Adam öldürdü, qardaşı cinayəti üzərinə götürdü

Baxış sayı:
553

Bakı Ağır Cinayətlər Məhkəməsində uşaqlıq dostunu öldürməkdə təqsirləndirilən 1979-cu il təvəllüdlü Elman Ağasıyevə hökm oxunub.

Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Əlövsət Abbasovun icraatında olan prosesdə dövlət ittihamçısı çıxış edərək E.Ağasıyevin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Mərhum Eldəniz Dadaşovun həyat yoldaşı Gülçinar Mütəllimova cəzanın az olduğunu deyib: "O mənim iki balamı yetim qoydu. Ən ağır cəzanın verilməsini istəyirəm. Ömürlük, ən azı 18 il cəza verilsin".

E.Ağasıyev son sözündə peşman olmadığını deyib.

Məhkəmə kollegiyasının hökmü ilə E. Ağasıyev 13 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə 2018-ci il iyunun 11-də Quba rayonunun Zərdabi kəndində baş verib

Belə ki, bir müddət əvvəl E.Ağasıyevin həyətindən plastik boru oğurlanıb. Bu məsələyə görə onun Eldənizlə mübahisəsi düşüb. Hadisə günü Eldəniz küçə ilə gedərkən Elmanın evinin qarşısında olanda üstünə it cumub və o, iti söyüb. Bu zaman həyətdə olan Elman söyüşü eşidib və Eldənizin onu boru məsələsinə görə söydüyünü zənn edib. Evdən bıçaq götürərək çölə çıxıb və mübahisə edərək onu bıçaqlayıb. E.Dadaşov xəstəxanaya yerləşdirilib və 3 gün sonra vəfat edib. Öncə Elmanın əvvəllər həbsdə olan qardaşı cinayəti üzərinə götürüb, istintaq zamanı isə qətlin kimin tərəfindən törədildiyi aşkar olunub. Bundan sonra E.Ağasıyev saxlanılaraq həbs olunub.