ABŞ sanksiyalarının "Şimal axını 2" və "Türk Axını" layihələrinə riskləri

Sanksiyalar layihələrin maliyyələşdirilməsinə əngəl yaradacaq
 
ABŞ sanksiyaları səbəbindən "Şimal axını-2" və "Türk axını" layihələrinin maliyyələşdirilməsi ilə bağlı risklər layihələrin gecikməsinə səbəb ola bilər.
Bu barədə "Moody's" beynəlxalq reytinq agentliyinin hazırladığı hesabatda bildirilib.
Hesabatda qeyd olunub ki, sanksiyalar haqqında qanun "Qazprom"un podratçı şirkətlərinin, o cümlədən layihə investorlarının, kreditorların fəaliyyətini təhlükə altında qoyur və hər iki qaz boru xətti kəməri layihəsinin inşasının gecikməsi riskini yaradır.
"Moody's" "Şimal axını 2" layihəsinin maliyyələşdirilməsində "Qazprom"un uzunmüddətli və əlverişli kreditlərdən istifadə etməyi planlaşdırdığını, amma sanksiyaların buna mane ola biləcəyini bildirib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp avqustun 5-də Rusiyanın bir sıra iqtisadi sahələrinə sanksiyalar tətbiq edilməsi barədə qanun imzalayıb. Qanuna görə, ölkə başçısı Rusiyanın dəyəri 5 mln. ABŞ dollarından artıq olan ixrac boru kəməri layihələrinin inşasına sərmayə qoyan şəxslərə qarşı sansksiyalar tətbiq edə biləcək. Qanunda həmçinin ABŞ-ın "Şimal axını 2" layihəsinə qarşı olduğu açıq şəkildə qeyd olunub.
Xatırladaq ki, "Şimal axını 2" layihəsi 55 mlrd. kubmetr gücə sahib olan iki qaz boru kəməri xəttinin Rusiya sahillərindən Baltik dənizi vasitəsilə Almaniyaya çatdırılmasını nəzərdə tutur. Yeni xəttin hazırda mövcud olan "Şimal axını" xətti ilə yanaşı çəkilməsi planlaşdırılıb.