ABŞ öz əlləri ilə Rusiyanı arxa bağçasına yerləşdirdi - Venesuelada baş tutmayan çevriliş cəhdinin nəticəsi

Baxış sayı:
5656

Venesueladakı çevriliş cəhdini ABŞ planlaşdırdı və oradan idarə elədi.

Çünki, evinin arxa bağçası hesab elədiyi Latın Amerikasında “sosialist” iqtidar istəmir.

Latın Amerikasının tarixi məhz buna görə “çevrilişlər tarixi”dir.

“Ağ əlcəkli çevriliş” deyimini internetdən də olsa araşdırın, sizə çox tanış gələcək bir tarixlə qarşılaşacaqsınız.

Braziliya, Argentina kimi bəzi böyük ölkələrdə son illərdə baş verən çalxantılarda müəyyən qədər “uğur” da qazanılıb.

Son cəhd Venesuelada “hələlik” uğursuz oldu.

Lakin bu səfər uğursuzluqdan daha böyük bir “təhdid” vardır.

Rusiya…

***

ABŞ əvvəlcə müxalifətin lideri Leopoldo Lopezi dəstəklədi, lakin o, “ev dustağı” edildikdə, Xuan Quaydonu dəstəkləməyə başladı.

Onsuz da ağır vəziyyətdə olan iqtisadiyyatı embarqolar və ölkənin xaricdəki varidatını dondurmaqla daha da bərbad elədi.

Çünki müxalifətin arxasında lazımi xalq dəstəyi yox idi.

Xalq da “cibini” düşünürdü!

Əks halda, ordu da daha çox qarşıqlıq istəmədiyi üçün xalqla birlikdə hərəkət edərdi!

Yəni sosialist prezident Nikolas Maduronu devirərdi!

***

Lakin elə olmadı.

Xalq neft zəngini olan ölkədə benzinsiz, çörəksiz və dərmansız qaldı.

Lakin “bolivarçı” sosialist iqtidarına qarşı çevrilişi dəstəkləmədi.

Quaydo təqribən 6 ay boyunca “küçəyə çıxış” çağırışlarına yalnız cılız dəstək ala bildi.

ABŞ qorxutmaq üçün “işğal edərik”ə qədər təhdidlər yağdırdı.

Yenə olmadı.

Quaydo aprelin son günü “çevriliş cəhdi” etdi, uğursuz oldu.

Mayın 1-də xalqı küçələrə çağırdı, heç kim çıxmadı.

Dünən də “ümumxalq tətili” çağırışı etdi.

Yenə dəstək tapa bilmədi.

***

Bu uğursuzluq daimi olacaqmı? Görəcəyik.

Lakin daimi olan bir şey var.

ABŞ okeanın o tayından rəqabət apardığı Rusiyanı öz əli ilə Latın Amerikasına yerləşdirmiş oldu.

Çünki Maduronun arxasındakı ən mühüm “silahlı və pullu” qüvvə Rusiyadır.

Mənəvi güc isə Kubadır.

Ona görə də ABŞ indi Rusiya ilə Kubanı günahlandırır.

Rusiyaya “embarqo” qoyur.

Əgər Venesuelada Maduro qalarsa, ABŞ-ın “müttəfiq hakimiyyət” vəziyyətinə saldığı digər ölkələrdə də vəziyyət dəyişilə bilər.

Artıq “arxa bağçada” yeni bir qonşu var.

Mustafa Kartoğlu

mustafa.kartoğlu@aksam.com.tr

Tərcümə Hurriyyet.org-undur.