ABŞ-Türkiyə anlaşmasına terrorçular əməl edəcək? - POLİTOLOQDAN ŞƏRH

Baxış sayı:
7335

Qabil Hüseynli: “Kürdlər Amerikanın Türkiyə ilə razılaşmasına əməl etməyəcəklər”

“Türkiyə Amerika ilə münasibətləri hədsiz dərəcədə pisləşdirmək istəmədi”

Bildiyimiz kimi, ABŞ-ın vitse-prezidenti Mayk Pens oktyabrın 17-də Ankarada Türkiyə prezidenti Rəcəb Təyyubb Ərdoğanla danışıqlardan sonra Türkiyənin Suriyanın şimal-şərqində apardığı hərbi əməliyyatlara ara verməyə razı olduğunu elan edib və 13 maddəlik anlaşma imzalanıb.

13 maddəlik anlaşma belədir:

1. Türkiyə və ABŞ iki yaxın NATO üzvü olaraq bu əlaqələrini təsdiqləyir. ABŞ Türkiyənin cənub sərhədlərinə dair qanuni təhlükəsizlik qayğılarını anlayır;

2. Türkiyə və ABŞ Suriyanın şimal-şərqi başda olmaq üzrə meydandakı inkişafların ortaq maraqlar əsasında daha yaxın koordinasiya gərəkdirdiyini qəbul edir;

3. Türkiyə və ABŞ “hamımız birimiz, birimiz hamımız üçün” anlayışıyla NATO torpaqlarını və xalqlarını bütün təhdidlərə qarşı qorumaq öhdəliklərinə mühafizə edir;

4. Hər iki ölkə insan həyatı, insan haqları ilə dini və etnik topluluqların qorunmasına yönələn öhdəlikləri təkrarlayır;

5. Türkiyə və ABŞ Suriyanın şimal-şərqində İŞİD-lə mübarizə fəaliyyətlərinin davam etdirilməsində qərarlıdır. Bu, öncədən İŞİD nəzarətində olan sahələrdə yaşayıb, yerindən qovulan şəxslər ilə saxlama mərkəzləri mövzusunda uyğun şəkildə gerçəkləşdiriləcək koordinasiyaya da aiddir;

6. Türkiyə və ABŞ terrorla mübarizə hərəkatlarının yalnız terror ünsürləri ilə bu ünsürlərə aid sığınacaq, silah, avtomobil vasitələrini hədəf alması gərəkdiyinə dair razılaşır;

7. Türk tərəfi Türkiyə qüvvələri tərəfindən nəzarət edilən təhlükəsiz bölgədəki bütün yaşayış sahələrinin sakinlərinin təhlükəsizliyini təşkil edəcəyini öhdəsinə götürür, mülki şəxslərin və mülki infrastrukturun zərər görməməsi üçün maksimum diqqət göstərəcəyini vurğulayır;

8. Hər iki ölkə Suriyanın siyasi birliyi ilə ərazi bütövlüyünə və Suriya konfliktini BMT Təhlükəsizlik Şurasının 2254 saylı qərarına uyğun şəkildə sonlandırmağı hədəfləyən, BMT liderliyindəki siyasi prosesə olan bağlılıqlarını təkrarlayırlar;

9. Hər iki tərəf Türkiyənin YPG ağır silahlarının toplanması və YPG döyüş mövqelərinin istifadəedilməz hala gətirilməsi daxil, milli təhlükəsizlik qayğılarının aradan qaldırılmasını təmin edən bir təhlükəsiz bölgə qurulmasının davam edən önəmi və funksionallığında razılaşır;

10. Təhlükəsiz bölgə ilk növbədə Türkiyə Silahlı Qüvvələrinin nəzarətində olacaq və hər iki tərəf təhlükəsiz bölgənin hər yönünün uyğunlanmasında koordinasiyanı artıracaq;

11. Türkiyə tərəfi “Sülh çeşməsi” Hərəkatına təhlükəsiz bölgədən YPG-nin 120 saat içində geri çəkilməsini təmin edən fasilə verəcək. “Sülh çeşməsi” Hərəkatı bu geriçəkilmənin tamamlanmasının ardınca dayandırılacaq;

12. “Sülh çeşməsi” Hərəkatına fasilə veriləndə ABŞ “Blocking Property and Suspending Entry of Certain Persons Contributing to the Situation in Syria” başlıqlı 14 oktyabr 2019-cu il tarixli Prezident qərarnaməsinə müvafiq olaraq həyata keçirilən sanksiyalara əlavələr etməmək və Konqres nəzdində uyğun şəkildə çalışmalar və məsələhətləşmələr yürüdərək, BMT Təhlükəsizlik Şurasının 2254 saylı qərarı gərəyincə Suriyada sülh və təhlükəsizliyin təminatıyla bağlı qeyd edilən irəliləməni vurğulamaq barəsində razılaşır. “Sülh çeşməsi” Hərəkatı 11-ci paraqrafa uyğun olaraq dayandırılanda yuxarıda bəhs edilən prezident sərəncamına müvafiq olaraq həyata keçirilən mövcud sanksiyalar ortadan qaldırılacaq;

13. Hər iki tərəf bu açıqlamada qeyd edilən bütün hədəflərin uyğulanması üçün birlikdə çalışma öhdəliyinə sadiq qalır.

Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğının açıqlamasına görə, əldə edilmiş razılaşmaya əsasən təhlükəsiz bölgənin uzunluğu 440 kilometr, dərinliyi isə 32 kilometr olacaq.

Həmçinin Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan “Sülh Çeşməsi” antiterror əməliyyatı ilə təhlükəsizlik bölgəsinin yaradılmasına və bölgədə 1-2 milyon qaçqının yerləşdirilməsinə nail olmaq istədiklərini vurğulayıb: “Suriyalılar rejimin və terrorçu PKK/YPG-PYD qruplaşmasının işğalı altında olan başqa yerlərə qayıtmaq istəmir. Əsas hədəfimiz bölgədə PKK/YPG-PYD-ni təmizləməkdir. Biz Suriyada qalmaq istəmirik. Terror qruplaşmaları Ayn əl-Ərəbdən, Menbiçdən çıxarılarsa, bizim orada qalmağımıza ehtiyac yoxdur”.

Qeyd edək ki, əksər ekspertlər PKK/YPG terror təşkilatlarının Amerika-Türkiyə anlaşmasına əməl etməyəcəklərini və Türkiyənin yoluna davam etmək məcburiyyətində qalacağını düşünürlər. Çox güman ki, 120 saat ərzində hər şey məlum olacaq.

“Bölgənin təxminən 600 kilometrində sərhəddə yaxın məsafəyə kürdlər doluşublar”

Картинки по запросу Qabil Hüseynli

Türkiyə-Amerika razılaşması ilə bağlı keçmiş dövlət katibi Qabil Hüseynli “Hürriyyət”ə dedi ki, Türkiyə orada tampon bölgə yaradır: “Türkiyə 36 kilometrə qədər Suriyanın dərinliklərinə gedib, amma tampon bölgənin uzunluğu 120 kilometrdir. Türkiyə ilə Suriyanın sərhəddi isə 710 killometrdir. Düzdür, 710 kilometrin bir hissəsi Hasakə bölgəsinə düşür. Bu bölgədə kürdlər bir az azdır, amma bölgənin təxminən 600 kilometrində sərhəddə yaxın məsafəyə kürdlər doluşublar. PKK və YPG ikisi də terrorçu təşkilatdır və oradan Türkiyəyə müxtəlif terror aktları həyata keçirirlər”.

“Bu müqavilə bağlanmalıydı”

“Amerikanın səbri axıra qədər dözmədi. Avropa da ciddi surətdə bu məsələlərə etiraz elədi. Türkiyə bütün dünyaya qarşı dura bilməzdi. Hələ ki, 120 kilometrlik tampon bölgə yaradıb, Türkiyədə yerləşən qaçqınların bir qismini, heç olmasa 800 min, 1 milyonunu oraya köçürmək və o bölgədən tamamilə kürdləri uzaqlaşdırmaq niyyətindədir. Onlara da 120 saatlıq vaxt veriblər. 120 saat müddətində şələ-şülələrini yığışdırıb həmin bölgəni tərk etməlidirlər. 120 saatdan sonra orada olan terrorçulara atəş yenə də açılacaq. Mənim zənnimcə, bu müqavilə bağlanmalıydı. Türkiyə Amerika ilə münasibətləri hədsiz dərəcədə pisləşdirmək istəmədi və bu müqaviləni bağladı. İndi 120 kilometrlik tampon bölgə üzərində xeyli iş gedəcək. Oraya qaçqınları köçürəcəklər. Xeyli vəsait lazım olacaq. Suriya Türkiyənin başına bəla oldu. Türkiyə 3,5 milyon suriyalı qaçqına hər il 6-7 milyard dollar civarında pul xərcləyir, amma özünün insanları yoxsulluqdan əziyyət çəkir. Yəni onların boğazında kəsib, qaçqınlara verir.  Amma Türkiyənin hərəkətlərini başa düşən az oldu, yaxud çoxları bunu istila kimi qiymətləndirdilər. Türkiyəyə Suriyanın bir qarış torpağı lazım deyil, amma Türkiyəyə bu qədər qaçqın da lazım deyil. Bəşər Əsədin canı çıxsın, öz adamlarına sahib çıxsın və ölkəsində yerləşdirsin”,- deyə politoloq əlavə etdi.

“Onlar Türkiyə ordusunun qüdrətinə bələddirlər”

Q. Hüseynli qeyd etdi ki, terrorçuların o bölgədən çıxması çətin olacaq: “Çünki bunlar həyasız və həyatlarını qurban verən adamlardır. Bunlar yenidən həmin bölgələrə sıza bilər. Amma Türkiyənin Amerika ilə razılaşmasına görə, bu tampon bölgəyə nəzarəti Türkiyə öz üzərinə götürüb. Yəni kürdlər bölgəyə yenidən sızarsa, Türkiyə aşkarlayıb güllə ilə vurub oldürəcək. Məncə, kürdlər Amerikanın bu razılaşmasına əməl etməyəcəklər. Ancaq əməl etmədikləri təqdirdə qanları ilə buna cavab verəcəklər. Onlar Türkiyə ordusunun qüdrətinə bələddirlər. Özü də bu bölgədə əməliyyatları keçirən xüsusi təyinatlılardır. O xüsusi təyinatlılar ki, onlar adamı diri-diri yeyirlər”.

 “Bu, Türkiyənin uğurudur”

“Mən bu razılaşmada udan və uduzan tərəf anlayışını təsdiq etmək istəmirəm. Sadəcə olaraq  iki NATO dövləti (onlardan biri NATO-nun lderidir) arasında razılaşma əldə edilib. Türkiyə bu məsələdə heç nə itirməyib. Ən azından sərhəddinin 120 kilometrliyində tampon bölgəyə, Suriya ərazilərinin də 36-40 km dərinliyinə qədər nəzarət etmək səlahiyyətini əldə edib. Zənnimcə, bu, Türkiyənin uğurudur”,-deyə politoloq vurğuladı.

 Şamo EMİN, Hurriyyet.org