ABŞ VƏ RUSİYA POST-SOVET MƏKANINI BÖLƏ BİLMİR?

Baxış sayı:
3409

İlqar Vəlizadə: "Vaşinqton istəsə belə, keçmiş sovet ölkələrini Kremlin tam təsirindən çıxarmağa müvəffəq olmayacaq"
 
"Üçüncü Dünya Müharibəsinin başlaması Ağ Evin və Moskvanın maraqlarına cavab vermir"
 
ABŞ və Rusiya arasında münasibətlər hər ötən gün bir qədər də gərginləşir. Belə ki, artıq tərəflər həm Suriyada, həm də postsovet məkanında üz-üzə gələrək, biri digərini zərərsizləşdirmək, maraqlarını təmin etmək məqsədiylə konkret hərəkətə keçməyi planlaşdırır. Məhz bu mövqedən çıxış edən rusiyalı politoloq Qriqori Trofimçuk hesab edir ki, əgər belə davam edərsə, o zaman tezliklə dünya müharibəsinin bütün formalarına bənzər şəkildə postsovet məkanının bölüşdürülməsi uğrunda müharibə olacaq.
"Ümumi böyük müharibə üçün ilkin şərt olaraq hərbi baxımdan bərabər olan dünya mərkəzləri olmalıdır. Ona görə də gələcək böyük hadisələrə hazırlaşmaq lazımdır" deyən Trofimçukun sözlərinə görə, ilk növbədə bu hazırlığa Avrasiya meydanında olan ölkələr başlamalıdırlar: "Əgər Suriyadakı situasiya tam olaraq qeyri-stabilləşsə, mənfi kütlə Qafqaz-Xəzər-Türküstan xəttinə qalxacaq. Üstəlik, kiçik olmayan Ukrayna da hər zaman bu prosesləri "dəstəkləməyə" hazırdır. Cənubi Qafqaz bu kontekstdə stabilliyə, xüsusən də istənilən an alovlana bilən Qarabağda stabilliyə ümid etməməlidir. Buna görə, Azərbaycan da daxil olmaqla, heç kim düşünməməlidir ki, sanksiyalar təkcə Rusiyaya təsir edəcək. Rusiya sadəcə olaraq postsovet və Avrasiya məkanına rahat giriş imkanıdır. Əgər gözəl günlərin birində Rusiya üçün düzəlməsi mümkün olmayacaq bir şey baş versə, onunla eyni anda həm opponentləri, həm də dostları olan qonşuları müdafiələrini itirəcəklər. Ona görə Qərb sanksiyalarının təsiri tezliklə onların üzərində də müşahidə ediləcək, lakin bu təsir Rusiya və onunla iqtisadi əlaqələr ucbatından baş verməyəcək".
Onun fikrincə, ABŞ bütün postsovet məkanındakı oliqarxları öz sərvətlərindən məhrum etməyə çalışacaq: "Sanksiyalara gəlincə isə mən əvvəldən bu məsələyə kinayə ilə yanaşmağın tərəfdarı deyildim. Ölkənin aparıcı şirkətlərinə sanksiya zərbəsindən sonra bu, demək olar ki, hər kəsə aydın oldu. Heç nəyi dəyişmək mümkün deyil. Baş verənlərin nəticələrini 2013-cü illərin payızında – Ukraynadakı böhranla anlamaq lazım idi. Məncə, ABŞ mərhələli şəkildə postsovet məkanındakı bütün aparıcı biznesmenlərdən pullarını alacaq. Sovet aktivlərinin satışından əldə etdikləri xəzinəni çox az şəxs qoruyub saxlaya biləcək. Tarixdə hər zaman belə olub. Rusiya iqtisadiyyatı kifayət qədər güclü xəsarət alıb, amma əsas məsələ onun hansı yolla bərpa olmaq istəyidir. Əgər burada yanlış metod seçilsə, o zaman yuxarıda qeyd etdiyim proseslər güclənəcək". 
Məsələ ilə bağlı mövqeyini öyrəndiyimiz politoloq İlqar Vəlizadə isə hesab edir ki, son dövrlər bir çox siyasi ekspertlər ABŞ-la Rusiya arasında savaşın, dolayısıyla Üçüncü Dünya Müharibəsinin başlayacağı ilə bağlı proqnozlar versələr də bu, Ağ Evin və Kremlin maraqlarına cavab vermir: "Hətta vaxtilə soyuq müharibə zamanında da belə bir ehtimallar səslənirdi. Bildirilirdi ki, soyuq müharibə sonda daha ciddi xarakter alaraq növbəti dünya savaşına səbəb ola bilər. Təbii ki, bu ehtimallar hansısa əsaslara söykənir. Lakin onu da qeyd etmək lazımdır ki, bu cür proqnozlarda praqmatik maraqlar da var. Həmin praqmatik maraqlar onu göstərir ki, bu gün Rusiya, o cümlədən ABŞ Üçüncü Dünya Müharibəsinin başlamasını istəməz. Çünki bütün hallarda bu, hər iki tərəf üçün daha çox fəsadlar verəcək".
Hazırda ABŞ-la Rusiya arasında ikinci soyuq müharibənin getdiyini və bunun elementlərinin aydın şəkildə göründüyünü deyən politoloqun sözlərinə görə, indiki şəraitdə Vaşinqton Moskvanı məhz sanksiyalarla geri çəkilməyə vadar etməyə çalışır: "Birinci soyuq müharibə dönəmində də SSRİ-yə qarşı sanksiyalar, müxtəlif iqtisadi təzyiqlərdən istifadə olunub və bu, sonda öz bəhrəsini verib. Belə ki, son nəticə etibarı ilə sovet ittifaqı müharibəsiz-filansız dağıldı. Çox güman ki, indi Rusiya ilə mübarizədə məhz həmin təcrübədən bəhrələnərək Kremli zərərsizləşdirməyə, Rusiyanı zəiflətməyə çalışırlar. Yəni bunu müharibəsiz, yalnız iqtisadi sanksiyalarla da etmək olar". 
İlqar Vəlizadənin fikrincə, ABŞ-ın, eləcə də bir sıra Qərb dövlətlərinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların Azərbaycana təsiri olduqca minimaldır: "Çünki Azərbaycan iqtisadiyyatı ABŞ, Qərb iqtisadiyyatı ilə o qədər də inteqrasiya olunmayıb. Yalnız neft-qaz sahəsidir ki, biz iqtisadiyyatın bu növündə Qərblə əməkdaşlıq edirik. Burada isə Rusiya şirkətləri yoxdur. Bu səbəbdən də Kremlə tətbiq olunan sanksiyalar bizə təsir etməyəcək. Düşünürəm ki, Qərbin sanksiyaları Rusiya ilə nisbətən sıx münasibətdə olan digər postsovet ölkələrinə öz təsirini daha çox göstərəcək. Ümumiyyətlə, ABŞ istəsə belə, keçmiş sovet ölkələrini Rusiyanın tam təsirindən çıxarmağa müvəffəq olmayacaq. Bunu etmək mümkün deyil. Çünki Rusiya ilə müxtəlif əlaqələr mövcuddur. İnsanların da bir-biri ilə sıx əlaqələri var. Yəni həm iqtisadi, həm humanitar, həm də digər sahələrdə postsovet ölkələri ilə Rusiya arasında bağlılıq var. Bir sözlə, keçmiş sovet dövlətlərinin Rusiyadan, onun da həmin ölkələrdən asılılığı var. Odur ki, nə qədər də çalışsalar bu münasibətləri heçə endirmək mümkün olmayacaq. Bütün bunları nəzərə alaraq, deyə bilərəm ki, Ağ Ev postsovet məkanı ilə bağlı məsələdə Kremllə ortaq məxrəcə gələcək, müəyyən balans yaranacaq".