ABŞ vətəndaşının Bakıdakı sürücüsü niyə həbs olundu? - ŞOK İDDİA

Baxış sayı:
8644

Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Tovuz sakini ibtidai istintaq zamanı törətdiyi cinayəti etiraf etsə də, məhkəmədə günahsız olduğunu iddia edib. O, dəmir barmaqlıqlar arxasına düşməsinin səbəbini ABŞ vətəndaşı olan Vladimir Qroysda görüb.

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan Tovuz rayon sakini, 43 yaşlı Elşən Məhərrəmovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Virtualaz.org-un xəbərinə görə, Elşən Məhərrəmov istintaqa məlum olmayan mənbədən satış məqsədilə külli miqdarda narkotik vasitə əldə edib.

Ötən il noyabrın 5-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı E.Məhərrəmov saxlanılıb. Üzərinə baxış keçirilərkən şalvarının cibindən iki bükümdə, ümumilikdə çəkisi 3,752 qram heroin aşkarlanaraq götürülüb.

Törətdiyi əmələ görə, E.Məhərrəmova Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə (külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi) ittiham irəli sürülüb və Nərimanov rayon məhkəməsi tərəfindən barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

İbtidai istintaq zamanı E.Məhərrəmov ona elan olunmuş ittihamla özünü təqsili bilib. O, narkotik vasitəni saxlanılmamışdan bir gün öncə yaşadığı evin yaxınlığından tapdığını deyib: “Yerdən götürüb cibimə qoydum. Fikirləşdim ki, ürəyim istəyəndə istifadə edərəm. Heç kimə bu haqda heç nə demədim. Ertəsi gün mülki geyimli şəxslər mənə yaxınlaşıb polis əməkdaşı olduqlarını dedilər. Etiraz etmədim, narkotiki çıxarıb polis əməkdaşlarına verdim”.

Təqsirləndirilən Elşən Məhərrəmov məhkəmədə günahsız olduğunu, narkotik vasitə tapmadığını, bununla bağlı ibtidai istintaqa verdiyi ifadəsinin həqiqətə uyğun olmadığını deyib. İfadəsinə görə, şəxsi işləri ilə bağlı Yasamal rayonu, Mirəli Seyidov küçəsindəki 51 saylı binanın qarşısında dayanan zaman mülki geyimli şəxslərin ona yaxınlaşdığını və özləri ilə birgə “bandotdel”ə apardıqlarını göstərib: “Xidməti otaqlardan birində masanın üstünə qızılı rəngli kağızda narkotik vasitə qoyaraq tələb etdilər ki, həmin heroinin mənə məxsus olmasını boynuma alım. Bunu etməyəcəyim təqdirdə narkotikin çəkisini daha çox edəcəklərini dedilər. Psixoloji təzyiqlərdən ehtiyatlanıb boynuma aldım. İzahatımda göstərdim ki, guya narkotiki bir gün əvvəl yoldan tapmışam”.

E.Məhərrəmov ifadəsində saxlanılmasına ABŞ vətəndaşı Vladimir Qroysun səbəb olduğunu deyib: “Vladimir Qroys Yasamal rayonu, Mirəli Seyidov küçəsindəki “Art” otelində qalırdı. Şəxsi avtomobilimlə Qroysa xidmət göstərmişəm, sürücülük etmişəm. Onu polis orqanları narkotik vasitə ilə tutmuşdular. Məni isə guya Qroysla əlbir olmağıma görə saxladılar”.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şamil Əliyev məhkəmədə şahid qismində dindirilərkən məxfi mənbədən Tovuz rayonu, Əlimərdanlı kənd sakini Elşən Məhərrəmovun narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat daxil olduğunu deyib: “Məlumat Elşənin narkotiki üzərində gəzdirməsi ilə bağlı idi. Əməliyyat qrupuna mən rəhbərlik etmişəm. Ötən ilin noyabrında hal şahidlərinin iştirakı ilə Elşənin üzərinə baxış keçirildi. Özü heç bir müqavimət göstərmədən narkotik vasitəni təqdim etdi. İzahatında yazdı ki, narkotik vasitəni bir gün əvvəl yaşadığı evin yaxınlığından tapıb”.

Təqsirləndirilən şəxsin ABŞ vətəndaşı ilə bağlı söylədiklərinə gəlincə, əməliyyat müvəkkili bu barədə heç bir məlumatı olmadığını söyləyib: “Elşənə zor tətbiq edilməyib. Vladimir Qroys adlı ABŞ vətəndaşı haqda isə mənim heç bir məlumatım yoxdur”.

Əməliyyat tədbirində iştirak edən və məhkəmədə şahid qismində dindirilən digər əməliyyat müvəkkiləri – Emil Səfərov və Ramil Səlimov anoloji ifadələr veriblər.

Məhkəmənin hökmü ilə Elşən Məhərrəmovun əməli Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etmə və saxlama) maddəsinə tövsif edilib və barəsində 2 il cəza təyin olunub. Təqsirləndirilən şəxs hökmdən apellyasiya şikayəti verib. Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.