Aclıq etdiyi iddia olunan məhbusların bəzilərinin yeri dəyişdirilib?

Baxış sayı:
6193

Həbsdə aclıq etdiyi iddia olunan məhbuslardan Elçin İsmayıllı və Əhsən Nuruzadənin yerinin dəyişdirildiyi bildirilib.

Siyasi Məhbusları Müdafiə Mərkəzinin koordinatoru Oqtay Gülalıyev deyib ki, 13 saylı çəzaçəkmə müəssisəsində saxlanan İlkin Rüstəmzadə, Əhsən Nuruzadə, Bayram Məmmədov, Elçin İsmayıllı, eləcə də digər həbsxanada olan Qiyas İbrahim "8-ci gündür ki, aclıq edirlər".

Həbsdə olan video bloqçu Mehman Hüseynov ona qarşı irəli sürülən yeni ittihama etiraz olaraq aclıq aksiyası keçirdiyini bəyan etmişdi.

Keçmiş ictimai-siyasi fəal olan bəzi məhbuslar da ona dəstək olaraq aclıq aksiyası keçirdiklərini bəyan edib. Penitensiar Xidmət isə nə Mehman Hüseynovun, nə də adı çəkilən digər məhbusların aksiya keçirdiyini təsdiqləyib.

Qurumdan bildirilib ki, "şənbə günü Elçin İsmayıllı və Əhsən Nuruzadə başqa-başqa cəzaçəkmə müəssisələrinə aparılıblar. Əhsən Nuruzadə 6 saylı həbsxanaya, Elçin ismayıllı isə 17 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb".

Penitensiar Xidmətin sözçüsü Mehman Sadıqov bildirib ki, Cəzaların İcrası Məcəlləsinə görə, məhkumun yerinin dəyişdirilməsi, hansı cəzaçəkmə müəssisəsində saxlanması və onun cəzaçəkməsi ilə əlaqədar hər hansı məlumat yalnız məhkumun öz icazəsi, razılığı ilə verilə bilər və ona görə də məhkumların başqa həbsxanaya köçürülüb-köçülürmədiyi və bunun səbəbləri ilə bağlı BBC News Azərbaycancanın suallarını cavablandırmayıb.

"Bu, birgə aclıq aksiyası keçirmələrinin qarşısını almaq üçündür"

"Onların köçürülməsi birgə aclıq aksiyası keçirmələrinin qarşısını almaq, mübarizədən yayındırmaq üçündür. Digər məhbuslar barədə hansı addımlar atılacağı bəlli deyil, amma onların da təzyiqlərlə üzləşəcəyi gözlənir", Oqtay Gülalıyev deyib.

Onun sözlərinə görə, Qırmızı Xaç Komitəsi aclıq aksiyası keçirənlərə baş çəkib və onların digər dustaqlardan ayrı, həkim nəzarəti altında aclıq aksiyası keçirməsini məsləhət görüb.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı ofisi BBC News Azərbaycancaya bunu nə təsdiq, nə də təkzib edib.

"Dedilər ki, digər məhbusları soyuqda saxlayacaqlar"

Həbsdə olan Qiyas İbrahimin anası Şura Əmiraslanova BBC News Azərbaycancaya şikayətlənib ki, oğluna aclıq aksiyası keçirdiyi üçün təzyiq olunub.

"Qiyas zəng edib dedi ki, yanvarın 16-dan aclığa başlayıb, amma ərizəsini ayın 19-da qəbul ediblər. Qiyas dedi ki, buna kimi isə onu aclığı dayandırmadığı təqdirdə digər məhbusları soyuqda saxlamaqla hədələyiblər.

Görüblər ki, geri çəkilmir, axırda rəis ərizəsini qəbul edib", Qiyas İbrahimin anası Şura Əmiraslanova bildirib.

O bildirib ki, oğlunun səhhəti indi yaxşıdır, amma hələ ki, ona heç bir həkim baş çəkməyib.

Şura Əmiraslanova oğlundan aclıq aksiyasını dayandırmasını istəyib, amma o, bununla razılaşmayıb, anası bildirib.

"Heç bir məhkum aclıq etmir"

Penitensiar Xidmətin sözçüsü Mehman Sadıqov yerli və beynəlxalq hüquq müdafiə təşkilatlarının "siyasi məhbus" hesab etdiyi şəxslərin "aclıq askiyası keçirmədiyini" deyib.

"Məhkumun yerdəyişməsi ilə bağlı məlumatı biz nə təkzib, nə şərh edirik. Eyni zamanda biz bəyan etmişik ki, Penitensiar Xidmətin tabeçiliyində olan müəssisələrdə heç bir məhkum və yaxud həbs edilmiş şəxs aclıq etmir", Mehman Sadıqov bildirib.

Vəkil hələ də cavab gözlədiyini deyir

İlkin Rüstəmzadə və Əhsən Nuruzadənin vəkili Fariz Namazlı hələ ki, müdafiə etdiyi şəxslərlə görüşə bilməyib. O, BBC News Azərbaycancaya deyib ki, görüş üçün müraciət edib.

"Cəzaçəkmə müəssisələri vəkillərdən tələb edir ki, Penitensiar Xidmətə müraciət olunsun və o məktub əsasında vəkil gedib müdafiə etdiyi şəxslə görüşsün. Görüşməyə icazə ilə bağlı məktub göndərmişəm, amma hələ cavab gəlməyib", vəkil Fariz Namazlı bildirib.

Onun sözlərinə görə, Əhsən Nuruzadənin ailəsi vəkilə deyib ki, oğulları 6 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb.

Cənab Namazlı Əhsən Nuruzadə ilə 6 saylı cəzaçəkmə müəssisəsində görüşmək üçün daha bir məktub yazdığını deyib.

Mehman Hüseynov və digər fəallar niyə həbsdədirlər?

Video bloqçu Mehman Hüseynov azadlığa çıxmağına iki ay qalmış yeni ittihamla üzləşib: o, həbsxana işçisinə xəsarət yetirməkdə ittiham olunur.

Mehman Hüseynov bu ittihama etiraz edib və aclıq aksiyasına başlayıb, vəkilləri bildiriblər. Vəkilləri onu da deyiblər ki, video bloqçu mədəsindəki ağrılara görə süd və süd məhsulları qəbul edir, ancaq aksiyasını dayandırmayıb, Penitensiar Xidmət isə Mehman Hüseynovun aclıq aksiyasını tamamilə dayandırdığını iddia edir.

Bundan əvvəl bir neçə fəal Mehman Hüseynova dəstək olaraq Müsavat Partiyasının qərargahında aclıq aksiyasına başlayıb. Onlar həbsdə olan siyasi fəalların bəzilərinə qarşı yeni ittihamların irəli sürülməsinə etiraz edirlər.

Qiyas İbrahim və Bayram Məmmədov 2016-cı ildə narkotik maddələrin dövriyyəsində ittiham edilib və hər ikisinə 10 il həbs cəzası verilib. Onların mərhum prezident Heydər Əliyevin heykəli üzərinə cızılmış qraffiti ilə əlaqədar saxlandığı iddia olunub.

"Müsəlman Birliyi" Hərəkatının koordinatoru Əhsən Nuruzadə 2017-ci ildə qanunsuz narkotik dövriyyəsi ittihamı ilə həbs edilib və 7 il azadlıqdan məhrum edilib.

Jurnalist Elçin İsmayıllı 2017-ci ildə həbs edilib və 9 il həbs cəzası verilib. O, İsmayıllı rayonunda vəzifəli şəxslərdən haqqında rüsvayedici məlumat yaymaq hədəsi ilə pul tələb etməkdə ittiham olunur.

İlkin Rüstəmzadə 2013-cü ildə həbs olunub. O, xuliqanlıq maddəsi ilə ittiham edilərək 8 il həbs cəzasına məhkum edilib.

Bu məhbuslar onlara verilən ittihamları qəbul etmirlər, həbslərini ictimai-siyasi fəaliyyətləri ilə əlaqələndirirlər. Beynəlxalq hüquq müdafiə təşkilatları onları "siyasi məhbus" kimi tanıyıb.

Mehman Hüseynov polisə böhtan atmaqda təqsirləndirərək 2017-ci ilin martın 3-də iki il müddətinə həbs edilib. O, bu ittihamı rədd edir. Mehman Hüseynov həbs müddətinin bitməsinə az qalmış ona qarşı açılan yeni ittihamlara etiraz edərək aclıq aksiyası keçirdiyini bəyan edib. Penitensiar Xidmət onun aclıq aksiyası keçirdiyini təkzib edərək bildirib ki, Azərbaycanda heç kim, o cümlədən Mheman Hüseynov ictimai-siyasi fəaliyyətə görə təqib olunmur./BBC