ABUTALIBOV YENƏ “SÜRÜŞDÜ” – Günah rəhmətlikdə imiş…

Baxış sayı:
763

Eldar Əzizov sabiq meri necə inandırıb?

Badamdarda baş verən sürüşmə bizim məmurların özlərinin də nə qədər “sürüşkən” olduğunu bir daha ortaya qoydu. Ancaq son 2-3 gündə sürüşmənin səbəbləri, buradakı tikililərin tarixçəsi, onların qanuniliyi və s. barədə nə qədər qarışıq və bir-birini təkzib edən fikirlər səsləndirsələr də, torpaq öz işindədir, sürüşməyində davam edir…

Şəhərə uzun müdət rəhbərlik etmiş Hacıbala Abutalıbovun və hazırda rəhbərlik edən Eldar Əzizovun sürüşmənin ilk günündə hadisə yerində söylədiklərini yada salmaq istərdik. H.Abutalıbov: “Onu tikənlər də bilirdilər ki, bura sürüşmə zonasıdır, amma yenə tikirdilər. İki gün öncə tikilən divar var burada. Bakı Şəhər İcra Hakimiyyəti və Səbail Rayon İcra Hakimiyyətinə göstəriş vermişəm ki, qanunsuz tikililər sökülsün. Heç birinin sənədi yoxdur…”

Göründüyü kimi, sabiq merin dediyinə görə, ərazidə son günlərə qədər inşaat işləri aparılıb. Bakı Şəhər İcra Hakimiyyətinin yaydığı son rəsmi açıqlamada isə deyilir ki, ərazidəki tikililər ötən əsrin 90-cı illərində(!) tikilib. Yaxşı, biz kimə inanaq, Abutalıbovun hadisə yerinə gəlib də, öz dərin mənalı gözləri ilə gördüyünə və dilə gətirdiyinə, yoxsa rəsmi açıqlamaya?

Və bundan az sonra yeni açıqlama verən Abutalıbov deyir ki, bəli, hamısı 90-cı illərdə tikilib: “Eldar Əzizovun mənə verdiyi məlumata görə, həmin evlər 1990-cı ildə inşa olunmuş tikililərdir”. Yaxşı, dünən dediyin nədir, bu gün dediyin nə? Deyəsən, Hacıbala müəllim artıq öz gözlərinə də inanmamağa başlayıb… Ya da E.Əzizov onu gözlərinə yox, rəsmi açıqlamaya inanmağa inandıra bilib… Bax belə edirlər ki, Abutalıbov Tolstoyun son günlərindən danışır: “Elə edin ki, məni dahi Lev Tolstoyun ömrünün axırıncı illərindəki vəziyyətə salmayasınız. Düzdür, Tolstoy ömrünün sonunu tənhalıqla başa vurdu. Amma bir şeyi də yaddan çıxarmayın ki, mən hər şeyə dözənəm. Çünki tənhalıq özü də xoşbəxtlikdir”.

q

Bu cür açıqlamalar verən, dünən gözüylə gördüyünü bu gün danan adamın baş nazirin müavini olduğu bir ölkədə yazıq torpaq sürüşməsin, neyləsin?

Burada daha bir maraqlı məqam icra hakimiyyətinin bütün məsuliyyəti 90-cı illərin “boynuna atmasıdır”. Deməli burada 3 ehtimal yaranır:

1. Bu tikililər sovet hakimiyəti dövründə inşa olunub. Həmin dövrdə yaşayanlar isə yaxşı bilirlər ki, o vaxt bu cür tikintiləri həyata keçirmək mümkün deyildi və heç kəs o torpaqları hərraca çıxarıb sata bilməzdi.

2. Bu tikililər 1992-1995-ci illərdə inşa olunub. Bu da inandırıcı deyil. Dağlıq Qarabağda döyüşlər gedən və neft pullarının hələ ölkəyə ayaq açmadığı illərdə həmin ərazi ilə çətin ki, kimsə maraqlanaydı.

3. 1995-2000-ci illər. Böyük ehtimalla Bakı Şəhər İcra Hakimiyyətinin rəsmi açıqlamasında məhz bu illər nəzərdə tutulur. Xatırladaq ki, həmin illərdə Bakının meri mərhum Rafael Allahverdiyev olub. Vəssalam, “günahkar tapıldı”- atdılar rəhmətliyin üstünə…

Elə Abutalıbov da son açıqlamasında and-aman edib ki, o torpaqları mən satmamışam. Ancaq burada haşiyə olaraq, bir oxucumuzun redaksiyamıza göndərdiyi məlumatı qeyd etmək istərdik: “Torpaqlar sərəncamla və sərəncamsız satılıblar. Hərəsinin öz qiyməti olub. Sərəncamsız torpaq satışını əvvəlcə Sədaqət Məmmədova, sonra isə Hacıbala Abutalıbovun anasının xalası nəvələri Qafar Əhmədovla Əli Əsgərov həyata keçiriblər. Bunlardan birincisi Qanunsuz Tikililərlə mübarizə, ikincisi isə Ərazi İdarəetmə Orqanları ilə İş şöbəsinə rəhbərlik ediblər. Hər ikisi milyonların içərisində üzürlər…”

trend_badamdar_surushme_121018_121018_14

Doğrusu, şərh vermək çətindir və bilmək olmur kimə inanasan, dünən dediyini bu gün təkzib edən məmura, yoxsa oxucuya…

Burada daha bir məqam sürüşmənin səbəblərilə bağlıdır. Abutalıbov ilk açıqlamasında dedi ki, sürüşmənin səbəbi kanalizasiya sularıdır. Əzizov isə təkidlə bildirdi ki, yox, bu sadəcə təbii fəlakətdir. İndi də komissiyanın ilkin rəyində deyilir ki, səbəb sudur. Yəni ki, hərənin ağzından bir avaz gəlir, buna nə qulaq dözər, nə torpaq.

Hər necə olsa, torpaq sürüşməkdə davam edir, hələ bəlkə sürüşmə Badamdarın digər hissələrini də əhatə edəcək. Doğrusu, bir tərəfdən torpağı bu sürüşkənliyinə görə qınamalı da deyil. Çünki Badamdardakı evlərin hamısı olmasa da, bahalı villalardan ibarət böyük əksəriyyəti bu millətin boğazından kəsilən, oğurlanan, yağmalanan, rüşvətlə əldə olunan sərvətlər, pullar hesabına tikilib. Görünür, artıq torpaq da bu haramçılığı götürə bilmir…