​ABŞ-ın Rusiyadakı bütün konsulluqları vizaların verilməsini bərpa etdi

ABŞ-ın Rusiyadakı bütün konsulluqları vizaların verilməsini bərpa edib.
Bu barədə “Gazeta.ru”ya ABŞ-ın Moskvadakı səfirliyindən bildirilir.
Məlumata görə, ABŞ-ın Sankt Peterburq, Yekaterinburq və Vladivostokdakı konsulluqlarında vizalar hələlik məhdudiyyətlərlə verilir. Belə ki, qeyd olunan konsulluqlarda vizalar yalnız müsahibə keçməyə gərək olmayan vətəndaşlara verilir.
Məlumata görə, əvvəllər ABŞ vizası almış və həmin tip viza üçün təkrar müraciət etmiş şəxslər müsahibədən azaddır. Daha bir şərtə görə, sonuncu vizanın müddətinin başa çatdığı tarixdən bir ildən çox vaxt keçməməlidir.
Qeyd edək ki, ABŞ səfirliyi avqustda Sankt Peterburq, Yekaterinburq və Vladivostokdakı konsulluqlarının fəaliyyətinin müvəqqəti dayandırıldığını elan edib. Buna səbəb Rusiyanın ABŞ Dövlət Departamentindən diplomatik missiyanın sayını 1210 nəfərdən 455 nəfərədək azaltmaq tələbi olub. (apa)