ABŞ Türkiyəni “S-400” sistemlərindən imtina etməyə çağırır - Blinken Çavuşoğlu ilə danışacaq

Baxış sayı:
1340

Birləşmiş Ştatlar Ankaranın bu məsələni müzakirə etmək təklifini qəbul etmyərək Türkiyəni Rusiyanın S-400 hava hücumundan müdafiə raket sistemindən imtina etməyə çağırıb. "Azadlıq" radiosu xəbər verir ki, Türkiyənin müdafiə naziri Hulusi Akar bu həftə verdiyi müsahibədə Vaşinqton və Ankara arasında mümkün kompromisdən bəhs etmişdi.

O demişdi ki, Türkiyə Rusiyanın “S-400” raketlərini tamamilə yerləşdirməyə də bilər.Rusiyanın sözü gedən raket sistemi Qərbin hərbi təyyarələrini vurmaq üçün hazırlanıb.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays fevralın 10-da Türkiyənin kompromis təklifi barədə suala cavab verərkən Vaşinqtonun bu məsələdəki mövqeyinin dəyişmədiyini bildirib: "Rusiyanın S-400 sistemi NATO avadanlığına uyğun deyil, NATO texnologiyasının təhlükəsizliyinə hədə yaradır və Türkiyənin NATO qarşısında müttəfiq kimi götürdüyü öhdəliklərə ziddir. Biz Türkiyəni bu sistemi saxlamamağa çağırmışıq və çağırmaqda davam edirik”.

Akar sözü gedən müsahibəsində NATO üzvü olan Yunanıstanın da Rusiyanın “S-300” sistemini almasına diqqət çəkmişdi. Yunanıstan bu raketləri Türkiyə Kiprə hücum edəcəyi ilə hədələdikdən sonra almışdı. Lakin ABŞ rəsmiləri “S-400”sisteminin daha təkmil olduğunu bildirirək belə bir müqayisəni rədd ediblər.

Türkiyə “S-400” raketlərini Vaşinqtonun dəfələrlə etdiyi xəbərdarlığa baxmayaraq almışdı. Bundan sonra keçmiş prezident Donald Trampın administrasiyası Türkiyəni F-35 təkmil qırıcı təyyarə proqramından xaric etməyə məcbur olmuşdu.

Bundan başqa Türkiyəyə hərbi yardım proqramına sanksiyalar qoyulmuşdu. Prays bunu da deyib ki, ABŞ dövlət katibi Entoni Blinken bu məsələ barəsində türkiyəli həmkarı Mövlüd Çavuşoğlu ilə danışmağı planlaşdırır: "Mən gözləyirəm ki, dövlət katibi özünün türkiyəli həmkarı ilə qarşıdan gələn günlərdə söhbət edəcək”.