Bilirsiz, İcra Hakimiyyəti əlində qanuni sənədi olan vətəndaşın öz evinin ətrafını hasarlamasına mane olmaq üçün hər üsula əl atır. Beş daş hasar qaldırdıq, biri gəldi ki, atamın qəbri olub burda. Sonra bir başqası gəldi ki, bura mənim ərazimdir. Daha sonra Qarabağ müharibəsi veteranı gəldi ki, bura mənimdir. Məsələ ictimailəşəndən sonra isə yoxa çıxdı. Hər halda abrına sığınıb kənara çəkildi. Məhkəmə qərarına qədər 10 nəfər gəlib-getdi. Hamısını da Adil Vəliyev göndərirdi. İndi bizi məhkəməyə verənin isə heç vaxt səsi çıxmayıb və belə bir adamı tanımırıq. Rayonda hamı A.Vəliyevin qoçu dəstələrindən qorxur.
Mən bir video yaymışdım, orda vətəndaşlar deyirlər ki, “şikayət eləməyə qorxuram, çünki Adil Vəliyevin qoçuları “Niva”da gəlib başıma oyun açarlar”.
Nədənsə, vətəndaşlarda problemləri qabartmağa, ictimailəşdirməyə maraq o qədər çox hiss olunmur. Əgər insanlarımız şəxsi maraqları kənara qoyub, ictimai problemlərə diqqət yönəltsə, ölkədə heç bir kataklizm yaratmadan çox şeyi dəyişmək olar. Bu baxımdan sosial şəbəkələrin əhəmiyyəti böyükdür. Təəssüf ki, insanlarımız hələ bunu lazımınca dərk eləmir.

“ADİL VƏLİYEVİN TİMSALINDA BÜTÜN BAŞÇILARI HƏDƏFƏ GÖTÜRÜRƏM”

Dünyada da belə bir təcrübə var: çoxsaylı problemlərdən birini qabartmalısan ki, digərləri də həll olunsun. Mən də Adil Vəliyev kimi vəzifəsindən istifadə edib biznes quran, səlahiyyətlərindən alver məsədilə yararlanan, insanlara zülm edən, qanunsuzluqlara rəvac verən məmurların qanunsuzluqlarını qabartmaqla nümunə göstərirəm. Burda söhbət bir nəfərdən getmir. Adil Vəliyevin timsalında mən bu cür fəaliyyətlə məşğul olan bütün icra başçılarını hədəfə götürürəm. Eyni zamanda bu cür tənqidlər digər icra başçılarının özlərini yığışdırmasına səbəb olur. Düşünürlər ki, kiməsə qanunsuz olaraq problem yaradarlarsa, Aslan İsmayılov kimisi həmin rayonda onların əməllərini ifşa edə bilər. Hamısında olmasa da, əksəriyyətində məsuliyyət hissi yaradir, açıq şəkildə quldurluq etməkdən çəkinirlər. Bax buna görə də mən vətəndaşları aktiv olmağa, problemlərini ən azı sosial şəbəkələrdə qabartmağa çağırıram. İctimai rəy böyük əhəmiyət kəsb edir. Bunu Prezident də öz çıxışında vurğuladı k, problemlərin həlli üçün ictimai rəy əhəmiyyətlidir.
Adil Vəliyev kimilərini qanunsuz əməllərindən çəkindirmək üçün ictimaiyyət müqavimət göstərməlidir. Baxın, Adil Vəliyev və digərləri danışanda Heydər Əliyevə sədaqətdən dəm vururlar. Ancaq Sabunçu rayonunda Heydər Əliyevin saldığı parklar da qalmayıb, çoxu satılıb. Yerində obyektlər, villalar tikiblər. Bir parkı bağlayıb, Heydər Əliyev Fondunun adı ilə özünə şəxsi bağça tikib. Digəri Heydər Əliyev Mərkəzi adı ilə insanların üzünə bağlanıb. Bir başqasında isə villalar tikilib.
Vətəndaşlar susduqca qanunsuzluğun masştabı da böyüyür. Ancaq biz susduqca bunların qanunsuzluqları daha da artır. Odur ki, çəkinmədən problemləri qabartmaq, belələrinin üzərinə getmək lazımdır. Bu işdə mətbuatın da rolu böyükdür.
Dəfələrlə demişəm ki, mən siyasətçi deyiləm və heç bir siyasi məqsədim yoxdur və olmayacaq. Bəzi müxalif mətbu orqanlara da dəfələrlə müraciət etmişəm, içinizdəki kini-küdurəti qoyun kənara, mənim adım olmadan belə toxunduğum hansısa problemi götürüb geniş işləyin. Ancaq heç birindən müsbət cavab almadım. Yalnız “AzPolitika.info” və “Minval.az” saytları bu məsələlərə dəstək olurlar. Qəribə də olsa onların heç birinə nə müraciət etmişəm, nə də rəhbərlərilə şəxsi tanışlığım var. İlk dəfədir bu gün sizinlə görüşürəm, ancaq sağ olun, ictimai problemləri geniş şəkildə işıqlandırırsınız. Bəziləri isə bu məsələləri mənim qaldırdığım üçün görməzdən gəlirlər. Hətta Xəzər dənizinin ətrafının hasarlanması ilə bağlı məsələni ictimai müzakirəyə çıxaranda, “Azadlıq” qəzetinə də müraciət etdim ki, bu problemi işıqlandırın. Dəfələrlə vurğuladım ki, bunu Zeynəb xanım parlamentdə deyib, gəlin biz də davam etdirək. Yəni, mənim adımla da bağlı deyil. Lakin qəzetdən cavab verdilər ki, bu barədə əvvəl yazmışıq. Nə olsun ki, nə vaxtsa yazmısınız. Məsələ aktuallaşanda, geniş rezonans doğuranda onun üzərinə getmək, ictimai müqavimət təşkil etmək lazımdır ki, effekti də olsun. Məgər bu mövzunu başqa yöndən də işləmək, ictimai rəy yaratmaq olmaz? Yox, gərək deyək ki, bu işi AXCP başlayıb, Müsavat başlayıb, ondan sonra, bəlkə, dəstək olarlar. Bu da doğru yanaşma deyil. Kimin qaldırmağından asılı olmayaraq, problem varsa birlikdə onun üzərinə gedilməliir. Mən şəxsən məsələni kimin qaldırmağından asılı olmayaraq maraqlı olduqda gözləmədən o problem səhifələrimdə yaymışam. Bu zaman nəticə də ola bilər. Öz vəzifəsini qazanc mənbəyinə çevirən məmurları bu yolla qanuna riayət etməyə məcbur etmək olar.

“KİMİSƏ SİFARİŞLƏ VURACAQ QƏDƏR AĞILSIZ DEYİLƏM

- Yəqin, AZAL prezidenti Cahangir Əsgərovla bağlı tənqidləriniz, ittihamlarınız da bu məqsədə yönəlib. Onunla bağlı hazırlayıb paylaşdığınız son videorolik xüsusilə böyük marağa səbəb olub. Ancaq AZAL prezidentini hədəfə amağınıza cəmiyyətdə münasibət birmənalı deyil. Hətta Aslan İsmayılovun Cahangir Əsgərovu “sifarişli şəkildə” tənqid ediyini deyənlər də var. Deyirlər, məsələn, niyə Gömrük Komitəsindəki monopoliyanı, Vergilər Nazirliyində olan qanunsuzluqları deyil, məhz AZAL-la bağlı problemləri gündəmə gətirir…
 
– Bilirsiz, bunu deyənlər ya qərəzlidir, ya məlumatsızdır, ya da dar düşüncəli insanlardır. Kəmaləddin Heydərovun, Fazil Məmmədovun, Fərhad Əliyevin, Əli İnsanovun, bir çox iri məmurların “at oynatdığı” vaxtlarda mən onlara qarşı çıxanda, kimin sifarişi ilə edirdim? Bu gündə onlara da, digərlərinə qarşı da fikirlərimi açıq şəkildə ifadə edirəm. Kimsədən çəkindiyim yoxdur. Sadəcə birincisi mənim eyni vaxtda bir neçə şəxsi ictimai tənqid hədəfinə çevirməyə nə vaxtım, nə də imkanlarım var. İkincisi, AZAL-la bağlı problemləri mən gündəmə gətirirəmsə, digər sahədəki problemləri də bir başqası ictimailəşdirsin. Onu da deyim ki, ancaq mən heç vaxt kimisə qərəzli, tənqid olsun deyə tənqid etmirəm. Bir problemlə qarşılaşdıqda onun nə dərəcədə ictimai əhəmiyyət kəsb etdiyini araşdırıram. Gördükdə ki, bu bir ictimai bəlaya çevrilib, imkanlarım çərçivəsində ona qarşı ictimai mübarizəni təşkil etməyə çalışıram. AZAL-la bağlı problem də mənim diqqətimi Novruz bayramında oğlumun Münhendən Bakıya gəlməsində yaranan problemdən sonra cəlb etdi. Açıq deyirəm: bəlkə də bu ortaya çıxmasa idi, mən bu məsələyə diqqət yetiriməzdim.
Həmin vaxt oğlum Bakıya gəlməli idi, gələ bilmədi. Zəng elədim, dedi ki, “Wizz Air” aviaşirkətindən bilet almışdım – Budapeştdən Bakıya və qayıdış bileti. Hardasa 90 manata. Lakin “Azal” imkan vermədi, öz biletləri isə çox bahadır – 700 manata yaxındır. Ona görə də gələ bilmədi.
Mən bu məsələ barədə “Facebook”da yazdım. Ondan sonra insanlar müxtəlif faktları da bölüşməyə başladılar, beləcə məsələ böyüdü. Mən o vaxta qədər bilmirdim ki, Gürcüstanda aviabiletlər bizdəkindən ucuzdur. Sosial şəbəkə hansısa bir münasibətin davamını gətirdi, araşdırmaya yol açdı. Cahangir Əsgərovla bağlı araşdırmaya getdikcə, hər gün daha çox problem üzə çıxdı. İndi bunları mənim başladığım araşdırma ortaya çıxardı. İstərdim ki, kimsə də başqa bir məmuru seçib onun fəaliyyətini araşdırsın. Mən “sərçə ovlamaq” kimi daşı hər tərəfə atıb effekti niyə öldürürəm ki? Bu məsələnin sonuna qədər gedərik, “Azal”da yoxlama aparılar, biz də sonra başqa sahələrə diqqət ayırarıq.
Hazırda üç məsələ mənim gündəliyimdədir: Sabunçu rayonundakı qanunsuzluqlar, “AZAL”dakı problemlər və Xəzər dənizi sahillərinin hasarlanması məsələsi.
Sadəcə vaxtım olmadığından, sizin vasitənizlə müraciət edərdim ki, bir nəfər də rayon maşınlarının Bakıya buraxılmaması məsələsiylə məşğul olsun. Bu da aktual bir problemdir. Rayon maşınlarının Bakıya buraxılmaması həm qanunsuz, həm də vicdansız bir qərardır. Sənə alın təriylə yemək gətirən insanı şəhərə buraxmırsan, bu nə deməkdir? Deyirsən uzaq dur, səndən tər qoxusu gəlir. Vətəndaşa belə münasibət olarmı? Bunun tıxaclara heç bir köməyi yoxdur.
Məgər, bu qərardan sonra şəhər mərkəzindəki tıxaclar aradan qalxdı? Şəhərə məhsul gətirən insanların yolunu bağlamaqdansa, Adil Vəliyev kimi on sürücü saxlayan insanların qarşısını almaq lazımdır. Kənarda gizlənib cərimə yazmaq üçün fürsət gözləyən yol polislərinə demək lazımdır ki, gizləndikləri yerdən çıxıb nəqliyyatın hərəkətini tənzimləsinlər, qanunsuz dayanmış maşınları yığışdırsınlar, tıxac yaranmasına imkan verməsinlər.
O ki qaldı sifariş məsələsinə, yadınızdadırmı, Ramiz Mehdiyevə açıq məktub yazdım. O zaman da çoxları dedi ki, bu, Paşayevlərin sifarişidir. Bundan bir qədər sonra Fikrət Məmmədova da açıq məktub yazdım. Onu da yəqin ki, kiminsə sifarişi saydılar. Yəni bəzi adamlar hər bir məsələdə sifariş axtarırlar. Bəlkə də özləri sifarişsiz iş görmədikləri üçün belədir. Ancaq həmin məktublarda da mən ictimai problemləri qabartmışdım. Bu gün də qaldırdığım probemlər ictimai əhəmiyyət kəsb edir.
Birdə ki, mən kimisə sifarişlə “vuracaq” qədər ağılsız deyiləm. Məni o dəqiqə məhv edərlər. Hakimiyyət belə işbazları sevmir.
- Cahangir Əsgərovla bağlı tənqidlərinizin, ittihamlarınızın nəticəsi olacağına inanırsınızmı?
– Bilirsiz, mənim Cahangir Əsgərovla da şəxsi tanışlığım yoxdur. Təbii ki, ona qarşı şəxsi zəmində heç bir qərəzim də ola bilməz. Sadəcə bu adam işilə, hərəkətlərilə, AZALda yaratdığı mühitlə artıq Azərbaycan vətəndaşı, dövləti üçün problemə çevrilib. Bu problemin həllinə nail olmağa çalışıram. Mən, bir neçə il əvvəl “British Airways”i də məhkəmədə uddum. Həmin şirkət 200 yerə 220 bilet satırdı ki, birdən gələn olmaz. Saydan artıq adam gələndə isə xariciləri buraxıb azərbaycanlıları sabaha saxlayırdılar, xariciləri qabağa verirdilər. Bir dəfə dostumun oğlunu yola salarkən belə halla üzləşdik. Məhkəməyə verdim. Eyni zamanda məsələ qoymuşdum ki, biletdə uçuş məlumatları dövlət dilimizdə də yazılsın ki, Azərbaycan vətəndaşları başa düşsünlər. Məhkəməni uddum, nəticədə həm üzr istədilər, həm biletlərin Azərbaycan dilində də yazılması qərarı çıxarıldı, həm də artıq bilet satmaq halı dayandırıldı. Yəni mübarizəm effekt verdi. Bu dəfə də nəticə olana qədər ictimai mübarizəni davam etdirəcəm.

“CAHANGİR ƏSGƏROVUN BİZNESİ XARİCDƏDİR”

– AZAL prezidenti ilə bağlı çıxışda demişdiniz ki, o, azərbaycanlıları “ikinci sort” adamlar sayır. Bizim apardığımız araşdırma nəticəsində də məlum oldu ki, həmin şirkətdə çalışan rəhbər vəzifəli şəxslərin, eyni zaman Əsgərova məxsus holdinqə daxil olan şirkətlərdə vəzifədə olanların çoxu qeyri-azərbaycanlıdır. Hətta AZAL-ın baş aşbazının Livan ermənisi olduğu da bildirilir. Sizcə belə bir adamın hələ də vəzifədə saxlanılması nəyin hesabınadır?
 
– Çox qəribədir. Bir insanı vəzifədən atmaq üçün daha nə lazımdır? Telefonu götürün, AZAL-ın istənilən xidmətlərinə zəng edin. Sizə bir nəfər Azərbaycan dilində cavab verməyəcək. Ancaq rusca danışırlar. Cahangir Əsgərov Azərbaycan dilində danışanlara “çuşka”, “ikinci sort” kimi baxır. Onu Azərbaycanla bağlayan heç nə yoxdur. Nə mənəvi baxımdan, nə də biznes baxımından. Araraşdırsınlar, biznesinin böyük hissəsi Londonda, Gürcüstan və digər ölkələrdədir. Bu adamın oxuduğu mahnılar, düşüncə tərzi də Azərbaycan xalqına yaddır. Odur ki, ətrafına da ancaq qeyri-azərbaycanlıları yığıb, türkə isə sanki düşmən kimi baxır. Əlbəttə, başqa millətlərin nümayəndələrinin işə götürülməsində heç bir qəbahət yoxdur. Ancaq Azərbaycanda azərbaycanlılara qarşı ayrı-seçkilik edilməsi, onlara “ikinci sort” vətəndaş kimi yanaşılması qəbul edilə bilməz. Azərbaycan sərhədlərində yaşayan hər kəs millətindən, dilindən, dinindən asılı olmayaraq doğma bacım-qardaşımdır. Qoy Azərbaycanı sevən türk, ləzgi, talış, kürd orada işləsin. Lakin bu dövlətin, bu ölkənin malını yeyib insanına qarşı hörmətsizlik etmək olmaz. Buna son qoymaq lazımdır.
“Onda mənə minnət qoyaraq, Adilin namizədliyini ləğv etmək istəyirdilər”
- Aslan bəy, deputatlığa namizədsiz, bir qədər də seçkilərdən danışaq. Artıq beşinci dəfədir ki, parlament seçkilərində namizədliyinizi irəli sürmüsünüz. Hazırkı deputat Adil Əliyevlə isə üçüncü dəfə üz-üzə gəlirsiniz. Deyilənə görə, hətta 2005-ci ildə özünüz Adil Əliyevin qalib gəldiyini etiraf etmisiniz. Belə olan halda yenidən eyni dairədən, eyni rəqiblə seçki yarışına qoşulmanız hansı özgüvənə, əminliyə əsaslanır?
– Əvvala, tam səmimi deyirəm, mən Adil Əliyevi heç vaxt özümə rəqib saymamışam və saymaram. O, ətrafındakı insanlarda, ictimai rəydə elə mənzərə yaratmağa çalışır ki, guya mən onunla rəqibəm. Ancaq Adil Əliyevin nə savadı, nə ictimai-siyasi nüfuzu, nə dünyagörüşü, nə potensialı imkan vermir ki, mən onu özümə rəqib hesab edim. Mənim guya 2005-ci ildə Adil Əliyevin qalib gəldiyini dediyim barədə fikirlərim də təhrif edilib. Mən obyekyiv adamam, demişəm səslər doğru sayılıb və qutudan Adil Əliyevə daha çox bülleten çıxıb. Ancaq o bülletenlər ora necə atılıb, kimlər tərəfindən topa-topa doldurulub, bunu hamı bilir. Yoxsa Adil Əliyev kim idi ki, mənə və yaxud həmin vaxt dairədən namizəd olan İsa Qəmbərə qalib gələydi?
2005-ci ildə bütün respublikada və ölkədən kənarda da az-çox tanınan bir adamın bölmə rəisinə uduzması nağılına, sizcə Adil Əliyevin heç özü inanırmı?
Hamı bilir ki, 2005-də tək rayonun yox, bütün Bakının resursları bizim dairədə cəmləşdirilmişdi. Mənə orda ən çox zərbə vuran hakimiyyət və Adil Əliyev yox, müxalifət – “Azadlıq Bloku” oldu.
Həmin seçkidən qabaq mən prezidentlə də görüşmüşdüm. Blokdan mənə təklif olundu ki, seçkilərdə bizi təmsil et. Dedim ki, indiyədək heç bir partiyada olmamışam, müstəqilliyimi heç nəyə dəyişməyəcəm. Mənə xəbərdarlıq da etdilər ki, əgər razılaşmasan ən güclü namizədimizi göndərəcəyik. İmzatoplamanın bitməsinə 3 gün qalmış İsa Qəmbər o dairəyə gəldi. Sonra da şaiyə yaydılar ki, Aslan İsmayılov prezidentlə görüşüb, deputat olmağı razılaşdırılıb. Düzdür, həmin vaxt mənim parlamentə düşməyimi istəyən az deyildi, müxtəlif təkliflər olmuşdu. Bircə “hə” desəm, bəs idi. Onda mənə minnət qoyaraq, Adilin namizədliyini ləğv etmək istəyirdilər. Mənsə dedim ki, Adil Əliyevin namizədliyi ləğv olunsa, mən namizədliyimi İsa Qəmbərin xeyrinə geri götürəcəyəm. Amma İsa Qəmbərin adamları orda-burda deyirdilər ki, “Aslan İsmayılov prezidentlə görüşüb, satılıb”.
Adil Əliyev indi nisbətən tanınır. Amma o vaxt onu dairədə heç kim tanımırdı. Yoxsa, seçkilər düzgün aparılsaydı, mən getməsəm belə, Adil Əliyev İsa Qəmbərdən artıq səs toplaya bilərdi? Əlbəttə bilməzdi.
2010-cu il seçkiləri lap biabırçılıq oldu. Onunla bağlı Avropa Məhkəməsinin qərarı da olmalıdır. Azərbaycan hökuməti və mənlə söhbətlər bitibdir, 3 ildir qərar gözləyirik. Mənə qarşı böyük haqsızlıq oldu, plakatlarımı cırdılar, Adil Əliyevin qoçuları seçki günü bütün məntəqələrdə adamlarımı döydülər. Adil Əliyev özünü deputat kimi deyil, kriminal bir dəstənin başçısı kimi aparırdı. Bu səviyyədə bir insanı mən özümə rəqib görmürəm, görə də bilmərəm. Başqa sahələrdə ola bilər, amma ədalətli seçkilərdə rəqibim ola bilməz. Tam cəsarətlə deyirəm, seçkilər demokratik keçirilsə, mənim topladığım səs respublikada bütün dairələr üzrə ən yüksək olar. Çünki 20 saylı ikinci Nərimanov dairəsi ərazisində yaşayan seçicilərin çoxu uzun illərdir yanıma gəlirlər, hüquqi yardım alırlar. O dairədə hər üç seçicidən birinə mən pulsuz hüquqi məsləhətlər vermişəm. Bu illər ərzində yanıma gəlib-gedirlər, görürlər ki, qətiyyən dəyişməmişəm, həmin adamam.
Bununla belə, düzünü demək lazımdır, Adil Əliyev deputat kimi az fəallıq göstərmir, bəlkə də, parlamentdə fəallığına görə ilk 10-luqda sayıla bilər. Lakin bizim nə keçdiyimiz yol, nə təhsil, nə savadımız müqayisəyə gələsi deyil.
 
– Özünüz də qeyd etdiyiniz kimi, bundan əvvəlki seçkilərdə səsiniz oğurlanıb, nəticələr Adil Əliyevin xeyrinə saxtalaşdırılb. Yenə də nə seçki şəraiti, nə seçkini keçirənlər, nə də dairədən hakimiyyətin dəstəklədiyi namizəd dəyişib. Bu halda nəyə ümid edib seckiyə qoşuldunuz?
– Mən demokratik seçkilərin, oyanışın tərəfdarıyam. Milli Şuranın seçkiləri boykot etməsi çox səhv addım idi. Sosial şəbəkələr, mətbuat və xüsusilə də seçkilər vaxtı seçicilərlə görüşlər vasitəsi ilə insanları qazanmaq, ictimai rəy yaratmaq mümkün ola bilərdi. Lakin müxalifət bu imkanlardan yararlanmadı, imtina etdi. Bu da onun nüfuzunu getdikcə itirməsinə səbəb olur. Diqqət edin, son mitinqlərə nə qədər az adam gəlir. Hakimiyyət nə qədər sıxışdırsa da, “Məhsul” stadionunda – şəhərin mərkəzinə yaxın ərazidə mitinqə yer verdi. Amma ora böyük elektorat toplanmadı. Halbuki, təkcə ətrafdakı binalardan gələn olsa 10 mindən çox adam yığılar. Gəlmirlər, deməli inanmırlar, inamları itib. İnam yaratmaq üçün onlarla görüşməlisən ki, seçkidə iştirak buna imkan verir.
Digər tərəfdən, əgər sən seçkilərə getmirsənsə, hüquqi yolla dəyişikliklər istəmirsənsə, deməli, sənin məqsədin başqadır. Bu isə doğru və qəbul edilən yol deyil. Hakimiyyəti dəyişməyin yeganə yolu seçkilərdir. Çevriliş vasitəsiylə hakimiyyətə gəlmək istəyənlərin həmişə əleyhinə olmuşam.
Odur ki, heç nə dəyişməsə də, yenə seçkiyə gedirəm. Mübarizəni aparmaq üçün imkanlar hələ tükənməyib. Ən böyük müxalifət sosial şəbəkədir. Ölkədə 1,3 milyon insan sosial şəbəkədə oturur. Cəmil Həsənli İTV-də bir çıxış edirdi, onun videosu dərhal sosial şəbəkədə paylaşılırdı. Bunu yenə etmək olardı. Başqa məsələlərdə də ictimai rəy yaradıb mübarizə aparmaq mümkün idi.
Bu gün ölkəmizdə çoxlu sosil-iqtisadi problemlər var. Ancaq siyasi baxımdan da problemlər ciddiddir. Təhlükəni hiss edirəm, ölkəmin gələcəyinə təhdidlər var. Rusiya Azərbaycanı, keçmiş müttəfiq respublikaları yenisən öz nəzarəti altına almağa çalışır. Avrasiya İttifaqı da məhz bu məqsədlə yaradılıb. Saatlarla özümü niyə öldürürəm? İnsanlara müraciət edirəm ki, ay qardaşlar, poblemləri qabardaq, həllinə nail olaq. İctimai qınaq çox şeyi dəyişə bilər. Aktiv olmaq, gözü açıq olmaq lazımdır.

“A KİŞİLƏR, YETƏRİNCƏ YIĞMISIZ, DAHA BƏSDİR”

– Doğrudanmı hesab edirsiniz ki, Rusiya təhlükəsi bu qədər ciddidir?
– Həqiqətən, uçuruma doğru gedirik. Bu uçurum odur ki, biz Avropadan uzaqlaşıb Rusiyaya doğru gedirik. Biz qarşımızda yaranan imkanlardan istifadə edib ölkəmizi düzəltməliyik. İyirmi fazi torpağımızı itirmişik, amma Avrasiya İttifaqına girməklə 100 faizi itirə bilərik. 1920-ci ildə də SSRİ-yə eyni adla bizi cəlb etdilər. Deyirdilər müstəqilliyimizi saxlayacağıq, inkişaf edəcəyik, amma 70 il buxovda olduq.
İndi belə bir qorxu yenidən gündəmə gəlib. Bu günədək məni nisbətən o arxayın edirdi ki, hakimiyyətdəki bəzi şəxslərin mülkləri, biznesləri Avropadadır. Lakin bu gün görünür ki, onlar bunu da gözdən çıxarıblar. Və hətta ola bilsin, Qərb o mülklərə əl qoyub. İndi istiqamət Rusiyadır. Ancaq bu doğru yol deyil. Hakimiyyət hansısa qüvvəyə deyil, millətə arxalanmalıdır. Millətinə arxalanan hakimiyyətə heç bir qüvvə güc gələ bilməz. Bu vaxta qədər nə olubsa, artıq olub. Bəsdir. Həmişə demişəm, indi də deyirəm, ay kişilər, yetərincə yığmısız, mənim də haqqımı yemisiz – dünyada ən varlı adamlar hüquqşünaslardır – heç olmasa, gəlin bundan sonra Azərbaycanın gələcəyi barədə düşünək. Ölkəmizi nəyinsə naminə başqa dövlətlərin buxovuna salmaq olmaz. Nə Qərbin, nə d Şimalın.

“PREZİDENTLƏ GÖRÜŞDƏN SONRA ELƏ TƏKLİFLƏR ALDIM Kİ…”

– Aslan bəy, niyə sizi nə iqtidar, nə müxalifət qəbul etmir?
– Bu, bəlkə də, mənim şəxsi faciəmdir. Hakimiyyət nifrət edir, bəllidir. Başıma gətirilməyən oyun qalmayıb. Vəkillikdən qovublar, haqqımda dəfələrlə cinayət işi açıblar, mənimlə işləyən neçə iş adamına müqavilə pozdurublar. Lakin bir şeyi bağışlamayacam. 2013-cü il mayın 30-da məni “Bandotdel”ə aparıb döydürmək, təhdid və təhqir etmək… Bunu heç kimə bağışlamayacam! Bu illər ərzində istədiyim kimi varlı ola bilərdim. Lakin müstəqilliyimi itirəcəkdim, bunu istəmədim.
Təkliflər çox olub, 2005-ci ildə prezidentlə görüşdən sonra mənə müxtəlif insanlar külli miqdarda dəyəri olan müqavilələr, imkanlar təklif etdilər. Hər gün toya dəvət olunurdum. 2013-cü il müxalifət mitinqindəki çıxışımdan sonra, ümumiyyətlə, toya da çağırmadılar. Psixoloji olaraq bu mənə təsir etmir? Ailəmə, övladlarıma təsir edir. Mənə görə, onlar da problemlərlə üzləşir. Xaricdə ən yaxşı universitetlərdə öz bilikləri ilə təhsil alıqları halda ölkələrində işləyib, vətənlərinə xeyir verə bilmirlər. Bunlar əlbəttə, məni ağırıdır.
Ancaq müxalifətin mənə münasibətini başa düşə bilmirəm. Bütün fəaliyyətimlə, faktiki olaraq onlara qulluq edirəm. Lakin qəribə münasibət var. Mən onlardan da soruşuram ki, nədir qarın ağrınız? Deyirlər ki, “yox, siz biz deyəni deməlisiniz, bayrağımızın altında olmalısınız”. Əgər mən bayraq altına girəsi olsam, elə prezidentin bayrağını seçərdim də.
– Sonda, seçicilərə, rəqiblərə sözünüz varmı?
– Sadəcə ədalətli olun, ədalətlə mübarizə aparın. Əməlləriniz hökmən qarşınıza çıxacaq. Ədalət gömək istəyirsinizsə, özünüz ədalətli davranın.
Azpolitika.info