ABŞ-ın Türkiyəyə qarşı “S-400” BƏHANƏSİ

Baxış sayı:
4882

Vaşinqtonun məqsədi qardaş ölkənin böyük gücə çevrilməsinə əngəl olmaqdır
ABŞ hökuməti Türkiyəyə Rusiya “S-400″ zenit-raket komplekslərindən imtina etməsi üçün iki həftə vaxt verib.

Bildirilir ki, Ankara iki həftə ərzində Moskva ilə sövdələşməni pozmalı və Amerikanın “Patriot” raket əleyhinə müdafiə sistemlərini almalıdır. Əks təqdirdə ABŞ Türkiyəni “F-35″ proqramından çıxaracaq.
Amerika Türkiyəni vəd olunmuş yüzlərlə qırıcıdan məhrum etməklə yanaşı, ona qarşı sanksiyalar tətbiq etməklə də hədələyib. Eyni zamanda qeyd olunur ki, bu, NATO tərəfindən də reaksiyaya səbəb ola bilər.
CNBC telekanalının yaydığı məlumatda bu müddətin uzadılmasının mümkün olmadığı mesajı da verilib.
Bildiyimiz kimi, ABŞ Konqresi də Türkiyəni Rusiyanın “S-400” zenit-raket komplekslərini almasından daşındırmaq üçün bir neçə gün öncə qətnamə qəbul edib. “The New York Times”ın yazdığına görə, Nümayəndələr Palatasından olan demokratlar və respublikaçı konqresmenlər Ankaranı Moskva ilə sövdələşmədən imtina etməyə çağırıb. Qəbul olunmuş tövsiyə xarakterli qətnamədə Nümayəndələr Palatasının üzvləri Rəcəb Təyyub Ərdoğanı ABŞ-Türkiyə tərəfdaşlığına və Türkiyənin NATO-dakı roluna ziyan vura biləcək Moskva ilə hərbi əməkdaşlığa son qoymağa səsləyib.
ABŞ hökumətinin Türkiyəyə “S-400″ zenit-raket komplekslərindən imtina etməsi üçün iki həftə vaxt verməsi həqiqətən ciddi məsələdir. Amma iki həftədən sonra Amerikanın Türkiyə ilə bağlı hərəkətə keçməsi də sual doğurur. Çünki artıq iki ilə yaxınlaşır ki, bu məsələ Ankara ilə Vaşinqton arasında gərginlik yaradıb, Amerika ancaq Türkiyəni təhdid edir, konkret bir addım ata bilmir. Bu baxımdan, Vaşqintonun iki həftədən sonra da hansısa ciddi addım atacağı ehtimalı yoxdur. Çünki Amerika üçün Türkiyə vacib strateji əhəmiyyət daşıyır.
Nəzərə alsaq ki, bu cür təhdidlərdən sonra Vaşinqtonun yüksək çinli rəsmiləri dəfələrlə Türkiyə ilə Amerikanın bir-biri üçün vacib əhəmiyyət daşıdığını, strateji əhəmiyyətli ölkə olduqlarını vurğulayıb. O baxımdan, iki həftədən sonra da ciddi bir qərar veriləsi deyil. Yəni nə Türkiyə NATO-dan çıxarılasıdır, nə də Amerika üçün Türkiyəni İran kimi düşmən dövlət elan edəsidir. Amma Amerika “S-400”-dən imtina etmək üçün qardaş ölkənin iqtisadiyyatına ciddi zərbə vuracaq ki, Türkiyəni düşmən elan etmədən onunla razılaşmağa məcbur etsın. Əslində, Türkiyə iqtisadiyyatına zərbə vurmaq özü də Amerikanın bu ölkəyə düşmən mövqeyidir. Bunun başqa adı ola bilməz. ABŞ rəsmilərinin Türkiyəni Amerika üçün vacib ölkə hesab etməsi onun dost olduğunu göstərmir. Məhz Amerika Ankaranın Rusiyadan “S-400” almasını ona görə istəmir ki, Türkiyə dünyada və regionda söz sahibi olan güclü dövlət olmasın.
Türkiyənin bu günkü dik duruşi təbii ki, Amerikanı qane edə bilməz, onlara sözə baxan Türkiyə lazımdır. Məhz bu baxımdan, Amerika rəsmiləri vacib ölkə deyə-deyə Türkiyəni öz əllərində saxlamaq istəyirlər. Hətta belə deyə bilərik ki, güclü Türkiyənin zəiflətmək üçün “S-400” bir bəhanədir.
Bütün bunlara rəğmən, artıq Türkiyə “S-400” Zenit-Raket Sistemi ilə bağlı təlim almaq üçün dünən Rusiyaya hərbçi göndərib.
Yeri gəlmişkən, Türkiyə ABŞ mənşəli 22 məhsul üçün gömrük vergisini də yarıya endirib. Qərar ABŞ-ın keçən həftə Türkiyənin polad və alüminium məhsullarına tətbiq etdiyi 50 faizlik əlavə vergini yarıya endirməsindən sonra verilib. Hər iki ölkə qarşılıqlı olaraq bir-birinin məhsullarına gömrük vergisini endirsə də, təəssüf ki, Türkiyəyə “S-400”-dən imtina etməsi üçün 2 həftə vaxt verilməsi ABŞ-Türkiyə münasibətlərini daha da gərginləşdirən nöqtəyə daşıyacaq.
Şamo EMİN, Hurriyyet.org