ABSURD CƏRİMƏ TƏLƏBİ: Yük avtomobili ölkəyə 1 il gec qaytarıldı, maşının yarı pulunu istəyirlər

Baxış sayı:
6010

Natiq Axundov: “Müvəqqəti ixrac gömrük prosedurunun tələbləri pozulub”

Ərşad Hüseynov: “Bu qədər cərimənin olması anormallıqdır”

Azərbaycan vətəndaşına məxsus “Shacman” markalı yük nəqliyyat vasitəsi bir neçə gündür ki, “Qırmızı Körpü” sərhəd-keçid məntəqəsində saxlanılır. Bu haqda redaksiyamıza məlumat verən maşını baş etibarnamə ilə idarə edən sürücü deyir ki, ondan yüksək məbləğdə vəsait tələb olunur. Səbəb isə odur ki, nəqliyyat vasitəsi verilmiş müddətdən çox Gürcüstanda qalıb. Ancaq gömrük əməkdaşları nəqliyyat vasitəsinin Gürcüstanda təmirdə olmasını nəzərə almadan, bu cəriməni tələb edirlər.
Maraqlıdır ki, nəqliyyat vasitəsinə verilmiş müddətdən artıq Gürcüstanda qaldığı üçün bu qədər cərimənin tətbiq olunması nə dərəcədə doğrudur? Və yaxud bunun hüquqi əsası varmı?
Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinin mətbuat Xidmətinin rəhbəri Natiq Axundov “Hürriyyət”ə bildirib ki, sözügedən “Shacman” markalı yük nəqliyyat vasitəsi 13.10.2016-cı il tarixində Tovuz Gömrük İdarəsində bəyannamə tərtib edilməklə, Gürcüstan Respublikasının vətəndaşı tərəfindən mal qismində Gürcüstan Respublikasına aparılıb: “Nəqliyyat vasitəsinə verilmiş müddət 13.10.2017-ci il tarixində bitməsinə baxmayaraq geri gətirilməmiş və bununla da müvəqqəti ixrac gömrük prosedurunun tələbləri pozulub. Beləliklə nəqliyyat vasitəsini verilmiş müddət ərzində geri gətirilmədiyinə görə onu aparan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsi ilə nəqliyyat vasitəsinin dəyərinin 20 %-dən 50 %-ə kimi cərimə  olunmaqla inzibati məsuliyyətə cəlb olunmalıdır”.
 “Digesta” hüquq firmasının rəhbəri, nəqliyyat məsələləri üzrə eksprt Ərşad Hüseynov isə “Hürriyyət”ə dedi ki, İnzibati Xətalar Məcəlləsinə bu məcəllə salınıbsa, deməli, qərar qanunidir: “Ancaq həmin şəxs maşını daimi duracaqda, ya təmir müəssisənin bazasında, onun həyətində təmirə qoyduğu texnika kimi arayış ala bilərsə, yəni maşın təmirlə əlaqədar orada qalıb. Məhkəmədə o sənəd təqdim edilməklə, rəsmi qaydada problemin həlli hakimin qərarı ilə ola bilər. Yəni hakim bu töycünü götürə bilər. Amma ustanın həyətində saxlayıbsa, onda tətbiq olunan qərar hüquqi yetərlidir”.

Əgər maşın rəsmi təmir yerində olubsa, oradan arayış alsınlar”

“Qanunda 20 %-dən 50 %-ə qədər cərimənin olması nə dərəcədə doğrudur? Konkret bir rəqəm müəyyən olunması doğru deyildimi” sualına Ə. Hüseynov belə cavab verdi: “O cərimə sanksiyasıdır. Milli Məclisdə belə təklif olunub, belə də qəbul olunub. Heç kim buna don geyindirə bilməz. 20 %-dən 50 %-ə kimi cərimə müəyyən ediblər. Əgər maşın rəsmi təmir yerində olubsa, oradan arayış alsınlar, bunu məhkəməyə təqdim etsinlər. Və yaxud məhkəmə artıq baş tutubsa, apellyasiya şikayəti versinlər. Apellyasiya şikayətinin müddəti bitibsə, onda yenidən sübut və dəlilin əlavə edilməsi ilə əlaqədar  yenidən məhkəmə baxışına nail olsunlar, məhkəmə baxışının müddəti bərpa edilsin, sübut edilsin ki, belə bir sənəd var. Yəni “maşın bizdən aslı olmadan orada qalıb. Maşını yerimədiyi üçün gətirə bilməmişik. “Shacman” böyük maşındır. Vaqonda və yaxud kiminsə kuzasuna qoyub, gətirə bilməzdim. Ona görə, bu maşını gətirə bilmədim. Onu “buksirovat” etməyə icazə vermədilər və maşın orada qaldı”. Belə bir sənəd də əldə etsin”.

“Gərək, ictimai təşkilatlardan kimsə ictimai vəkalətlə Milli Məclis qarşısında çıxış etsin”

“Cərimə yükünün bu qədər çox olması anormallıq deyilmi” sualına gəlincə, ekspert dedi ki, “Dediyim kimi, bu, bizdən, sizdən və yaxud hakimdən asılı deyil. O İnzibati Xətalar Məcəlləsinə düzəliş üçün Milli Məclisə təqdim olunub. Milli Məclisdə də “ağıllılarımız” onu qəbul ediblər. 100 faiz desələr, 100, 200 faiz desələr, 200 olacaqdı. Təqdimat edən belə edib, onlar da onu belə təsdiq ediblər. Əlbəttə, bu qədər cərimənin olması anormallıqdır. Ona görə, gərək, ictimai təşkilatlardan kimsə ictimai vəkalətlə Milli Məclis qarşısında çıxış etsin, konkret faktlar gətirsin. “Bu boyda sanksiya olmaz. Sərhəd bunu tutub saxlayır, bu qədər bizim üzərimizə toycü qoyur”,-desin. Əlbəttə ki, bunu mübahisələndirmək məhkəmənin və qeyri-tərəfin işi deyil. Bunu Mili Məcilis qəbul edib, deputatlarla danışınlar, müzakirəyə çıxartsınlar və deputatlar bunu azaltsın. Ancaq həmin şəxs dediyim o iki sənədi əldə etsin. Birincisi, maşın rəsmi hansı təmir müəssisəsinin həyətində olub, hansı “nakladnoy”la təmirə qoyulub. İkincisi də QAİ o maşının “buksirovat” edilərək dəmir yoluna gətirilməsi üçün icazə verməyib.  Ya dəmir yolundan, ya da onların QAİ-sindən belə bir sənəd alsınlar. Bu həmin məbləğin götürülməsi üçün əsas səbəb olacaq. Əgər məhkəməyə müraciət olunmayıbsa, vaxtı gedə bilər. Ancaq yeni sübutun ortaya çıxması ilə əlaqədar məhkəmənin keçirilmiş müddəti bərpa edilə bilər və iş məhkəmə baxışına qaytarıla bilər”.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 499-cu maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə cərimələr tətbiq olunur:
499.1.1. on beş günədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya qaytarılmasına görə fiziki şəxslər yüz əlli manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir;
499.1.2. on beş gündən bir ayadək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir;
499.1.3. bir aydan üç ayadək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə fiziki şəxslər beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir;
499.1.4. üç aydan bir ilədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə inzibati xətanın bilavasitə obyekti olan mallar və (və ya) nəqliyyat vasitələrinin dəyərinin iyirmi faizindən əlli faizinədək məbləğdə cərimə edilir;
499.1.5. bir ildən artıq müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə inzibati xətanın bilavasitə obyekti olan mallar və (və ya) nəqliyyat vasitələrinin dəyərinin əlli faizindən yetmiş faizinədək məbləğdə cərimə edilir.
499.2. Aparılması və ya qaytarılması məcburi olan əvvəllər gətirilmiş və ya aparılmış mallar və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmamasına və ya bu əraziyə qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan mallar və ya nəqliyyat vasitələri müsadirə edilir, yaxud vətəndaşlar həmin malların və ya nəqliyyat vasitələrinin dəyərinin yetmiş faizindən yüz faizinədək məbləğdə cərimə edilir, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər həmin malların və ya nəqliyyat vasitələrinin dəyərinin yetmiş faizindən yüz faizinədək məbləğdə cərimə edilir və ya Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılır.

Şamo EMİN

P.S Bu tip absurd məcələlərin ictimailəşdirilməsi  lazımdır ki,  insanlar “Shacman” markalı yük nəqliyyat vasitəsinin sahibi kimi gömrük orqanları tərəfindən yüksək məbləğdə cərimə tələbi ilə üzləşməsinlər.