ABŞ Türkiyəsiz bacarmır, amma PKK-ya yardım edir...

Baxış sayı:
603

ABŞ-ın istər İraqın, istərsə də Suriyanın şimalında fəaliyyət göstərən terror qruplaşmalarına dəstək verməsi yeni bir hadisə deyil. ABŞ-ın Yaxın Şərq siyasətində həmin terrorçular son dərəcə önəmli rol oynayır. Çünki onlar dəfələrlə həmin terror qruplaşmalarından müxtəlif məqsədlərə çatmaq üçün istifadə edib və bundan sonra da edəcək.

Bu sözləri axar.az-a açıqlamasında politoloq Vüqar Zifəroğlu deyib. O bildirib ki, ABŞ Türkiyənin Yaxın Şərqdə güclənməsini istəmir və buna görə də PKK-ya dəstək olmağa davam edir:

“Son 4 ildə Türkiyənin Yaxın Şərq siyasətində çox ciddi aktivlik müşahidə olunur. Ankara haqlı olaraq öz milli təhlükəsizliyini və dövlət maraqlarının təmin edilməsi məqsədi ilə həmin bölgədə olan PKK-ya qarşı hərbi əməliyyatlar həyata keçirir. Buna da ən çox etiraz edən ölkə ABŞ-dır. Çünki Vaşinqton PKK qruplaşmasını Yaxın Şərqdə öz məqsədləri üçün istifadə edir. Bütün bunlar da iki ölkə arasında müəyyən qopmalara gətirib çıxarır”.

Politoloqun sözlərinə görə, ABŞ Türkiyəyə qarşı ikili siyasət aparır:

“Hazırkı mərhələ onu göstərir ki, Tramp administrasiyası Türkiyəni bir müttəfiq kimi itirmək istəmir və çalışır ki, Türkiyəni özünə yaxınlaşdırsın. Çünki istər İranla, istərsə də Rusiya ilə bağlı proseslər ABŞ-ı buna məcbur edir. Vaşinqtonun Yaxın Şərq siyasətinin uğuru Türkiyəsiz mümkün deyil. Amma ABŞ öz köhnə müttəfiqlərini də itirmək istəmir. Buna görə də PKK-ya yardım etməyə davam edir. Yəni belə deyək, ABŞ burda da ikili siyasət yürüdür. Bir tərəfdən Türkiyə ilə razılıq əldə etməyə çalışır, bir tərəfdən də Türkiyənin illərdir mübarizə apardığı terrorçulara dəstək verir”.

V.Zifəroğlu ABŞ Ticarət naziri Vilbur Rossun Türkiyəyə səfəri haqqında da danışıb:

“Türkiyənin də ABŞ-la münasibətləri düzəltməyə, iqtisadi əlaqələri inkişaf etdirməyə ehtiyacı var. Hazırda Ankaranın iqtisadi durumu müəyyən mənada xaricdən investisiya yatırılmasını və ticarət dövriyyələrinin genişlənməsini tələb edir. Son iki ildə ABŞ-ın təzyiqləri sayəsində Türkiyə iqtisadiyyatında çalxalanmalar, geriləmələr oldu. Bu mənada hesab edirəm ki, Ankara ABŞ-ın maliyyə nazirinin səfərini dəyərləndirəcək və ticarət həcminin 100 milyard dollara qədər artırılması məsələsində razılıq əldə olunmasına çalışacaq”.

Qeyd edək ki, Türkiyənin “Yeni Şəfəq” qəzeti ABŞ-ın PKK-ya 60 TIR-lıq hərbi dəstək göndərməsi ilə bağlı görüntü və məlumat yayıb.