ABŞ-a qarşı yeni güc mərkəzi? - TRAMPIN NARAHATÇILIĞININ SƏBƏBİ...

Baxış sayı:
5731

Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikasını özündə birləşdirən təşkilat (BRİKS) getdikcə daha israrla ümumdünya proseslərinə təsir etməyə başlayıb. Son illər ardıcıl olaraq sammitlər keçirib və hər dəfə də maraqlı qərarlar qəbul edib. Onun 10-cu yubiley sammitinə Cənubi Afrika Respublikası ev sahibliyi edib. Burada liderlər çox əhəmiyyətli beynəlxalq məsələləri müzakirə edib, onları yekun bəyannamədə vurğulayıblar. Sənəddə siyasi, geosiyasi, iqtisadi, ticari, humanitar və təhlükəsizlik məsələləri yer alıb. Müxtəlif regionlardakı münaqişələrin həllinə ortaq mövqe nümayiş etdirilib. Tədbirdə alınan qərarlar göstərir ki, BRİKS yeni səviyyədə qlobal məsələlərə təsir göstərmək əzmindədir. Təşkilat daha nüfuzlu olmağın yollarını arayır. Mümkündür ki, o, tərkibini genişləndirsin. Bütün bunlara görə də, ekspertlər Yohannesburqdakı sammitin mümkün geosiyasi nəticələri üzərində geniş dayanırlar. Bu aspektdə bir sıra aktual məqamları təhlil etməyə ehtiyac görürük.

Qlobal proseslərə təsir: yeni güc mərkəzi yaranır?

Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində BRİCS-ə üzv ölkələrin 10-cu yubiley sammitinin bəyannaməsi qəbul edilib. Bu təşkilat 2001-ci ildə yaradılıb. İlk üzvləri Braziliya, Rusiya, Hindistan, Çin olub. Maraqlıdır ki, bu termin-akronimi 2001-ci ildə ABŞ-ın qabaqcıl investisiya banklarından olan "Goldman Sachs"ın qlobal iqtisadi tədqiqatlar şöbəsinin rəhbəri Cim O’Nill təklif edib. Onun məqsədi bununla dünyanın dinamik inkişaf edən dörd iqtisadiyyatını vurğulamaq olub. 2011-ci ildə təşkilata Cənubi Afrika Respublikasının daxil olması ilə adı BRİCS-ə çevrilib.

10 ildir ki, mövcud olmasına baxmayaraq, BRİCS real fəaliyyətə 2006-cı ildən başlayıb. Onun təşəbbüskarı Vladimir Putin olub. BRİKS-ə daxil olan ölkələrin rəhbərlərinin müntəzəm görüşü 2010-cu ildən başlayır. Həmin ildən bu yana təşkilatın hər il yüksək səviyyəli sammitləri təşkil olunur. Eyni zamanda, həmin tədbirlərdə qlobal siyasət, iqtisadiyyat, ticarət, maliyyə və hərbi təhlükəsizliklə bağlı dünyanı maraqlandıran məsələlər müzakirə edilir.

2017-ci ildə Çində keçirilən 9-cu sammitdə isə konkret olaraq yeni dünya düzəni, dünya iqtisadiyyatında proteksionizmə qarşı mübarizə, ticarətdə bütün dövlətlər üçün bərabər şəraitin yaradılması, yeni beynəlxalq valyutanın formalaşdırılması və ortaq bankçılığın inkişafı kimi məsələlər müzakirə edildi. Hətta həmin tədbirdə Rusiya və Çin qlobal proseslərdə strateji qüvvələr balansının formalaşdırılması zərurətindən də bəhs edib, bunun təminatçısı kimi Çin və Rusiyanın çıxış etdiyini vurğuladılar.

Görünür, bu kimi özəlliklərə görə, 10-cu sammit ərəfəsi ABŞ Prezidenti Donald Tramp iştirakçılara müraciət edərək, "dünyanın geosiyasi, iqtisadi və maliyyə tarazlığını" pozmamağa çağırdı. Amerikanın belə reaksiya verməsini ekspertlər ciddi hadisə adlandırırlar. Çünki BRİKS-ə daxil olan ölkələrin imkanları yüksək səviyyədədir. Belə ki, dünya ərazisinin 29 faizi onlardadır. Əhalisi isə dünya əhalisinin 42 faizini təşkil edir. 2016-cı ildə BRİKS-ə üzv olan ölkələr dünyada iqtisadi inkişafın 50 faizdən çoxunu təşkil ediblər. Onların ÜDM-i də dünya ÜDM-nin 23 faizi qədər olub. Dünya ticarətinin 16 faizi və sərmayələrin 12 faizi BRİKS-ə aiddir.

Bunlara son illər təşkilata üzv olan dövlətlərin xarici siyasətdə, hərbi sahədə və maliyyədə ortaq hərəkət etmək barədə razılığa gəlməsini də əlavə etmək gərəkdir. Bu, müəyyən siyasi iradənin formalaşdığından xəbər verir. Doğrudur, Vaşinqtonun təzyiqi ilə Braziliya bir qədər kənara çəkilməyə meyil etdi, lakin bu da davamlı olmadı. İndi BRİKS dünya miqyasında əsas geosiyasi güc olmaq iddiasındadır.

Maraqlıdır ki, bu təşkilatın cəlbediciliyi də artır. Türkiyə ona maraq göstərir. Yohannesburq sammitində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib, Çin, Rusiya, Braziliya və Hindistan rəhbərləri ilə müzakirələr aparıb.

Ekspertlər 10-cu sammitin yekun bəyannaməsində vurğulanan əsas məqamlara diqqət yetirirlər. Sənəddə iştirakçılar bərabərlik və demokratiya prinsiplərinə sədaqətliliyi qeyd edib, beynəlxalq münaqişələri sülh yolu ilə həll etməyə çağırıblar (bax: Лидеры стран БРИКС приняли декларацию по итогам десяти лет работы / РИА Новости, 26 iyul 2018).

Siyasət və ticarət: beş liderin təşəbbüsləri

Suriya və Yaxın Şərq məsələsi bəyannamədə ciddi yer alıb. Sənəddə Suriyadakı terror təşkilatlarına qarşı mübarizədə birliyin əhəmiyyəti qeyd edilir. Lakin bu, BMT-nin müvafiq qətnamələrinə uyğun aparılmalıdır. İştirakçılar kimyəvi silahın kim tərəfindən istifadə edilməsindən asılı olmayaraq, onu ciddi qınayırlar. Bütün münaqişələrin müstəqil, hərtərəfli, obyektiv və şəffaf təhqiq edilməsinin əhəmiyyəti vurğulanıb.

Sənəddə digər məsələ kimi Şimali Koreya göstərilib. Şimal-Şərqi Asiyada nüvə silahının məhv edilməsinin aktuallığı vurğulanıb. Bu zaman situasiyanın sülh, diplomatiya və siyasi yolla həllinin vacibliyi ayrıca qeyd edilib. Görünür, BRİKS Koreya yarımadasındakı vəziyyətə başlıca olaraq Çin və Hindistanın maraqları müstəvisində yanaşır. Həmin ölkələr ABŞ-ın bu və ya digər regionda hegemonluğunu istəmirlər. Təbii ki, Koreya yarımadası daha geniş miqyasda Asiya-Sakit okean hövzəsi regionunda ABŞ-Çin qarşıdurması kontekstində maraq doğurur. BRİKS bu problemə laqeyd qalmadığını nümayiş etdirir.

Ekspertlər üçün təşkilatın dünya iqtisadiyyatı və ticarəti ilə əlaqəli qərarları maraqlı idi. Çünki son zamanlar dünyanı qlobal ticarət müharibəsi narahat edir. Vaşinqton demək olar ki, bütün geosiyasi güc mərkəzlərinə qarşı müharibə elan edib. Onların sırasında BRİKS-ə daxil olan Rusiya, Hindistan və Çin də var. Bundan başqa, Amerika Avropa ölkələrinə qarşı da sərt mövqe nümayiş etdirirdi. Lakin Amerikanın şərtlərini Brüsselin qəbul etdiyi haqqında informasiyalar yayılıb. Öz növbəsində Vaşinqton da Avropa ölkələrindən olan avtomobillərə, polad və alüminiuma olan əlavə vergini ləğv etməlidir. Bu halda ticarət müharibəsində ABŞ-ın əsas rəqibləri məhz BRİKS üzvləri olur.

Təşkilatın yekun bəyannaməsində dünya ticarətindəki çətinliklər vurğulanır və Ümümdünya Ticarət Təşkilatı üzərinə düşən vəzifələri yerinə yetirməyə çağırılır. BRİCS-ə üzv ölkələr hərtərəfli ticarət sisteminin qanun bazasının inkişafında iştirak etmək haqqında razılığa gəliblər. Həmçinin vurğulanır ki, dünya iqtisadiyyatının davamlı inkişafı üçün fəaliyyətin koordinasiya edilməsinə çağırış mövcuddur. Burada o da qeyd edilir ki, bu gün dünya iqtisadiyyatının dağılma riski vardır.

Bunlarla yanaşı, BRİKS üzvləri iqtisadiyyata təhlükə yaradan bir sıra problemləri də müəyyənləşdiriblər. Onların sırasında ticarət münaqişələrinin güclənməsi, geosiyasi risklərin yeni səviyyəyə yüksəlməsi, xammalın qiymətinin geniş miqyasda dəyişməsi, yüksək dövlət borclarının mövcudluğu və qeyri-bərabərlik ayrıca vurğulanır.

Bütün bunların öhdəsindən gəlmək üçün BRİKS ölkələri siyasi dialoqa və bütün istiqamətlərdə koordinasiyaya çağırırlar. Bəyannamədə bunlarla yanaşı yeni silahlanma yarışının başlamasından və kosmosun hərbi ixtilaf obyektinə çevrilməsindən narahatlıq ifadə olunub. BRİKS ölkələri əminliklərini ifadə ediblər ki, kosmosda silahsızlaşdırma bütövlükdə dünyada sülhün qorunması və təhlükəsizliyin təmin edilməsi baxımından çox faydalı ola bilər.

Nəhayət, yekun bəyannamədə korrupsiya və çirkli pulların yuyulmasına qarşı mübarizənin aktuallığı xüsusi vurğulanıb. Üzv ölkələr dünya dövlətlərini korrupsiyada ittiham olunan insanlara sığınacaq verməməyə dəvət edib, ədalət mühakiməsindən qaçanların ekstradisiyasını tələb ediblər.

Bütün bunlar onu göstərir ki, BRİKS mövcud iqtisadi, geosiyasi və hərbi vəziyyətdə yeni səviyyədə özünü təsdiq etməyə start verib. O, bir tərəfdən öz üzvlərini daha sıx birləşdirməyə çalışır, digər tərəfdən isə dünya miqyasında ABŞ-a qarşı mübarizəni şiddətləndirməyə cəhd edir. BRİKS tam mənası ilə dünya siyasəti, iqtisadiyyatı, ticarəti və hərbisinə ciddi təsir edə bilən təşkilata çevrilmək xəttini seçib.

BRİKS bu məqsədlərinə çatmaq üçün əlavə üzvlər qəbul edə bilərmi? Bu variant istisna deyil. Hər bir halda, Türkiyə Prezidenti R.T.Ərdoğanın Yohannesburqa səfəri və orada aktiv müzakirələr aparması təsirsiz ötüşməyəcək. Görünür, dünya miqyasında geosiyasi mübarizə daha da şiddətlənməyə meyillidir. ABŞ-ın özü də bu əhval-ruhiyyədədir. Vaşinqton kimsəyə güzəşt etməməkdə israrlıdır. Bu halda, qlobal proseslərin taleyi məsələsi aktuallaşır. Böyük güclər dəyişmək istəmir, yenə də rəqabətə, yarışa və öz maraqlarını təmin etməyə üstünlük verirlər. Ona görə də, köhnə ziddiyyətlər dəyişmir, üzərinə yeniləri gəlir.