"ABŞ və Rusiya əlaqələr yaxşılaşmayınca Qarabağ münaqişəsi həll olmayacaq" – Metyu Brayza

"Ermənistan Azərbaycan torpaqlarını işğal edib"
 
"ABŞ və Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllinə öz töhfəsini verməyincə onun həlli perspektivlərini görmürəm".
Bunu ekspert, ATƏT-in Minsk qrupunun keçmiş həmsədri Metyu Brayza jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, ABŞ və Rusiya bu məsələni diqqət mərkəzində saxlamalıdırlar: "Həmsədrlər regiona gələ, görüşlər keçirə bilərlər, amma ABŞ və Rusiya arasında əlaqələr yaxşılaşmayınca tərəqqi olmayacaq".
Özünün ATƏT-in Minsk qrupunun həmsədrli olduğu dövr ilə indiki dövrü müqayisə edən M.Brayza münaqişənin həllində irəliləyiş olduğu anın yaşandığını bildirib: "Çünki prezident Buş və preizdent Medvedev bu məsələyə əhəmiyyət verdirdi. İndi isə nəinki Qafqaz, ümumiyyətlə, bütün dünya üzrə konkret siyasət yürüdülmür".
Analitik ötən ilin aprel ayında olduğu kimi, münaqişə zonasında zorakılığın yenidən artmasının mümkünlüyü məsələsinə fikir bildirib: "Qarabağda hərbi əməliyyatlar Ermənistan və Azərbaycan rəhbərliyinin müvafiq qərar qəbul edəcəyi zaman baş verə bilər. Amma belə hərəkət ölkələrin maraqlarına uyğun deyil. Sadəcə, bölgədə ağır silahların olması aprel döyüşlərinin nəticələrinin yenidən təkrarlanmasına gətirib çıxara bilər".
M.Brayza Dağlıq Qarabağ münaqişəsini ümumilikdə regional əməkdaşlıq və təhlükəsizlik üçün maneə adlandırıb. "Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Onlar bu torpaqları azad etməlidirlər", - ATƏT-in Minsk qrupunun keçmiş həmsədri bildirib.