ABŞ YAXIN ŞƏRQİ TƏRK EDİR?

Baxış sayı:
5800

Zərdüşt Əlizadə: “Mən Trampın bəyanatına inanmıram”
 
“Amerika strateji məqsədinə çatmayınca, Yaxın Şərqdən çıxmayacaq”
 
“Yaxın zamanda Suriyadan çəkiləcəyik. Suriya ilə bir az da başqaları maraqlansın. Suriyada olmağımızın tək səbəbi İŞİD idi. Məqsədimizə nail olduq”.
ABŞ prezidenti Donald Trampın bu açıqlamasından sonra isə yeni bir bəyanatı yayılıb. Məlumata görə, Donald Tramp Xarici İşlər Nazirliyinə YPG terror təşkilatının nəzarət etdiyi ərazilərin yenidən qurulması üçün ayrılan 200 milyon dollarlıq yardımı dayandırıb.
Bu da onu göstərir ki, yardımın dayandırılması barədə qərar Trampın ABŞ ordusunun Suriyadan çəkiləcəyinə dair çıxışına paralel olaraq verilib.
Xatırladaq ki, ABŞ prezidenti ötən ilin noyabrında Suriyada İŞİD-lə mübarizə çərçivəsində dəstəklədikləri qruplara 500 milyon dollar yardım ayrılması barədə qərar qəbul etmişdi. Bunun 200 milyonunun isə YPG-yə (PKK terror təşkilatının Suriya qanadı olan PYD-nin silahlı gücü – red.) çatdırılması nəzərdə tutulurdu.
Trampın “yaxın zamanda Suriyadan çəkiləcəyik” bəyanatının ardınca isə Fransanın kürd silahlılarına kömək məqsədi ilə Suriyanın Münbiç bölgəsinə ordu göndərməyi qərara aldığı xəbəri yayılsa da, Fransa Suriya ilə bağlı yeni bir açıqlama verdi. Fransanın Prezident Sarayından verilən açıqlamada deyilir: “Suriyanın şimalında yeni hərbi əməliyyat aparmaq planımız yoxdur”.
Amma bəyanatda Suriyanın şimal-şərqində İŞİD-in yenidən güclənməsi təhlükəsinin olduğu da bildirilir.
 
“ABŞ Suriyadan çıxmayacaq”
 
ABŞ Prezidenti Donald Trampın açıqlaması ilə bağlı politoloq Zərdüşt Əlizadə Hurriyyet.org-a bildirdi ki, o, Trampın bəyantına inanmır: “Ümumiyyətlə, ABŞ Əfqanıstandan, İraqdan çıxacaqları barədə dəfələrlə deyib, amma çıxmayıb. Suriyadan da çıxmayacaqlar. Onların Suriyada qalmalarının səbəbi türk ordusundan qorxmaları deyil. Sadəcə, orada onların sona yetməmiş müəyyən bir vəzifələri var. O vəzifələri də terrorizmlə mübarizə bəhanəsilə bölgəni nəzarətdə saxlamaqdır və nəticədə Suriyada yalnız Amerikaya tabe olan bir “oyuncaq” hökumət qurmaqdır. Ondan sonrakı vacib məsələ isə bölgədə İsrail ilə yanaşı, daha bir “oyuncaq”, Amerikaya sadiq “Kürdüstan dövləti” qurmaqdır. Bu “Kürdüstan dövlətini” qurmaq üçün İraq, Suriya, Türkiyə, ola bilsin İranın da ərazi bütövlüyü dağılmalıdır. Ona görə də Amerika strateji məqsədinə çatmayınca, Yaxın Şərqdən çıxmayacaq. O söz xatirinə deyilmiş bir açıqlamadır. Hələ Barak Obama ikinci dəfə prezident seçilməzdən əvvəl demişdi ki, İraqdan Amerika qoşunlarını çıxardacaq. Hələ də İraqda Amerika qoşunları var, çıxmayıb”.
 
“Düşünmürəm ki, Fransa çoxsaylı kontingenti Suriyaya göndərsin”
 
Fransanın kürd silahlılarına kömək məqsədi ilə Suriyanın Münbiç bölgəsinə ordu göndərməyi qərara alması ilə bağlı xəbərə gəlincə, politoloq dedi ki, indinin özündə də Suriyada Fransa hərbi qüvvələri var: “Fransa aviasiyası hətta Suriyanı bombaladı da. Ancaq düşünmürəm ki, Fransa çoxsaylı kontingenti Suriyaya göndərsin. Çünki Fransanın hərbi, maliyyə gücü yoxdur. Həm də Makronun siyasi vəziyyəti elə deyil ki, belə bir addım atsın. Fransa özünün əbədi müstəmləkələrində, yəni şimal-qərbi Afrikada qoşunlarını saxlayır. Amma çətin ki, Suriyaya qoşun yeritsin. Ciddi yanaşmıram”./Hurriyyet.org