Aclıq qorxusu ilə keçirilən sosial etirazlar...

Sosial etirazların paytaxt Bakıya sıçraması yalnız zaman məsələsidir

Aclıq qorxusu olduğu yerdə insanoğlunu heç bir həbs, güc tətbiqi, ölümlə təhdid etmək, qorxutmaq mümkün deyil

Artıq vətəndaş hansısa siyasi qüvvənin hakimiyyətə gəlmək maraqlarını deyil, öz ailəsini, öz qalasını qorumaq uğrunda mübarizə aparır
İnsanları küçələrə çıxaran iqtisadi böhranın sorumlusu xalq deyil, hakimiyyətdir

Ölkədə manatın ikinci kəskin devalvasiyasından sonra sosial etirazlar başlayıb. Hələlik ilk olaraq etirazlar dalğası Siyəzən, Lənkəran, Füzuli, Ağcabədi və Ağsuda özünü göstərdi. Və bu prosesin davamlı olacağı gözlənilir. Niyə?
Ona görə ki, devalvasiyanın gətirdiyi bahalaşma, mövcud əmək haqlarının dəyərsizləşməsi artıq hər bir ailənin büdcəsini təhlükə qarşısında qoydu. Bu isə sabaha inamsızlıq, aclıq qorxusu təhdidi altında insanları küçələrə çıxardı.
Etirazlar yalnız və yalnız sosial tələblər formasında özünü göstərir. Və hər hansı siyasi çalarlar hiss olunmur. Əslində bu, normal ictimai təpki olaraq dəyərləndirilməlidir. Çünki insanlar hazırlıqsız olaraq bu sosial-iqtisadi fəlakətlə yaxalandılar.
Cəmiyyətin böyük əksəriyyətinin banklarda girov qalması və bu yöndə hakimiyyətin xalqa yönəlik heç bir ciddi addım atmaması və əsasən bankların mənafeyinin müdafiə olunması onsuz da ağır olan vəziyyəti bir az da ağırlaşdırdı.
Başqa tərəfdən xalqın bir gecədə cibində və yastıq altında qoruyub saxladığı ehtiyatlar 2 devalvasiyadan sonra 100 faiz dəyərdən düşdü. Bunun müqabilində bütün ərzaq qiymətləri qalxdı. Üst-üstə gələn bütün bu xoşagəlməz hadisələr cəmiyyətdə şok effekti yaratdı.
Hakimiyyətdən mövcud duruma adekvat addımların atılmasını gözləyən xalq bunu real həyatda görmədikcə təbii ki, insanlarda sabahkı günlərə güvənsizlik, bir aclıq xofu yaratdı. Bu isə aclığın özündən qorxulu bir hissdir.
Aclıq qorxusu təbii ehtiyac hissi, insanın qabaqlayıcı psixoloji reaksiyası olmaqla yanaşı, həm də bir məsuliyyət hissi əlaqəlidir. Çünki hər bir ata, ailə başçısı övladlarının sabahından, təhcizatından sorumlu olduğu üçün bu cür sosial təpkilər verməsi təbii olduğu kimi, həm də normaldır. Ona görə də insanların sosial etirazlarla küçələrə çıxmasını hakimiyyət normal qarşılamalı və bu hadisələr iqtidar üçün ciddi islahat xarakterli addımlar atması üçün stimul olmalıdır. Nəzərə alınmalıdır ki, insanları küçələrə çıxaran iqtisadi böhranın sorumlusu xalq deyil, hakimiyyətdir. Ona görə də öz eybinə kor olmaq, xalqı cazalandırmaq əvəzinə dövlət öz övladlarını deyil, öz babalığını sorğulamalıdır.
Ancaq regionlardan gələn xəbərlər bunun əksini göstərir. Hakimiyyət sosial etirazları güclə yatırtmaq yolunu və yenidən cəmiyyət üzərində xof yaratmaq taktikasını seçdiyini ortaya qoyur. Bu taktikanın tərəfdarlarının kimlər olmasından asılı olmayaraq bunun yanlış bir yol olduğu birmənalıdır. Ola bilsin əvvəlki etiraz mitinqlərində bu taktika effekt versin, amma indiki halda bu taktika tərs təpə bilər. Çünki etirazların mahiyyət və məqsədləri fərqlidir.
Siyasi və digər yönlü etirazlarda aktiv vətəndaşlar bunu özləri üçün bir vətəndaşlıq borcu hiss etdiklərinə görə bu cür aksiyalara qatılır və müəyyən güc tətbiqi, yaxud həbs təhlükəsi qarşısında geri çəkilə də bilir. Yəni qorxu, özünü qoruma instinkti sayəsində mövcud status-kvo ilə razılaşa bilir. Ən azından ailəsinin yeyəcəkləri və müəyyən təminatı olduğu üçün içindəki etirazları daha münbit bir mühitə qədər ertələyə bilir.
Amma aclıq qorxusu ilə keçirilən sosial etirazlarda isə mənəvi-psixoloji vəziyyət tamamilə fərqlidir. Artıq bu halda vətəndaş hansısa siyasi qüvvənin hakimiyyətə gəlmək maraqlarını deyil, öz ailəsini, öz qalasını qorumaq uğrunda mübarizə aparır. Doğrudur, indiki durumda bu etirazları mübarizə olaraq da dəyərləndirmək çətindir. Çünki hədəf hakimiyyət deyil, indiki halda iqtidara qarşı hər hansı siyasi iddialar ortaya qoyulmur. Sadəcə xalq küçələrə çıxmaqla etiraz səslərinin məmurların ürkək səsi ilə hakimiyyət başçısına çatdırılmasını deyil, öz aclıq qorxusu ilə bağlı hayqırtılarının çatdırılmasını istəyir. Bu da ona görədir ki, artıq insanlar hakimiyyət məmurlarına güvənmir.
Ayrıca bir ciddi amili də nəzərə almaq lazımdır ki, “aclıq ölümlə bərabərdir” deyirlər. Aclıq qorxusu olduğu yerdə insanoğlunu heç bir həbs, güc tətbiqi, ölümlə təhdid etmək, qorxutmaq mümkün deyil. Biz bunu Füzuli rayonundakı sosial etirazlarda iştirak edən insanların davranışları ilə bağlı gələn xəbər və fotolarda da gördük. Fotolorda açıqca hiss olununur ki, insanlar güc orqanları nümayəndələrinin qarşısında qorxub dağılışmaq əvəzinə, hamı bir nəfər kimi yerə oturaraq özünü və ailəsinin gələcəyini taleyin hökmünə buraxmağı tərcih edir. Bu nə anlama gəlir?
Bu o anlama gəlir ki, insanlar artıq son həddə gəldikləri üçün qorxu hissini geridə buraxmış və hər cür olacağa hazır vəziyyətə gəlmişlər. Bu isə çox təhlükəli psixoloji vəziyyətdir. Çünki hər bir canlının çıxılmaz vəziyyətdə hansı addımlar atacağını heç cür kəsdirmək olmur. Məhz buna görə dağıdıcı olmayan, sakit tərzdə keçirilən etirazlara, tələblərə zor gücü ilə deyil, anlayışlı yanaşma olmalıdır. Xalq dinlənilməli və onların aclıq qorxusu gidərilməli, hakimiyyətin atacağı addımlar insanlara anladılmalıdır.
Güc tətbiqi əvəzinə hakimiyyət qısamüddətli effektli addımlar atmalıdır ki, insanlar taleyin hökmü ilə baş-başa qalmadıqlarını anlasınlar, dövlətə güvənsinlər. Bu yöndə bəzi regionlarda unun bir kisəsinin qiymətinin 28 manatdan 22 manatadək endirilməsini qısamüddətli olsa da effektli addım kimi dəyərləndirmək olar. Bu cür addımları yerli cücə və yumurta istehsalı müəssisələrində də etmək olar ki, ən azından insanlar müəyyən qədər də olsa yüngüllük, çıxış yolu görsünlər. Tək olmadıqlarını, dövlətin onlara sahib çıxdığını hiss etsinlər.
Yoxsa ki, Ağsudakı xalq etirazlarında rayon icra başçısının bütün məsuliyyəti mərkəzi hakimiyyətin üzərinə atmaqla problemlərin məsuliyyətindən qaçması həll yolu deyil. Üstəlik bir dövlət adamına ilk kritik vəziyyətdə dövləti “baqaja” qoymaq yaraşmaz. Ona görə də ali icra hakimiyyəti bu cür təsadüfi insanları təyin etməmişdən öncə iki dəfə düşünməli, onun bu dövlət postuna nə qədər yararlı olduğunu, ümumiyyətlə dövlətçiliklə bağlı hər hansı bir anlayışa sahib olub-olmadığını, mənəvi-əxlaqi durumunu araşdırmalıdır. Çünki hər bir başçı prezidentin yerlərdə nümayəndəsi sayılır və onu təmsil edirlər. Onların hər hansı bir davranışı, hər bir sözü eynən prezidenti təmsil edər. Ona görə də hər bir yerli başçı bütün məsələlərdə sorumlu davranmalı, dövlətə yaraşan səviyyədə onu təmsil etməli, sözçüsü olmalı və problemlərlə bağlı çözüm ortaya qoymağı bacarmalıdır. Buna rəğmən Ağsu icra başçısı etirazçıların nümayəndələriliylə görüşmək əvəzinə, buna ehtiyac duymur və vəziyyətin respublika xarakterli olduğunu əhaliyə mesaj olaraq göndərir.
Belə bir davranışa nə ad qoymaq olar? Guya xalqın nümayəndələri neftin qiymətinin düşməsinin qlobal xarakterli olduğunu, bunun təsirinin ölkə iqtisadiyyatına da ciddi təsir etdiyini bilmir? Sadəcə xalq bu etirazlarla sabahkı gününə bir təminat almaq, onları aclığın gözləmədiyinə inanmaq istəyir. Ona görə də yerdə prezidentin təmsilçisi ilə görüşmək və onun dilindən bəzi ümidverici açıqlamalar eşitmək istəyirlər. Bu, hakimiyyət iyerarxiyasında prosedur gərəyidir. Daha bundan ötrü Bakıya Prezident Administrasiyasının qarşısına gələcək deyillər ki? Bu elementar gerçəyi anlamayan bir başçının o məsuliyyət kreslosunda nə işi var, bunu kimsə açıqlarmı?
Bu deyilənlər hələlik kənd rayonlarında müşahidə olunur. Yəni sosial etirazların ilk olaraq rayonlardan başlaması əslində heç də təəccüblü deyil. Çünki rayonlarda paytaxta nisbətən durum daha da acınacaqlıdır. İş yerləri məhdudur, aylıq qazanclar yaşayış minimumun bəzən altında olur. Kəndlərdə bəzən maliyyə vəsaiti olmadığı üçün məhsullar barter üsulu ilə dəyişdirilir və beləliklə də keçim saxlanılır.
Ayrıca Rusiyadan kənd rayonlarına göndərilən pul köçürmələrinin də sayı artıq minimuma endiyindən əksər ailələr çox çətin durumla qarşı-qarşıyadırlar. Ancaq bu etirazların paytaxt Bakıya sirayət etməyəcəyini düşünmək də doğru olmazdı. Çünki paytaxtda rayonlara nisbətdə iş imkanı daha yüksək, əmək haqları da daha müqabildir. Ona görə də paytaxtda yaşayan ailələrin devalvasiya və bahalaşmadan sonra bir müddət keçinə bilmələri üçün müəyyən miqdarda büdcələri mövcuddur. Ancaq tezliklə bahalaşmanın bu büdcəni də yeyib-bitirəcəyi gerçəkdir. Bu səbəbdən, sosial etirazların paytaxt Bakıya sıçraması da yalnız zaman məsələsidir. Bakının daha sakit, anlayışlı, itidallı müvəqqəti davranışlarına etibar etmək olmaz. Ona görə də hakimiyyətin təxirəsalınmaz addımlar atması zərurəti var.
Əlbəttə, hakimiyyətin bu iqtisadi böhranla bağlı heç nə etmədiyini də iddia etmək olmaz. Prezident səviyyəsində müəyyən göstərişlərin verildiyi bəllidir. Və bəzi islahat xarakterli kompleks tədbirlərin görülməsinə göstərişlərin verildiyi son Nazirlər Kabinetinin iclasında da görsəndi. Ancaq bunlar uzaq perspektivə dayalı tədbirlərdir və bunların indiki oliqarxik məmur ordusuyla gərəyincə yerinə yetiriləcəyi də şübhə altındadır. Çünki indiki vəziyyəti yaradan məhz bu məmurlardır. Keçiriləcək islahatların taleyini də yenidən onlara tapşırmaq nə qədər uğur vəd edə bilər ölkəyə?
Axı ortada bir gerçək var ki, ölkənin ən böyük şirkət və istehsal müəssisələri, iqtisadi mexanizmlər məhz bu məmurların himayəsindədir. Məhz bunun nəticəsidir ki, ökə iqtisadiyyatında monopoliya mövcuddur. Və bunun sayəsində bütün məhsulların qiyməti digər ölkələrlə nisbətdə ən azı 2 dəfə yüksəkdir. Bu isə o deməkdir ki, məmurların cibləri 2 dəfə artıq dolarkən sadə insanların büdcəsi 2 dəfə artıq yanğına məruz qalır.
Doğrudur, monopoliyanın aradan qaldırılması yönündə ölkə prezidentinin konkret göstəriş verdiyi bəllidir. Amma gələn informasiyalar bunun əksini ortaya qoyur və bəlli olur ki, hələ də gömrükdə monopoliyanın aradan qaldırılmasına əngəllər yaradanlar mövcuddur. Və bu cür əngəllər mövcud olduqca alternativ mənbələrdən yenə də idxal əməliyyatlarının qarşısı alınacaq, nəticədə bazardakı bolluq birtərəfli olduğu üçün yenə də qiymətlər monopolist tərəfindən diktə olunacaq. Bu isə bazarda bahalığın hökmran olacağı deməkdir.
Ölkədə liberal iqtisadi mühitin yaradılması paralel olaraq siyasi islahatlardan, eyni zamanda ciddi kadr dəyişiklikləri ilə müşayiət olunmalıdır. Çünki insan amili hər şeyin üzərindədir. Ən mükəmməl bir dövlət proqramı belə subyektiv amil yararsız olduğu sürəcə işləməyəcək, məqsədlərinə çatmayacaq. Ona görə də islahat bu məmurlar ordusu ilə deyil, daha çevik, dinamik, təşəbbüskar, yeniliklərə açıq və meylli kadrlarla həyata keçirilməlidir. Bu dövlət hakimiyyətində, cəmiyyətdə yeni ruh dəyişikliyi, fərqli mühit və çevik hökümət modeli demək olardı. Belə olarsa, təbii insanlarımızda da gələcəyə inam yaranar və buna uyğun davranış ortaya qoyular.
Amid Həsənov