ABŞ və Rusiya Azərbaycanı niyə TƏHDİD EDİR? – Eks dövlət müşaviri AÇIQLADI

Baxış sayı:
13471

Azərbaycan hökumətinin Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ciddi işlər görməsinə baxmayaraq, nəticənin əldə olunmaması müəyyən sualların yaranmasına səbəb olub. Analitiklər hesab edir ki, münaqişənin həlli ilə məşğul olan konkret qurum yaradılmalıdır. Həmin qurum bütün fəaliyyətini münaqişənin həllinə yönəltməklə ciddi nəticələr əldə edə bilər. Ermənistanın Qarabağ problemi ilə bağlı dezinformasiyalarına vaxtında cavab verilməsində, düşmən dövlətdən əvvəl hərəkətə keçərək, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında və digər münaqişə ilə bağlı proseslərdə bu qurum önəmli rol oynaya bilər. Bundan əlavə, Qarabağ münaqişəsinin həllinin uzanmasından usanan Azərbaycan xalqının da hesabat tələb edə biləcək konkret ünvanı olacaq. Maraqlıdır, belə bir qurumun yaradılmasına ehtiyac varmı? Bu haqda sabiq dövlət müşaviri Qabil Hüseynli məsələ ilə bağlı Redaktor.az-a danışıb. Politoloq hesab edir ki, sırf Qarabağ məsələsi ilə məşğul olan yeni qurumun yaradılmasına ehtiyac yoxdur: “Çünki bu gün Qarabağ məsələsi ilə Xarici İşlər nazirliyi, Müdafiə nazirliyi və digər qurumlar məşğul olur. XİN-in fəaliyyətinin böyük hissəsi bu problemlə bağlıdır. Qaçqınlar və məcburi köçkünlərlə iş üzrə dövlət komitəsi ölkə üzrə məskunlaşan qaçqınların problemlərini həll etməklə yanaşı, Qarabağla bağlı məsələlərin həllinə də cəlb edilir. Xüsusilə Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması da bu işlə bağlı ciddi işlər görür. İcma həm ölkə, həm də beynəlxalq səviyyədə əhəmiyyətli işlərin həyata keçirilməsi ilə məşğuldur. Digər tərəfdən ictimai əsaslarla yaradılan təşkilatlar da var. Yəni bir sözlə, Qarabağ problemi ilə məşğul olmaq üçün kifayət qədər təşkilatlar var. Qurumların sayı yetərlidir. Əsas məsələ problemin həlli ilə bağlı beynəlxalq təşkilatlarda hücumçu mövqe tutmaqdır. Çünki beynəlxalq təşkilatların bir çoxu bu problemin həllinə çox ləng və etinasız yanaşır”. Q. Hüseynli vurğulayıb ki, Qarabağ məsələsində ordunun qüdrətinin daha da artırılmasına ehtiyac var: “Hazırda ordumuz regionun ən güclü ordusudur. Amma bununla yanaşı erməni işğalçılarının arxasında duran qüvvələrin də gücünü nəzərə almalıyıq. Ermənistanın təhlükəsizliyinin təminatçısı olan qüvvələr bu işlə ciddi surətdə məşğul olur. Bu gün Dağlıq Qarabağ probleminin həlli üçün Azərbaycanın hərbi qüdrəti yetərincədir. Hərbi əməliyyatlar başlasa, ölkəmiz ərazi bütövlüyünü çox qısa müddətdə təmin edə bilər. Amma hərbi əməliyyatların başlanmasına ABŞ, Rusiya başda olmaqla, beynəlxalq güclər ciddi surətdə maneçilik törədirlər. Hətta onlar Azərbaycanı təhdid də edirlər. Azərbaycan artıq Qarabağı həll edə biləcək inkişaf səviyyəsinə çatıb. Amma çox təəssüflər olsun ki, Minsk Qrupunun həmsədri postuna yiyələnmiş bir sıra dövlətlər, xüsusilə də Rusiya və Fransa bu məsələdə çox riyakar və ikiüzlü mövqe nümayiş etdirirlər. Bununla da problemin siyasi həllinə töhfə vermirlər. Məsələnin hərbi yolla həllinə isə manelər yaradırlar. Buna görə də problem öz yerində sayır”. Məsələyə münasibət bildirən Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, Prezidentin eks-köməkçisi, politoloq Eldar Namazov isə hesab edir ki, problemin həlli üçün belə qurumun yaradılmasına ciddi ehtiyac var: “Azərbaycan müharibə şəraitindədir və 20 % torpağımız işğal altındadır. Ancaq ölkəmizdə elə bir dövlət məmuru yoxdur ki, onun aldığı məvacib sırf Qarabağ münaqişəsinin həlli ilə bağlı olsun. Yəni bu sahədə işləri koordinasiya edən mexanizmlər hələ yaranmayıb. Bu sahə ilə məşğul olan, sırf bu sahəyə görə maaş alan məmur yoxdur. Torpaqları işğal edilən dövlətlərdə adətən üst qurum olur (Məsələn, Milli Təhlükəsizlik Şurası). Həmin qurumda həm hərbçilər, həm diplomatlar, həm də informasiya sahəsində çalışan insanlar təmsil olunur. Yəni bu qurumda diplomatların təklifləri hərbçilər tərəfindən nəzərdən keçirilir, informasiya sahəsində olan materiallar da hərbçilər və diplomatlar tərəfindən dəyərləndirilir. Bu qurum Azərbaycanda yoxdur. Bizdə Milli Təhlükəsizlik Şurası 2-3 aydan bir toplaşaraq, iclas keçirir, amma obu iclaslar heç bir nəticə vermir. Milli Təhlükəsizlik Şurasının aparat kimi güclü bir qurum olaraq yaradılmasına obyektiv və subyektiv səbəblərdən ehtiyac duyulmursa, başqa təcrübədən yararlanmaq olar. Başqa dövlətlərdə bu sahəyə cavabdeh ya xüsusi ayrılmış nazir, ya da baş nazirin müavini olur. Təəssüf ki, bizdə hələlik həm Qarabağla bağlı siyasətimizi, həm də daha böyük geopolitik layihələrimizi işləyib-hazırlayıb reallaşdırmağa cavabdeh olan qurumlar formalaşmayıb. Biz əslində bundan başlamalıyıq”. E. Namazov vurğulayıb ki, əvvəlcə institusional addımlar atılmalıdır: “Burada professional kadrlar lazımdır”.