"Aclığın fəsadları daha çox oldu" - TOFİQ YAQUBLU

Baxış sayı:
3291

Cümə günü ev dustaqlığına buraxılan Tofiq Yaqublu aclıq aksiyasının çox ağır keçdiyini desə də, hazırda təhlükənin olmadığını bildirir.
O, BBC News Azərbaycancaya planları barədə danışaraq, deyib ki, hazırda müalicə olunur və vəziyyətin necə inkişaf edəcəyi məhkəmənin "gedişatından sonra bilinər".
Tofiq Yaqublu məhkəmə hökmünə etiraz olaraq, dünənə kimi 17 gün ərzində keçirdiyi aclıq aksiyasını həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsindən sonra dayandırıb. "Apellyasiya məhkəməsinin qərarı elan olunandan sonra sistem vurulmasına razı olmuşam, ona qədər nəinki yeməkdən, tibbi yardımdan da imtina etmişdim. İndi həkimin məsləhəti ilə qidalanıram," - Tofiq Yaqublu deyir.
 
"Evdən çıxası deyiləm"
 
"Baxmayaraq ki, mən əvvəllər də aclıq aksiyası keçirmişəm, amma bu dəfə çox ağır keçdi. Həm yaşımla bağlı, həm əməliyyat olunmuşdum, həm həbsxana, təcridxana şəraitinə görə dəhşətli dərəcədə ağır keçirdim. Fəsadları daha çox oldu".
Tofiq Yaqublu deyib ki, "mənim bu halda bərpam üçün hələ bir-iki həftə vaxt lazımdır. Heç yana çıxası da deyiləm".
 
Qarşıda nə gözləyir?
 
Onun sözlərinə görə, hazırda başı qonaqlara qarışıb və vəziyyət məhkəmədən sonra bilinəcək.
"Dostlar, tanışlar, qohumlar gəlir. Məhkəmənin gedişatından sonra bilinər vəziyyət necə olacaq, - Tofiq Yaqublu deyir.
"Həbs qətimkan tədbirinin dəyişdirilməsi vəsatəti təmin olunub və əgər məhkəmə birinci instansiya Nizami rayon məhkəməsinin 4 il 3 ay azadlıqdan məhrum etmə qərarını qüvvədə saxlasa məni yenidən həbs edib göndərəcəklər həbsxanaya. Mən mümkün hüquqi variantları deyirəm və ya həbslə bağlı şərti bir cəza verə bilərlər, ya azalda bilərlər. Amma Azərbaycanda hüquq adına bir şey yoxdur".
Müxalifət təmsilçisi Tofiq Yaqublu xuliqanlıqda ittiham olunur və ona 4 il 3 ay həbs cəzası verilib. O, həbsinin siyasi motivli olduğunu deyir. Azərbaycan hökuməti siyasi motivli həbslər barədə iddiaları dəfələrlə rədd edib.