ABŞ vitse-prezidenti Azərbaycanda olmasa da... - Politoloq

ABŞ-ın vitse-prezidenti Mayk Pensin Cənubi Qafqaza səfəri əhəmiyyətli hadisədir. Səfərin marşrutu da maraqlıdır, vitse-prezident Estoniya, Gürcüstan və Monteneqroda olub.
 
Başqa sözlə, ABŞ-ın ali nümayəndəsi NATO üzvü olan, NATO-ya bu il daxil olmuş və NATO-ya üzv olmaq istəyini elan edən ölkələrə baş çəkib. Mən bunu əhəmiyyətli hesab edirəm.
Bu fikirləri Teleqraf.com-a ABŞ-ın vitse-prezidenti Mayk Pensin səfərini şərh edən siyasi təhlilçi Mehman Əliyev söyləyib.
Mehman Əliyev deyib ki, vitse-prezident səfərə Tallindən başlayıb: “Vaxtı ilə Tallində ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza mərkəz yaratmışdı və Şərqi Avropa üzrə təhqiqatlar aparılırdı. Estoniyanın burada xüsusi rolu var. Gürcüstan və Monteneqro isə açıq qərbyönlü siyasət aparır. Bu səfər həm də Vaşinqtonun qərbyönlü siyasətə dəstəyi kimi anlaşıla bilər”.
Mütəxəssis deyib ki, əslində, ABŞ Cənubi Qafqazda aparıcı dövlətdir:
“Söhbət həm siyasi, həm də iqtisadi baxımdan gedir. Bəli, dünyanın aparıcı dövlətləri içərisində ABŞ Cənubi Qafqazda ən güclü rolu olan ölkədir. Hesab edirəm ki, regionda onun rolu Rusiyadan daha güclüdür.
Fikrimcə, zamanla ABŞ-ın rolu, təsiri və imkanları güclənir. Məncə, bu siyasət davam edəcək”.
Mehman Əliyev deyib ki, postsovet məkanına Rusiyanın təsirini danmaq olmaz:
“Lakin bu, ABŞ-ın təsiri qədər deyil”.
Mehman Əliyev hesab edir ki, Mayk Pensin Gürcüstana səfəri Azərbaycan üçün də əhəmiyyət daşıyır:
“Bu, ilk növbədə göstərir ki, Amerikanın regiona diqqəti və marağı var. ABŞ-ın vitse-prezidenti Azərbaycanda olmasa da, regiona gəlməsi və proseslərə dəstəyini ifadə etməsi dolayı yolla Azərbaycana da dəstəkdir”.