ABŞ Patriot və F-16 satışına icazə verdi

Baxış sayı:
6541

 ABŞ Xarici İşlər Nazirliyi Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreynə təxminən 6 milyard dollarlıq silah satışına razılıq verib. Üç ayrı paket halında qəbul olunan satışlar, BƏƏ ilə Bəhreynin Patriot raket sistemləri almasını nəzərdə tutur. Bəhreyn həmçinin F-16 təyyarələrinə əlavə silah sistemləri də satın alır.
 
Pentaqona bağlı ABŞ Müdafiə Təhlükəsizlik Əməkdaşlıq Agentliyi (DSCA) ABŞ Xarici İşlər Nazirliyinin sözügedən mümkün silah satışlarına razılıq verdiyi barədə Konqresi məlumatlandırıb.
Üç ayrı paket halında qəbul olunan silah satışlarının hər biri üçün Konqresə ayrı bir məktub göndərən agentlik, BƏƏ və Bəhreynə bütövlükdə 5 milyard 958 milyon dollarlıq silah satışına razılıq verildiyini bildirib.
Razılığa görə, Bəhreynin 2 milyard 478 milyon dollar qarşılığında Patriot raket sistemləri ilə bu sistemlərə inteqrasiya avadanlıqları alması nəzərdə tutulur. Bu paket içərisində təyyarələri və naviqasiya raketlərini vura bilən 36 ədəd Patriot MIM-104e model idarə olunan raket satışının yer aldığı qeyd edilib.
Bəhreynin həmçinin hava donanmasında saxladığı F-16-larda istifadə edilmək üçün 750 milyon dollar dəyərində əlavə silah sistemləri alacağı ifadə edilib. Bu paketin içində isə 32 ədəd AIM-9x raketi, 20 ədəd AGM-84 Block II Harpoon raketi və 100 ədəd də GBU-39 yer alır.
BƏƏ-nin isə yenə Patriot raket sistemləri və bu sistemlərə inteqrasiya əlavə avadanlıqlarını 2 milyard 730 milyon dollar qarşılığında alması nəzərdə tutulur.
Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri üçün satışı təsdiq olunan silahları, Amerikanın Raytheon və Lockheed Martin firmaları istehsal edir.
ABŞ rəhbərliyi keçən ay da Səudiyyə Ərəbistanına 2.4 milyard dollarlıq THAAD (Yüksək Ucalıq Hava Müdafiə Sistemi) raketləri satmışdı.
Müxalifət.az