​ABŞ Əsədin ordusunu bombaladı, 70-ə yaxın əsgər öldü

ABŞ-ın başçılıq etdiyi koalisiya Suriyada ilk dəfə Bəşər Əsədin ordusunun mövqelərinə birbaşa hava zərbələri endirib. Nəticədə, Suriya ordusu ciddi tələfat verib. Virtualaz.org xəbər verir ki, hava zərbələri barədə əvvəlcə rəsmi SANA agentliyi məlumat yayıb. Məlumatda deyilir ki, sentyabrın 17-nə keçən gecə ABŞ aviasiyası Suriya ordusunun Deyr-əz-Zor əyalətindəki Əl-Tarda dağlarında yerləşən mövqelərinə zərbələr endirib. Nəticədə Suriya ordusu itki verib. Rəsmi Dəməşq bu hücumu “Suriya ordusuna qarşı açıq təcavüz və ABŞ-ın İŞİD-ə dəstəyinin sübutu” kimi qiymətləndirib.
Daha sonra Rusiya Müdafiə Nazirliyi hadisə barədə məlumat yayıb. Rusiya Silahlı  Qüvvələrinin Baş qərargahının rəsmi nümayəndəsi, general İqor Konaşenkov bildirib ki, Birləşmiş Ştatlar aviasiyasının Suriya ordusunun mövqelərinə endirdiyi zərbələr nəticəsində 64 hərbçi həlak olub, 100-dən çoxu yaralanıb.
Konaşenkovun sözlərinə görə, sentyabrın 17-də saat 17-17.50 aralığında Suriya ordusunun Deyr-əz-Zor əyalətindəki mövqelərinə dörd hava zərbəsi endirilib. Hücum zamanı 2 F-16 və 2 A-10 təyyarəsindən istifadə olunub, təyyarələr İraq istiqamətindən Suriyaya daxil olub. Onun sözlərinə görə, hava zərbələrindən dərhal sonra İŞİD həmin istiqamətdə hücuma keçib. Konaşenkov deyib ki, əgər zərbələr yanlış koordinatlar üzündən endirilibsə, bu, ABŞ-ın Suriyada hədəflərin koordinatlarının mübadiləsinə dair Rusiya ilə razılaşmaya əməl etməməsinin hansı nəticələrə gətirib çıxaracağını bir daha göstərir.