ABŞ qadağan olunmuş raketləri sınaqdan keçirəcək

Baxış sayı:
7129

Pentaqon Orta və Kiçik Mənzilli Raketlərin Ləğv Olunması Müqaviləsinin (OKMRLM) qadağan etdiyi raketlərin sınağını keçirmək niyyətindədir.
Muxalifet.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Associated Press” Pentaqondan olan məlumatlı mənbəyə istinadən informasiya yayıb.
Söhbət təsir radiusu min kilometrə yaxın olan qanadlı raket, həmçinin, uzaqmənzilli (3-4 km) ballistik raketdən gedir. Qeyd olunur ki, sınaqlarda raketlərə nüvə başlıqları qoyulmayacaq. İlk raketin sınağının avqustda, ikincinin isə noyabrda keçirilməsi planlaşdırılır.
Agentliyin yazdığına görə, Rusiya və ABŞ OKMRLM üzrə öhdəliklərin davam etdirilməsi ilə bağlı ortaq məxrəcə gəlsələr, sınaqlar ləğv oluna bilər.
Xatırladaq ki, martın 4-də Rusiya prezidenti Vladimir Putin Moskvanın OKMRLM üzrə öhdəliklərinin icrasının dayandırılması barədə fərman imzalayıb. Daha əvvəl isə Ağ Ev analoji addımı atıb.
1987-ci ildə ABŞ və Rusiya arasında imzalanmış müqavilə radiusu 500-dən 5500 km-ə qədər olan ballistik və qanadlı raketlərin istismarını və saxlanılmasını qadağan edir. 1991-ci ilə kimi bütün raketlər utilizasiya edilib.
Ancaq 2014-cü ildə amerikalılar Rusiyanın 9M729 qanadlı raketinin 500 km-dən uzaqda olan hədəfləri vura bildiyini, ona görə müqavilənin tələblərini pozduğunu iddia edib. Rusiya sonradan bu iddiaları rədd edərək raketin təsir dairəsinin cəmi 480 km olduğunu bildirib.