​Abşeron sakininin müstəntiq barədə iddiaları təsdiqini tapmadı – DİN-dən Muxalifet.az-ın yazısına REAKSİYA

Baxış sayı:
482

DİN Mətbuat Xidmətinin şöbə rəisi İlham Babayev: “Abı Əsədovun müstəntiq barədə iddiaları öz hərəkətlərindən diqqəti yayındırmaq cəhdidir”

“Muxalifət.az saytında Abşeron rayonunun Aşağı Güzdək qəsəbə sakini Abı Əsədovun Rayon Polis İdarəsinin müstəntiqi tərəfindən qonşusuna xəsarət yetirmə maddəsi ilə saxta və qondarma cinayət işi başlamaq istəməsi, ona məxsus torpağın zorla əlindən alınmasına cəhd göstərilməsi barədə səsləndirdiyi fikirlərin əsası yoxdur və həqiqəti əks etdirmir”.
Muxalifet.az xəbər verir ki, bu haqda DİN Mətbuat Xidmətinin şöbə rəisi İlham Babayev açıqlama verib.
Onun sözlərinə görə, Abı Əsədovun müstəntiq barədə iddiaları diqqəti öz qanunsuz hərəkətlərindən yayındırmaq cəhdidir:
“İyulun 18-də DİN-in 102 Xidmətinə zəng edən həmin qəsəbə sakini Şamo Dostəliyev Abı Əsədov tərəfindən döyülməsini bildirmişdir. RPİ-yə xəstəxanadan verilən məlumatda Ş.Dostəliyevə qapalı kəllə beyin travması, kürək nahiyəsinin küt travması xəsarəti yetirilməsi bildirilmişdir. Faktla bağlı Abşeron RPİ-də Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanmışdır. Aparılan araşdırmalar zamanı Şamonun və anası Firəngizin Abı Əsədov və oğlu Kürdoğlu tərəfindən taxta parçası ilə döyülmələri, qonşuların gözü qarşısında təhqir edilmələri müəyyən edildikdən sonra, sentyabrın 7-də cinayət işi Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq)  maddəsinə tövsif edilib.
Abı Əsədovun müstəntiq barədə iddiaları öz hərəkətlərindən diqqəti yayındırmaq cəhdidir”.

Muxalifet.az