​İŞ ADAMI, YOXSA SİYASƏTÇİ? - Türkiyəli biznesmen Hüseyn Böyükfırat dövlət maraqlarımıza qarşı çıxır

Baxış sayı:
9781

İş adamı Azərbaycan qanunlarına zidd olaraq ölkəmizdə siyasi fəaliyyətlə məşğul olur, saytlara maliyyə dəstəyi verir…

Avqustun 3-də Bakıda “İlin ən fəal diaspor sədri” sorğusunun qaliblərinin mükafatlandırma mərasimi keçirildi. Azərbaycan-Türkiyə Evinin (ATEV) və Azərbaycan Diasporu İnformasiya Mərkəzinin (ADİM) təşkilatçılığı ilə keçirilən tədbirə Diaspor Komitəsinin nümayəndələri qatılmamışdı. Halbuki, əvvəlcədən tədbir iştirakçılarına bu toplantının Diaspor Komitəsi ilə birgə keçirildiyi  bildirilmişdi. Tədbirin gedişində isə bəlli olmuşdu ki, əslində təşkilatçılar Komitənin adından sui-istifadə edib, toplantının sözügedən qurumla yaxından-uzaqdan heç bir bağlantısı olmayıb.
Bu səbəbdən də tədbirə qatılan bəzi şəxslər, konkret olaraq deputat Aydın Mirzəzadə təşkilatçılara öz etirazını bildirmişdi. O cümlədən bir sıra mətbu orqanlar da haqlı olaraq, bu toplantını birləşdirici mövqedən daha çox, Azərbaycan diasporunu parçalamağa yönəlik addım kimi qiymətləndirmişdi.
Xaricdə yaşayan soydaşlarımız arasında parçalanma yaratmağa xidmət edən bu tədbirdə “Böyükfırat” restoranlar şəbəkəsinin sahibi Hüseyn Böyükfıratın iştirakı, təbii ki, diqqətimizi cəlb etməyə bilməzdi. Bunun səbəblərinə gəlməzdən əvvəl, oxucularımızı H.Böyükfıratın kimliyi ilə yaxından tanış edək.
Qeyd edək ki, Hüseyn Böyükfırat əslən Türkiyənin yeddinci ən böyük bölgəsi olan Şanlıurfadandır.  Milliyyətçə kürd olsa da, Türkiyədə ülküçülərə yaxın bir şəxs kimi tanınır. Azərbaycanda 90-cı illərin ortalarından biznes fəaliyyəti ilə məşğuldur. Özünün dediyinə görə, “bir tələbə kimi gəldiyi Bakıda böyük iş adamı olmağı bacarıb”.
Əslində isə, onun əvvəlcə Almaniyanın plastik pəncərə-qapı istehsalı ilə məşğul olan “Thyssen Krupp” şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri kimi çalışdığı bildirilir. Daha sonra bir müddət Türkiyənin məşhur İHH xeyriyyə cəmiyyətinin Azərbaycan nümayəndəliyinin rəhbəri olaraq fəaliyyət göstərib.
Yeri gəlmişkən, Türkiyənin dövlət siyasətinə dəstək verən İHH xeyriyyə cəmiyyəti vaxtilə Şimali Qafqazda çeçen mücahidlərinə yaxından dəstək verib. Həmçinin, Hüseyn Böyükfıratın da bu cəmiyyətin rəhbəri olduğu dönəmdə Azərbaycandakı çeçenlərlə sıx münaisbətlər qurduğu haqda bilgilər var.
Sonralar Azərbaycan dövlətinin Türkiyənin iş adamlarına qayğısı nəticəsində Hüseyn Böyükfırat “Böyükfırat” restoranlar şəbəkəsini böyütməyə başladı. Hansı ki, iş adamı bu günlərdə Bakıda 9-cu restoranının açılışını edib...
Şübhəsiz, H.Böyükfıratın biznes şəbəkəsini böyütməsində onun Azərbaycandakı əlaqələri də az rol oynamayıb. Bəzi məlumatlara əsasən, o, Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı ilə çox yaxın münasibətdədir. Görünür, elə bu səbəbdən də bəzi hallarda Azərbaycanda siyasi proseslərə müdaxilə etməkdən belə, çəkinməyib. Təsadüfi deyil ki, bu cür qanunsuz fəaliyyəti nəticəsində H.Böyükfırat vaxtilə Azərbaycanda arzuolunmaz şəxs hesab olunub və 2000-ci ilin əvvəllərində ölkədən uzaqlaşdırılıb. Amma yenə də məhz Azərbaycandakı bağlı olduğu şəbəkənin dəstəyi ilə 2016-cı ilin noyabr ayında Azərbaycana girişinə və fəaliyyətinə qoyulan qadağalar aradan qaldırılıb.
Yuxarıda qeyd etdiyimiz tədbirdə də, FOTO-dan da göründüyü kimi, Tənzilə Rüstəmxanlı ilə yanaşı oturan Hüseyn Böyükfıratın iştirakı diqqətimizi cəlb etmişdi. Ən azı ona görə ki, Azərbaycan diasporunu parçalamağa xidmət edən bir tədbirdə Türkiyə vətəndaşı olan H.Böyükfıratın iştirakı qanunla yolverilməzdir. Çünki, Azərbaycan qanunlarına əsaəsn, o, ölkəmizdə heç bir siyasi fəaliyyətlə məşğul ola bilməz. Cənab Böyükfırat isə nəinki siyasi fəaliyyətlə məşğul olmağı, hətta dövlət maraqlarına qarşı çıxamğı belə gözə alır.
Ən önəmlisi isə, H.Böyükfıratın Azərbaycanda bəzi media qurumlarını himayə etdiyi və onlara hər ay külli miqdarda vəsait xərclədiyi haqda da bilgilər var.
Xatırladaq ki, vaxtilə mətbuat onun Azərbaycanda nəşr olunan “Mənəvi Saflığa Dəvət” jurnalına sponsorluq etdiyi üçün MTN tərəfindən təzyiq olunduğunu yazırdı. Hazırda isə iş adamının bir necə gün əvvəl Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsi tərəfindən saxlanılan “Yeniçağ” saytının baş redaktoru Aqil Ələsgərlə yaxın əlaqədə olduğu iddia edilir. Deyilənə görə, sözügedən sayt məhz Hüseyn Böyükfıratın maliyyə dəstəyi ilə fəaliyyət göstərir.
Əlbəttə, biz türk və ya kürd olmasından asılı olmayaraq, istənilən xarici iş adamına Azərbaycanda sərbəst biznes şəraiti yaradılmasının tərəfdarıyıq. Amma, hətta qardaş Türkiyə Cümhuriyyətinin vətəndaşı olsa belə, hər bir xarici iş adamı Azərbaycan qanunlarına hörmətlə yanaşmağa borcludur!

Muxalifet.az