ABŞ Rusiyanın üç iri hərbi bazasını necə “yox etdi”... - UNİKAL ƏMƏLİYYAT

Baxış sayı:
751

ABŞ bu günlərdə Rusiyanın şimalda, Arktika istiqamətində yerləşən üç iri hərbi bazasının “məhv edilməsinə” dair unikal əməliyyat keçirib. Bu haqda nüfuzlu “The National İnterest” nəşri yazır.

Nəşrin yazdığına görə Avropada mənzillənmiş Amerika B-52 strateji bombardmançıları Murmanskda Rusiya atom sualtı qayıqlarının yerləşdiyi Haciyevo, Vidyayevo və Polyarnıy hərbi bazalarının məhv edilməsi əməliyyatını məşq etmək üçün unikal manevrlər edib. Bombardmançılar Böyük Britaniyadakı Farford aviabazasından havaay qalxıb, Barents dənizi üzərindən uçaraq şimal qütbü üzərində manevrlər edib. Bombardmançılar Norveç Hərbi Hava Qüvvələrinin F-16 qırıcıları və ABŞ-ın P-8 kəşfiyyat təyyarəsinin müşaiyəti ilə uçub. Təyyarələr Rusiyanın nüvə raketlərinin sınaqlarının keçirildiyi Novaya Zemlya arxipelaqının 65 kilometrliyindən və Kola yarımadasının yaxınlığından keçib.

Bundan əvvəl avia.pro resursu üç ABŞ B-52 strateji bombardmançısının Rusiya hava sərhədlərinin bilavasitə yaxınlığından uçduğu haqda məlumat yaymışdı. Maraqlıdır ki, Rusiya Müdafiə Nazirliyi bu  barədə rəsmi şərh verməyib. Habelə Rusiya Hava-kosmik Qüvvələrinin əvvəllər olduğu kimi, ölkənin hava hüdudlarına yaxınlaşan ABŞ bombardmançılarını “qovması” faktı qeydə alınmayıb.

Bu baxımdan ABŞ bombardmançılarının nəzərəçarpmadan Rusiyanın strateji hərbi bazalarına yaxınlaşdığı iddia edilə bilər. Hərçənd mütəxəssislər bunu ağlabatan saymır, çünki B-52 nəhəng təyyarədir və o, Rusiya Hava Hücumundan Müdafiə sistemləri tərəfindən 500-600 kilometr məsafədən qeydə alına bilərdi. Bununla belə Rusiyadan müvafiq rəsmi reaksiyaların olmaması bir sıra suallar doğurur.//Virtualaz.