​ABŞ TÜRKİYƏYƏ NÖVBƏTİ TƏLƏ HAZIRLAYIB

Baxış sayı:
7534

Vaşinqton PKK-nın Suriya qolu olan PYD ilə əməkdaşlığa, ona dəstək verməyə davam edir; Bu isə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, beynəlxalq hüquq normalarına tamamilə ziddir

Bir neçə gün öncə ABŞ PKK terror təşkilatının 3 rəhbər şəxsinin başına pul mükafatı qoyub. Belə ki, bununla bağlı Türkiyə mediasında yayılan informasiyaya görə, Vaşinqton Murat Karayılanın başına 5 milyon, Cəmil Bayıka 4, Duran Kalkana isə 3 milyon dollar pul mükafatı təyin edib. Qeyd edək ki, Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy sözügedən məsələyə münasibət bildirərkən, rəsmi Ankaranın bunu müsbət qiymətləndirdiyini vurğulayıb.
"ABŞ Dövlət Departametinin PKK terror qruplaşmasının 3 dəstəbaşının kimliklərini və yerlərini təsbit edəcək məlumatların verilməsi qarşılığında pul mükafatı ayırmasını alqışlayırıq" deyən Aksoy ölkəsinin bu addımın terrorçu PKK, onun İraq və Suriyadakı qollarına qarşı mübarizə ilə dəstəklənməsini də gözlədiyini bəyan edib. Lakin məsələnin maraqlı tərəfi ondadır ki, AKP-li millət vəkili Mətin Külüng isə ABŞ-ın PKK terror təşkilatının 3 rəhbər şəxsinin başına pul mükafatı qoymasını Türkiyəyə qarşı növbəti bir tələ kimi dəyərləndirib. Vaşinqtonun bu addımını taktiki bir gediş olduğunu iddia edən türkiyəli millət vəkilinin sözlərinə görə, bunun arxasında qaranlıq və qorxulu məqamlar durur. O, hesab edir ki, ABŞ-ın məlum qərarından bir müddət sonra Murat Karayılan, Cəmil Bayık və Duran Kalkanın səsi İrandan gələ bilər: "Məgər Murad Karayılan 2011-ci ildə İrandan çıxmadımı? Onsuz da Qəndildəki təşkilatın heyəti qocaldı. Hamısı artıq çox şişiblər. Pulları da xaricdədir. Van, Erciş, Hakkari, Diyarbəkir, Şırnak bələdiyyələrindən oğurladıqları pullar bu terror təşkilatının Qəndildəki rəhbərlərinin xaricdəki bank hesablarındadır. İndi artıq aparat dəyişdirmələri lazımdır. Qəndilin bir əhəmiyyəti yoxdur artıq Amerika üçün. Hamısı Şengaldə, Hasekidə, Qamışlıdadır. Qəndil artıq çox harınladı, hərəkət belə etmirlər. Ona görə də bunların ləğv olması lazımdır. Onlar gedəndən sonra prosesi Suriya üzərindən aparacaqlar, PYD üzərindən idarə edəcəklər. PKK pis uşaqdır, PYD yaxşı uşaqdır. İŞİD də sənin əmrindədir. Əfqanıstanda İŞİD-çıları saxlayan kimdir? İpək yoluna qarşı İŞİD üzərindən əməliyyatlar aparıb, planlaşdıran kimdir? İndi bu üç dənə beyin bir gün eşidəcəksiniz ki, İrana getmişlər. Ondan sonra Amerika Xarici İşlər Nazirliyindən açıqlama veriləcək ki, Türkiyənin bu üç terror təşkilatı İrana sığındı. İranla aramızdakı münasibətlərin dondurulması və qarşıdurmaya çevrilməsi üçün zəmin hazırlığıdır bu. Diqqətli olun, tələyə düşməyin".
Nəzərinizə çatdıraq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da bu qənaətdədir. O hesab edir ki, ABŞ-ın 3 PKK liderinin başına mükafat qoyması PKK ilə PYD-nin fərqli təşkilatlar olması iddiasını qanuniləşdirmək üçün ortaya atılmış bir oyundur. Məhz elə buna görə də Ərdoğan Türkiyənin bu tələyə düşməyəcəyini vurğulayıb: "YPG ilə bağlı bəzi mövzularda əlaqəsizlik var. Bu mövzuda istər Mövlud bəyin, istərsə də müdafiə nazirimizin əlaqədar şəxslərlə görəcəkləri işlər bizi rahatladacaqdır".
Əslində, Ankaranın Vaşinqtonun sözügedən qərarına şübhə ilə yanaşmasına haqqı var. Çünki bu ilin sentyabr ayında ABŞ Dövlət Departamenti tərəfindən yayımlanan "Terrorizm 2017 Ölkələr Hesabatı"nın Türkiyə hissəsində PKK-nın Suriya qolu PYD/YPG ilə bağlı bölmə çıxarılıb. Halbuki ötən il hesabatda PYD/YPG terror təşkilatı kimi təqdim olunmuşdu. Bununla yanaşı, onu da qeyd etməliyik ki, ABŞ Dövlət Departamentinin sözçüsününü müavini Mark Toner təxminən, bir il öncə verdiyi açıqlamada ölkəsinin PYD-ni terrorçu təşkilat kimi tanımadığını bəyan edib. Hələ bu, azmış kimi, ABŞ-ın PYD-yə taktiki dəstək verdiyini də etiraf edib. Təbii ki, bütün bunlar bir daha onu təsdiqləyir ki, Vaşinqton PKK-nın Suriya qolu olan PYD-nin ayaqda durmasında əsas yardımçılardandır. Elə buna görə də Türkiyə Prezident Aparatının sözcüsü İbrahim Kalın PYD-yə olan dəstəyin terror təşkilatı PKK-ya verilən dəstək kimi başa düşüləcəyini bildirib: "PYD-YPG-yə olan dəstək birbaşa və ya dolayı olaraq terror təşkilatı PKK-ya verilən dəstəkdir. Bizim üçün "pis terror təşkilatı" və ya "yaxşı terror təşkilatı" deyə bir sinifləndirmə yoxdur. ABŞ-dan PYD-YPG ilə əlaqəsini tamamilə kəsməsini tələb edirik".
Yeri gəlmişkən, bir məqamı da vurğulamaq lazımdır ki, hələ iki il öncə yayılan məlumatlarda PYD-nin sıralarında çoxlu sayda ABŞ vətəndaşının olduğu, onların əksəriyyətinin isə Amerika ordusunda zabit olduqları bildirilib. Söz yox ki, bu fakt terror təşkilatı PKK-nın Suriya qolu olan PYD ilə ABŞ arasında əlaqələrin mövcudluğunun bariz sübutudur. Bu, həmçinin Amerikanın terrorla mübarizə ilə bağlı beynəlxalq hüquq normalarına aid BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini heçə saymaq deməkdir. Belə ki, BMT Təhlükəsizlik Şurasının 2001-ci ilin 28 sentyabr tarixli 4385-ci sessiyasında qəbul etdiyi 1373 saylı qərarında deyilir ki, terror aktları, hərəkətləri və metodları BMT-nin məqsəd və prinsiplərinə ziddir. O cümlədən, qeyd olunur ki, terror hərəkətlərinin maliyyələşdirilməsi, planlaşdırılması və təşviq edilməsi BMT-nin məqsəd və prinsiplərinə qarşıdır: "Terror təşkilatlarına üzvlük, terrorçulara silah verilməsi, başqa dövlətlərin terror aksiyalarına qarışmış adam və ya qurumlarına aktiv və ya passiv şəkildə dəstək verməkdən çəkinilməlidir". Bununla yanaşı, BMT Təhlükəsizlik Şurasının ötən il qəbul etdiyi 23702 saylı qətnamədə də dövlətlərin terrorçulara dəstək verməsinə qarşı olduğu öz əksini tapıb. Lakin buna baxmayaraq, ABŞ qeyd olunan qətnamələrə əhəmiyyət vermədən, beynəlxalq hüquq normalarını ayaqlar altına alaraq terror təşkilatı PKK-nın Suriya qolu olan PYD ilə əməkdaşlığa, ona dəstək verməyə davam edir. Görünür, "amerikasayağı demokratiya" məhz elə budur.
Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org