ABŞ prezidenti müşaviri Con Boltondan məkrli yeni Suriya planı:ərəblərin qanını ərəblər axıdacaqlar – TƏHLİL

Baxış sayı:
2515

Bu günlərdə Amerika hökumətindəki qaynağa isnadla “Wall Street Journal” qəzetində ABŞ-ın Suriya üzrə yeni planı haqda dərc edilmiş yenilik dünya ictimaiyyətinin diqqətini çəkib. Deməli, nəşrə məlum olub ki, Donald Tramp hökuməti Suriyadakı Amerika kontingentini əvəzləmək üçün ərəb ordusu formalaşdırmaq və orada İŞİD-i darmadağın edəndən sonra ölkənin şimali-şərq bölümündə yerləşdirmək niyyətindədir.
ABŞ prezidentinin milli güvənlik üzrə yeni müşaviri Con Bolton bu günlərdə Qahirənin bu layihəyə qatılmaq hazırlığını öyrənməkdən ötrü Misir kəşfiyyatının başçısı Abbas Mustafa Kamillə danışıqlar aparıb. ABŞ təmsilçiləri ərəb ordusu formalaşdırmaq üçün Səudiyyə Ərəbistanı, Qətər və Birləşmuiş ərəb Əmirliklərinə müraciət etməyi qərara alıblar ki, onların yardımıyla bir neçə milyard dollarlıq büdcəni və İŞİD-in məğlubiyyətindən sonra Suriyanın güvənliyinə zəmanət üçün hərbi gücü təmin etsinlər. Əlbəttə, Səudiyyə Ərəbistanı bu layihəni gerçəkləşdirməyə hazır olduğunu bəyan edib. Bu arada ABŞ prezidenti Donald Tramp təcrübəli siyasətçi və diplomat kimi hərəkət etmir, cibini doldurmaqdan ötrü hakimiyyətə gəlmiş qəpikgüdəni daha çox xatırladır və neftlə zəngin ərəb ölkələrini tovlamağa can ataraq hər gün yeni layihələr irəli sürür. Məsələn, Tramp bu yaxınlarda ABŞ, Fransa və Böyük Britaniyanın Suriyaya raket zərbəsi vaxtı deyib ki, Suriyanın şimali-şərqində sabitliyin (!) təmin olunması xatirinə Amerikanın bölgə müttəfiqləri nəhəng məbləğ xərcləməlidirlər.
Halbuki ekspertlərin çoxu əmindir ki, Birləşmiş Ştatların irəli sürdüyü bu layihə son dərəcə sadədir və Suriya məsələsində Amerika hökumətinin dilxorluğundan xəbər verir. Onların fikrincə, layihənin özü isə Rusiya, İran və Türkiyə tərəfdən hökmən müqavimət doğuracaq və Suriyada durumu lap qəlizləşdirəcək. Amerikalılar artıq birinci dəfə deyil bölgədə hansısa ərəb koalisiyasının qurulmasından danışırlar. Məsələn, haradasa bir il qabaq ABŞ-ın öz müttəfiqlərilə birgə İran nüfuzuyla mübarizə üçün ərəb ölkələrinin hərbi koalisiyasını yaratmaq cəhdləri haqda məlumatlar meydana çıxıb. Lakin ABŞ-ın müəyyən strategiyasızlığı və Suriyanın sonrakı taleyi haqda bölgə oyunçuları arasında fikir ayrılıqları buna gətirib çıxarıb ki, son dərəcə qəliz və dolaşıq Suriya durumunda bu layihəni gerçəkləşdirmək belə də mümkün olmayıb. Bu koalisiya təkcə bir neçə ölkəylə məhdudlaşsa, onda çox ehtimal ki, söhbət indiyədək qarşısına qoyduğu hədəfə yetməyən Yəməndə eynilə belə bir ərəb koalisiyasının qurulmasından gedir. İstənilən halda bu bölmələrin Suriyaya göndərilməsi müstəqil ölkənin suverenliyinin pozulduğunu bildirəcək – xüsusən də bu tədbirin, çox güman ki, BMT Təhlükəsizlik Şurasının sanksiyaları olmadan həyata keçiriləcəyi halda.
Suriyanın şimalında, Suriya münaqişəsinə cəlb edilmiş bütün tərəflərin çıxış əldə etməyə can atdığı neft-qaz yataqları yerləşir. Amerika layihəsi tərəfdarları bildirirlər ki, ərəb qüvvələri Suriyanın şimalında ölkəni İŞİD-in növbəti dəfə meydana çıxmasından qoruyacaqlar, amma, əslində, bu, “müqavimət oxu” orduları və İranyönlü birləşmələrə yol verməmək üçün edilir. Bu layihənin əsas hədəflərini bir qırağa qoyaraq anlamaq gərəkdir ki, onu işdə həyata keçirmək alınmayacaq. Səudiyyə Ərəbistanı faktiki olaraq onda hər hansı iştirakdan məhrumdur, buna görə də səudiyyəli hərbçilər əvvəlkitək dörd ildir Ər-Riyadın militarist çevrələrinin törətdiyi münaqişəyə cəlb olunub və Yəməndə belə də heç bir nəticə əldə etmədən üzücü savaş aparırlar. Əmirliklər hərbçilərinin xarici fəaliyyəti də ancaq bir neçə özəl əməliyyatla məhdudlaşıb və səudiyyəli həmkarlarilə bərabər Yəməndə vuruşu sürdürürlər.
Qətər öz növbəsində ərəb ölkələri tərəfindən təcridə salınıb və bütün Fars körfəzi bölgəsinə təsir edən böhran yaşayır, buna görə də Qətər hərbçiləri bu ölkələrin onların ünvanına istənilən təcavüz aktını dəf etmək məqsədilə öz dövlətlərinin sərhədlərini fəal şəkildə qorumağa məcburdurlar. Hər şeydən göründüyü üzrə, Qətərin Fars körfəzinin başqa ərəb ölkələrilə münasibətlərindəki böhranı bu cür tez çözmək alınmır və bunun tənzimlənməsinə xeyli vaxt gedəcək.
İordaniya hərbçiləri də öz ölkələrinin şimal sərhədlərini tərk etmək niyyətində deyillər, çünki bu halda Suriyaya bitişik bölgələr müdafiəsiz qalar. Bundan başqa, nəzərə almağına dəyər ki, bu hərbçilər xaricdə yalnız məhdud sayda əməliyyatlara qatıla bilərlər. 2011-də Bəhreyndə və 2016-da Fransa, Əlcəzair və Əmirliklər bölmələrinin tərkibində Malidə hökumət idarələrinin müdafiəsi üçün Qətər kontingentinin yeridilməsini aparılan bu cür əməliyyatlara aid etmək olar.
Misir hərbçiləri də indiki anda Sinay yarımadasında terrorçu qruplaşmalara qarşı genişçaplı əməliyyatlara qatılıb və döyüş əməliyyatlarının başqa bölgələrinə yerdəyişim imkanında deyillər.
ABŞ-ın yeni layihəsi bədnam ad çıxarmış Black Water özəl hərbi şirkəti qurucusunun diqqətini çəkib. O, aprelin 16-da bildirib ki, ərəb dövlətlərinin təmsilçiləri qüvvələrin cəmləşdirilməsi və Suriyaya  göndərmək üçün onunla təmasa giriblər, amma o bu layihə haqda daha ayrıntılı məlumat əldə etməyi gözləyir. Bu şirkətin əməkdaşları müxtəlif ölkələrdəndirlər: ABŞ, Çili, Filippin. Və dünyanın müxtəlif guşələrində iş aparırlar. Amma yada salmağına dəyər ki, Black Water-in xüsusən 2005-2007-də İraq hadisələrinin gedişində mülki şəxslərə münasibətdə qəddar cinayətlərdə əli var. Ən səs-küylü cinayət Bağdadda Ən-Nəsur meydanında bu şirkət əməkdaşlarının toplanan vətəndaşlara atəş açdığı zaman baş verib. Maraqlıdır ki, Səudiyyə Ərəbistanı və BƏƏ rəsmi təmsilçiləri Black Water-lə artıq bir sıra müqavilələr bağlayıblar. Belə ki bu şirkət əməkdaşları Yəmənə hücuma qatılıblar. Səudiyyə Ərəbistanı hökuməti, öz növbəsində, ölkənin varis şahzadəsi Muhəmməd ibn-Salmana qarşı müxalifət təşkil edən şahzadələrin həbsi üçün bu şirkətin xidmətindən faydalanıb. Bununla bağlı ehtimal yüksəkdir ki, Black Water bu iki ərəb ölkəsinin adından öz bölmələrini Suriyaya göndərəcək.
Bütünlükdə etiraf etmək olar ki, ərəb dövlətləri ABŞ-ın Suriya üzrə yeni planının varlığı haqda çoxsaylı məlumatlar fonunda hətta çox arzulasa da, öz qoşunlarını ora göndərə bilməz. Ərəblər artıq 2012-də Suriyaya əsasən Misir hərbçilərindən ibarət qoşun göndərmək təklifilə çıxış ediblər və sözügedən dövlətlər bu təşəbbüsü bəyənib, amma o zaman Misirdəki qarışıq durum və bu yöndə qəti tədbirlərin olmaması onun gerçəkləşməsinə mane olub.
Tərcümə Strateq.az-ındır.