ABŞ şirkətləri Azərbaycanı niyə tərk edir? - EKSPERTDƏN AÇIQLAMA

Baxış sayı:
7480

Natiq Cəfərli: “Bu şirkətlərin Azərbaycanı tərk etməsi ölkənin imicinə ziyandır”
 
“Əsrin müqaviləsi”nin iştirakçıları ABŞ-ın “ExxonMobil” və “Chevron” şirkətlərinin Azərbaycandan getməsi bir neçə gündür ki, ölkə mətbuatında müzakirə olunur. Bu böyük şirkətlərin Azərbaycanı tərk etməsini eksperlər ölkəmiz üçün pis bir xəbər kimi şərh edirlər. Əslində, ekpertlərin dediklərində həqiqət var. “Exxon Mobil” şirkətinin Azərbaycanı tərk etməsi ilə bağlı bir neçə gün öncə dünyaca məşhur “Reuters” agentliyi qeyd edir ki, “Exxon Mobil” şirkətinin “Əsrin müqaviləsi”ini tərk etməsi şirkətin Azərbaycandakı 25 illik iştirakının sonu olacaq. “Exxon” 1994-cü ildə Azərbaycanın indiki neft sənayesinin yaradılmasının əsasını qoymağa kömək edən beş Amerika şirkətindən biri idi. “Əsrin müqaviləsi”ndə iştirak edən şirkətlərin konsorsiumu BP tərəfindən idarə edilsə də, bu layihə o dövrlər ABŞ-dan güclü dövlət dəstəyi alıb. Müqavilədə Amerikanın beş şirkəti- “Exxon”, “Amoco”, “Unocal”, “Pennzoil” və “McDermott” iştirak edirdilər”.
“Bu layihə ona görə Qərbdən güclü dəstək almışdı ki, orada layihənin Avropanın Rusiyadan energetika asılılığını azaldacağına ümid edirdilər. Lakin agentlik qeyd edir ki, yeni kəşf edilən yataqlar özünü doğrultmadığından bu ümidlər də əriyib getdi. ABŞ şirkətlərinin əksəriyyəti öz paylarını rəqiblərinə satdı, Amerika administrasiyasının da layihəyə dəstəyi azaldı. Azərbaycan da özünün energetika sərvətləri üzərində nəzarət baxımından daha inamlı oldu, dövlət neft şirkəti SOCAR vasitəsilə energetika layihələrində iri paylar əldə etdi”.
Görünür, yataqların özünü doğrultmaması, eyni zamanda Dövlət Neft Şirkətinin energetika layihələrində iri paylar əldə etməsi “ExxonMobil” və “Chevron” şirkətlərinin Azərbaycandan getməsinə əsas səbəbdir.
Xatırladaq ki, ötən il sentyarbrın 14-də “Əsrin Müqaviləsi” yenilənən zaman, Hasilatın pay bölgüsü haqqında sazişə görə SOCAR-ın AÇG-dəki iştirak payı 11,65%-dən 25%-ə qaldırılmışdı. Maraqlıdır ki, yataqlar özünü doğrultmamışdırsa və yaxud Dövlət Neft Şirkətinin energetika layihələrində iri paylar əldə etməsi “ExxonMobil” və “Chevron” kimi şirkətləri narahat edirdisə, niyə ötən il “Əsrin müqaviləsi” yenilənən zaman buna etiraz etmirdilər? Hətta bundan sonra “BTC Co.”nun səhmdarları arasında dəyişiklik oldu. Belə ki, bu ilin fevral ayında “ExxonMobil” şirkəti Konsorsiumun səhmdarı olan “CIECO” şirkətinin 2,5 faizlik səhmini alıb. Axı, fevral ayından bəri elə uzun bir müddət də keçməyib. Görəsən, “Azərbaycanla enerji sahəsindəki daimi əməkdaşlığa və uzunmüddətli ticarət əlaqələrinə dəyər veririk” deyən bu şirkətlərin belə ciddi qərar verməsinin səbəbləri nədir? Əslində, ötən il imzalanmış Hasilatın pay bölgüsü haqqında sazişdən bu şirkətlərin çıxması özü təəccüb doğurur. Bununla da bu Sazişi yarımçıq hesab etmək olar. Məlumata görə, Saziş təsdiqləndikdən sonra “Chevron”nun - 9,57%, “ExxonMobil” in isə 6,79% layihədə payı var.
“Reuters” agentliyi yazır ki, “ExxonMobil” in “Əsrin müqaviləsi”indəki 6.8 faizlik payını satmağı və bundan 2 milyard dollar əldə etməyi planlaşdırır. Lakin “Exxon Mobil” şirkətinin mətbuat katibi Culiya Kinq məsələ ilə bağlı şərh vermək istəməyib: “Biz müxtəlif spekuluasiyaları və şayiələri şərh etmirik”.
 
“İndi “Əsrin müqaviləsi” çərçivəsində gündəlik hasilat cəmi 570 min barelə düşüb”
 
“ExxonMobil” və “Chevron” şirkətlərinin Azərbaycanı tərk etməsi ilə bağlı iqtisadçı Natiq Cəfərli deyir ki, bu şirkətlərin Azərbaycandan getməsinin arxasında iqtisadi məsələlər durur: ““ExxonMobil” və “Chevron” “Əsrin müqaviləsi”ində kifayət qədər nəzərə çarpacaq paya malik idi. Böyük həcmdə də gəlir götürən şirkətlər oldular. Azərbaycanda hasilatın pik dövründə, eyni zamanda qiymətlərin pik dövründə kifayət qədər bu müqavilədən qazanclı çıxdılar. Hətta “ExxonMobil” və “Chevron”nun rəsmi açıqlmalarında da dəfərlər vurğulanıb ki, Azərbaycandakı layihə ən qazanclı layihələrdən biri olub. Sadəcə, Azərbaycanda hasilat kəskin azalıb və getdikcə də azalma müşahidə olunur. İndi “Əsrin müqaviləsi” çərçivəsində gündəlik hasilat cəmi 570 min barelə düşüb. Azərbaycanda hasilatın pik dövrü 2011-ci ildə idi. Gündəlik 1 milyon 20 min barel neft çıxarılırdı. İndi hasilatın aşağı düşməsi maya dəyərini yüksəldib və gəlirliliyin aşağı düşməsinə səbəb olub. Hər iki şirkət neftin qiymətinin çox girişli-çıxışlı olduğunu, gələcəkdə də aşağı düşmə ehtimalını düşünərək, bu günə qədər qazanclarının üzərinə paylarını satmaqla, əlavə təqribən 2 milyard dollar da qazanmaq istəyirlər. Bu onlar tərəfindən strateji olaraq doğru yanaşmadır. Çünki onlar Konsorsiumun idarəetməsində iştirak etmirlər, ancaq payçıdırlar. Yəni operator şirkət deyillər. BP opertar şirkət olduğuna görə həm çox paya, həm də idarəetmədən əlavə qazanc və dividentlərə malikdir. Bu iki kompaniyada isə bu yoxdur. Ona görə bu günə kimi götürdükləri qazancın üzərinə paylarını sataraq əlavə 2 milyard dollara yaxın qazanc əldə edib, bazardan çıxmaq istəyirlər. Daha doğrusu, bu layihədən çıxmaq istəyirlər. Çünki həm də hər iki şirkətin ştrateji hədəfləri bir az fərqlidir. Hər iki şirkət 2030-cu ilə qədər bərpa olunan enerjidə və elektromobillərin enerji ilə təmin olunmasında çox ciddi iştirak etmək istəyirlər. Belə avtomobillərin dünya üzrə 20-25 minlik şarj mərkəzlərini tikmək istəyirlər. Yəni bu şirkətlərin profili də dəyişir. Ona görə, bu layihədə olan paylarını indiki dövrdə daha baha qiymətə satmaq onlara iqtisadi cəhətdən sərf edir”.
 
“Bu şirkətlər İrana görə də özlərini sığortalamaq üçün bu layihədən çıxmağı düşünə bilərlər”
 
N. Cəfərlinin fikrincə, yeganə siyasi səbəb İran ətrafındakı gedən problemlərdir: “Çünki getdikcə bölgədə gərginlik artır. İranda ciddi bir qarşıdurma və ya təlatümlər olsa, o Azərbaycandakı sabitliyə də təsir göstərə bilən amilə çevilə bilər. Ona görə də o şirkətlər özlərini sığortalamaq üçün bu layihədən çıxmağı da düşünə bilərlər. Amma zənnimcə, əsas iqtisadi amildir. Hansı ki, qeyd etdiyim kimi, bu layihədən kifayət qədər qazanclı çıxırlar”.
 
“Bu şirkətlərin Azərbaycanı tərk etməsi biznes mühtinin yaxşı olmadığına dair fikirlərin formalaşmasına səbəb olacaq”
 
Cəfərli hesab edir ki, “ExxonMobil” və “Chevron” şirkətinin Azərbaycandan getməsinin iki yöndən ziyanı var: “Birinci ziyanı odur ki, həmin şirkətlər Azərbaycanda qazandıqları vəsaitlərin bir qismini büdcəyə mənfəət vergisi kimi ödəyirdilər, həm də onların Bakı ofisində onlarla insan çalşırdı. Onlar da yüksək maaş alırdılar. İndi bu iş yerlərinin bağlanması və gəlir vergsinin büdcəyə ödənilməsi dayandırılacaq. İkincisi də imic məsələsində Azərbaycana ziyandır. Çünki kifayət qədər dünyada məşhur şirkətlərin istənilən səbəbdən ölkəni tərk etməsi Azərbaycan haqqında mənfi imicin formalaşmasına, biznes mühtinin yaxşı olmadığına dair fikirlərin formalaşmasına səbəb olacaq. Bu da gələcəkdə Azərbaycana investisiyaların gəlməsinə, şirkətlərin marağının azalmasına səbəb olan əsas faktorlardan birinə çevrilə bilər”.
 
“Azərbaycanın biznes mühiti, qanunvericiliyi onları qane etmir deyə, buradan qazandıqları vəsaiti yatırım kimi qoymurlar”
 
“Azərbaycanda qazanılan pulların başqa ölkələrdə digər profillərə qoyulması nə dərəcədə doğrudur” sualına N. Cəfərli belə cavab verdi: “Bu şirkətlərin öz siyasəti ilə bağlıdır. Azərbaycan hökumətinin buna qarışmağa ixtiyarı belə yoxdur. Təbii ki, Azərbaycandan qazandıqları pulları xərcləmək imkanları və ixtiyarları var. Sadəcə, Azərbaycanda yaxşı biznes mühit olsa, investisiya şəraiti olsaydı, həmin şirkətlər Azərbaycanda qazandıqları pulu Azərbaycanda başqa sahələrə yönəldə bilərdilər. Məsələn, neft emalı zavodları aça, mühərrik yağı istehsal edə bilərdilər. Həmçinin neftdən alınan digər məhsulların istehsalı üçün başqa sahələr yarada bilərdilər. Görünən odur ki, Azərbaycanın bazarı və biznes mühiti, qanunvericiliyi onları qane etmir deyə buradan qazandıqları vəsaiti yatırım kimi qoymurlar”./Hurriyyet.org