​ABŞ Türkiyənin arxasında yox, yanında olmalıdır - TƏHLİL

Baxış sayı:
4054

Ağ Ev özünün ən yaxın müttəfiqini belə, maraqları naminə arxadan vurmaqdan çəkinmir

Vaşinqtonun əsas məqsədi hegemonluğunu qoruyub saxlamaq, daha geniş əraziyə nəzarəti ələ almaq və enerji resurslarına sahiblənməkdir

Qərbin, əsasən də ABŞ-ın demokratiyasına inanmaq, ən yaxşı halda sadəlövhlük olardı. Çünki Ağ Evin, o cümlədən Avropanın əsas məqsədi demokratiya adı altında Şərqi, əsasən də müsəlman dünyasını nəzarətdə saxlamaq, onları cızılmış sərhədlərdən kənara çıxmağa imkan verməkdir. Yəni bütün bunlar uzun illərdən bəri hazırlanmış ssenarinin tərkib hissəsidir. Bəli, ABŞ məhz demokratiya, söz, insan hüquq və azadlıqları pərdəsi altında öz məkirli planlarını reallaşdırmağa çalışır.
Bütün bunlar bir daha onu deməyə əsas verir ki, Ağ Evi öz şəxsi maraqlarından başqa heç nə düşündürmür. Fələstində İsrailin aramsız bombardmanları nəticəsində qırılan körpələr, İraqda, Suriyada və digər müsəlman məmləkətlərində heç nədən tələf olan insanlar, Ukraynanın ərazi bütövlüyü, Qarabağın erməni işğalından azad edilməsi və bu qəbildən olan digər mühüm məsələlər Donald Tramp administrasiyası üçün o qədər də ciddi əhəmiyyət kəsb etmir. Rəsmi Vaşinqtonu maraqlandıran bir məsələ var ki, o da dünya dövlətləri arasında öz hegemonluğunu qoruyub saxlamaq, mümkün qədər daha geniş əraziyə nəzarəti ələ almaq və ən əsası isə enerji resurslarına sahiblənməkdir. Bütün bunları həyata keçirmək üçün Ağ Evin əlində olan əsas «kozır» isə məhz demokratiya deyilən nəsnədir. Odur ki, hansı ölkədə bir qədər narazılıq olursa, ABŞ dərhal həmin dövləti əsas hədəflərindən biri kimi siyahıya əlavə edir. Diqqət yetirsəniz görərsiniz ki, Ağ Ev əsasən enerji resurslarına malik olan məmləkətlərdə «demokratiya ovu»na çıxır. Təbii sərvətləri olmayan ölkələrdə isə olub-bitənlər onu zərrə qədər də maraqlandırmır. Çünki bu, sonda ABŞ-a heç bir fayda verən deyil.
Bir neçə il öncəyə qədər bizlər elə hesab edirdik ki, rəsmi Vaşinqton həqiqətən də bütün dünyada demokratiyanın beşiyi və qoruyucusudur. Ancaq bu gün bəlli olur ki, həm bizdə, həm də bir çox dövlətlərdə bu barədə yanlış təsəvvürlər yaranıb. Təbii ki, söhbət ABŞ-ın dünyadakı demokratiyanın qarantı obrazından gedir. Artıq Azərbaycan xalqı bu məsələdə bir neçə dəfə aldadılıb. Və məlum olub ki, Ağ Ev demokratiyanın yox, məhz şəxsi maraqlarının qarantıdır. Odur ki, əcnəbilərdən pənah gözləməyə dəyməz. Nə etsək özümüz etməliyik. Heç kim bizim yerimizə Qarabağı alan, onu qızıl sinidə təqdim edən deyil. Sosial rifahımızı da okeanın o tayından düzəldə bilən deyillər...
Onu da nəzərinizə çatdıraq ki, son zamanlar ABŞ-da milli, dini və irqi zəmində ayrı-seçkilik, əsasən də islamofobiya təzahürləri özünü olduqca qabarıq şəkildə biruzə verməyə başlayıb. Görünür, xaricdə düşmən axtarmaqla daxildəki problemləri unutdurmağa can atan Ağ Ev rəsmiləri elə zənn edirlər ki, dünya ABŞ-da olub-bitənlərdən məlumatsızdır. Əgər həqiqətən də belə düşünürlərsə, o zaman yanılırlar. Çünki okeanın o tayında nələrin baş verdiyini artıq hamı bilir. Bununla yanaşı, bu gün artıq hər kəsə bəllidir ki, ABŞ özünün ən yaxın müttəfiqi kimi təqdim etdiyi qonşu və qardaş Türkiyəni belə, öz maraqları naminə arxadan vurmaqdan çəkinmir. Belə ki, Türkiyə Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı "Zeytun budağı" əməliyyatına başladığı vaxtdan indiyədək, ABŞ NATO ölkəsi, ən yaxın müttəfiqi kimi ona yardım etmək əvəzinə Suriyadakı kürd qruplarını silahlandırmağa başlayıb. Həmin silahların bəziləri isə Türkiyə ərazisində də istifadə edilib.
Bu arada, qeyd edək ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Aleksandr Venediktov bu günlərdə sözügedən məsələ ilə bağlı maraqlı açıqlama ilə çıxış edib. Belə ki, ABŞ-ın PYD/YPG döyüşçülərinin nəzarətindəki bölgələrdə 20 hərbi bazasının olduğunu iddia edən Venediktov bildirib ki, ABŞ PYD vasitəsilə Suriyadakı varlığını qorumağa çalışır: "Görünür amerikalı dostlarımız Suriyada birdəfəlik qalmağa can atır. PYD-yə verdikləri dəstək buna görədir. Artıq 20 bazaları var. PYD-dən istifadə edib buraya yerləşiblər. Türkiyəni Afrində əməliyyat başlatmağa da ABŞ vadar elədi. Provokativ şəkildə PYD döyüşçülərinə ağır silahlarla yardım etdilər. Bilə-bilə ki, onlar Türkiyəyə qarşı vuruşurlar, bilə-bilə ki, rəsmi Ankara bu təşkilatı terrorçu olaraq görür".
Sözsüz ki, bütün bunlar ABŞ-ın içi üzünü, onun demokratiya, söz, insan hüquq və azadlıqları pərdəsi altında öz məkirli planlarını reallaşdırmağa çalışdığını, maraqları naminə müttəfiqini belə, dar ayaqda qoymağa hazır olduğunu bir daha sübuta yetirir. Yox əgər ABŞ həqiqətən də etibarlı və dürüst müttəfiq olsaydı, o zaman Türkiyənin öz təhlükəsizliyini müdafiə etməsini normal qarşılamalı, "Zeytun budağı" əməliyyatı çərçivəsində ona hər cür dəstək verməli idi. Çünki müttəfiqlər məhz bu günlər üçün lazımdır. Ağ Ev isə bunun əksinə olaraq, hərdən xala xətrin qalmasın deyə, "Türkiyənin arxasındayıq" deməklə işini bitmiş hesab edir. Halbuki ABŞ Türkiyənin arxasında yox, məhz yanında olmalıdır. Təbii ki, əgər Ağ Ev Ankaraya sözün həqiqi mənasında müttəfiq gözü ilə baxırsa.../ Hurriyyet.org