ABŞ sanksiyaları İran iqtisadiyyatını tezliklə tənəzzülə uğradacaq – AVROPALI EKSPERTLƏRİN RƏYİ

Baxış sayı:
5422

Avropada əksər nüfuzlu analitiklər ABŞ prezidenti Donald Trampın Tehrana qarşı sanksiyalarla bağlı 7 avqust gecəsi qüvvəyə minən qərarını birmənalı olaraq tənqid edir. Lakin artıq kimsənin İrana qarşı məhdudiyyətləri aradan qaldırmaq və ya bu qərarı yumşaltmaq şansı yoxdur.
Təbii ki, ABŞ-ın bu sanskiyaları İran iqtisadiyyatını ciddi zərbə altında qoyacaq. Elə amerikalı iqtisadçı Steve Hank da alman nəşri olan həftəlik “Die Welt”ə müsahibəsində Ağ Evin Tehrana qarşı yeni addımlarının  mümkün nəticələrini qiymətləndirib. Onun fikrincə, bu sanksiyalardan sonra İran iqtisadiyyatı tənəzzülə uğraya bilər.
Ümumiyyətlə, Avropanın və ABŞ-ın əksər iqtisadçıları bu qənaətdədir ki, ABŞ-ın yeni sanksiyaları İrana ciddi ziyan vuracaq.

Vaşinqtonun yeni sanksiyalarının mahiyyəti

Qeyd edək ki, 2018-ci ilin may ayında ABŞ prezidenti Donald Trampın 2015-ci ildə İranla imzalanan nüvə razılaşmasından çəkilmə qərarı alması bu ölkəyə qarşı sanksiyaların tətbiqini, daha doğrusu, əvvəlki qərarın qüvvəyə minəcəyini qaçılmaz edirdi. Hansı ki, ABŞ prezidenti iki gün əvvəl iqtisadi sanksiyalar rejiminin bərpasına qərar verdi.
Bəllidir ki, sanksiyaların bərpası Vaşinqton saatı ilə 7 avqust gecəsindən etibarən qüvvəyə minib. İlkin məlumatlara əsasən, Tehrana ABŞ valyutasının əldə edilməsinə, eləcə də qızıl və digər qiymətli metallar ilə ticarətə qadağa qoyulacaq. Bundan əlavə, iranlı podratçılarla ticarət, sənaye müəssisələri üçün alüminium, polad, qrafit, kömür və bir sıra kompüter proqramlarının alış-verişi dayandırılacaq. 90 gündən sonra, yəni noyabrın 4-5-də İran neftinin ixracı üçün də məhdudiyyətlər tətbiq olunacaq. Vaşinqton bununla İranın Yaxın Şərqdəki siyasi və hərbi təsirinin artmasını dayandırmaq niyyətindədir.

Tehranda sanksiyalar necə işləyir?

ABŞ sanksiyaları təkcə İran şirkətlərinə deyil, həm də İranla işbirliyində olan xarici şirkətlərə də aiddir. Qərara əsasən, hətta sanksiyalar tətbiq edilməzdən əvvəl həyata keçirilən layihələr də başa çatdırıla bilməz, ən yaxşı halda cəza tədbirlərinin tətbiq olunduğu gündən etibarən 180 gün ərzində dayandırılmalıdır.
Sanksiyalar rejimini pozan şirkətlər cərimə ediləcək və onların Amerika biznes tərəfdaşları ilə işgüzar əlaqələri ləğv edilcək. Şübhəsiz, Birləşmiş Ştatların çox sayda dövlətin əsas xarici ticarət tərəfdaşı olduğunu nəzərə aldıqda, İranla əlaqədə olan firmaların hansı seçimi vermək məcburiyyətində olacağı indidən aydındır.

Tehrana maliyyə axınları bağlanacaq

Yeri gəlmişkən, ABŞ-da işləməyən şirkətlər üçün də sanksiya qərarı ciddi əngəl törədəcək. Ən azı, bu şirkətlər İrana pul köçürmələri aparmaq imkanından məhrum olunacaq. Odur ki, bu problem həllini tapmadıqca, yaxın gələcəkdə bu şirkətlər də İrana ixracı tam dayandırmağa məcbur olacaq.
Ümumiyyətlə, ekspertlər Avropa şirkətlərinin İranda işgüzar fəaliyyətini dayandırmağa məcbur olacaqlarını gözləyirlər. Almaniya Xarici Siyasət Cəmiyyətinin (DGAP) əməkdaşı Henning Riecke “Die Welt”ə müsahibəsində belə bir fikirlə çıxış edib.

Muxalifet.az