ABŞ rəsmisi: "Cənub Qaz Dəhlizi ilə bağlı danışıqlar aparırıq"

Cənub Qaz Dəhlizi kimi bir çox ölkələrin ərazisindən keçən layihələrdə açıq dialoqun olması vacibdir
 
ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini xanım Robin Danniqan "Cənub Qaz Dəhlizi" layihəsində yaranmış gecikmələrə münasibət bildirib.
Amerikalı diplomat jurnalistlərə açıqlamasında deyib ki, Cənub Qaz Dəhlizi kimi bir çox ölkələrin ərazisindən keçən layihələrdə açıq dialoqun olması vacibdir.
Onun sözlərinə görə, hazırda ABŞ hökuməti "Cənub Qaz Dəhlizi" layihəsi ilə bağlı yaranan hər hansı problemlə bağlı danışıqlar aparır: "ABŞ hökuməti olaraq biz müvafiq ölkələrdəki səfirlərimiz, həmçinin, Azərbaycandakı səfirimiz, eyni zamanda federal hökumət səviyyəsində bu məsələ dialoq yolu ilə həlli istiqamətində danışıqlar aparırıq. Biz hesab edirik ki, bu layihə həm Avropa, həm də qlobal bazarda şaxələnməyə, yeni iş yerlərinin açılmasına xidmət edəcək".