​ABŞ-ın sanksiyaları Azərbaycana ziyan vuracaq? - Energetika Nazirliyindən AÇIQLAMA

Baxış sayı:
6307

“ABŞ-ın anti-İran sanksiyaları Avropanın enerji təhlükəsizliyinə xidmət edəcək layihələrə şamil olunmur”.
 
Muxalifet.az xəbər verir ki, bu barədə ABŞ-ın İrana qarşı ötən gün qüvvəyə minən sanksiyalarının Azərbaycan iqtisadiyyatına təsiri ilə bağlı Modern.az-ın sorğusuna cavab olaraq, energetika nazrinin müşaviri - mətbuat katibi Zəminə Əliyeva bildirib.
 
Z.Əliyeva qeyd edib ki, İranın NICO şirkəti ”Şahdəniz" qaz layihəsində 10 faiz paya malikdir:
 
““Şahdəniz” qaz yatağı da Avropanın enerji təhlükəsizliyinin təminatında rol oynayacaq “Cənub Qaz Dəhlizi”nin əsas resurs mənbəyidir. ABŞ-ın anti-İran sanksiyaları isə Avropanın enerji təhlükəsizliyinə xidmət edəcək layihələrə şamil olunmur. Bu baxımdan “Cənub Qaz Dəhlizi” layihəsi sanksiyalara məruz qalmır”.
 
Nazir müşavirinin sözlərinə görə, bu, layihənin maneəsiz həyata keçirilməsi üçün çox vacibdir:
 
“İki ölkə arasında enerji əməkdaşlığının gələcək inkişafına sanksiyaların mümkün təsirlərinə gəlincə, proseslərin gedişatına baxmalıyıq. Zamanla bütün məsələlər aydınlaşacaq. Ona görə də indidən hər hansı bir fikir yürütmək prosesləri qabaqlamaq olardı”.
 
Qeyd edək ki, noyabrın 5-də ABŞ-ın İrana qarşı neft ixracını əhatə edən əlavə sanksiyaları qüvvəyə minib. ABŞ dövlət katibi Mayk Pompeo isə Vaşinqtonun Çin, Hindistan, İtaliya, Yunanıstan, Yaponiya, Cənubi Koreya, Tayvan və Türkiyənin neft sanksiyalarından müvəqqəti yayınmasına icazə verdiyini bildirib.