​ABŞ öz hökmranlığı üçün... - Dünya 100 il əvvələ QAYIDIR

Rusiya və ABŞ-ın münasibətləri bu gün o qədər aşağı səviyyəyə enib ki, çoxlar yeni Karib böhranı haqqında danışmağa başlayıblar.
Muxalifet.az xəbər verir ki, bu fikirlər “Rusiya bu gün” beynəlxalq informasiya agentliyinin təşkil etdiyi “Karib böhranı və müasir reallıqlar” dəyirmi masasında ifadə edilib.
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin beynəlxalq təşkilatlar və dünya siyasi proseslərinin idarə olunması kafedrasının rəhbəri Andrey Sidorov bildirib ki, ABŞ müxtəlif metodlarla öz hökmranlığının davamı üçün kifayət qədər sərt mübarizə aparır. Amma onun fikrincə, hazırda Karib böhranı (1962-ci il, “soyuq müharibə”nin ən dramatik mərhələlərindən biri –red.) vaxtı yaranan vəziyyət müşahidə olunmur.
Müasir reallıqda Karib böhranının qeyri-mümkünlüyü haqqında onun fikrini Rusiya Xarici İşlər Nazirliyinin Diplomatiya Akademiyasının professoru Sergey Bolşakov da bölüşür.
“ABŞ qlobalist kimi öz xəttini davam etdirir. Amma ABŞ-ın qlobal siyasətinin reallaşdırması üçün şərtlər dəyişib”, - o deyib.
M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin dünya siyasəti və beynəlxalq təhlükəsizlik kafedrasının dosenti Aleksey Fenenko isə, öz növbəsində, hesab edir ki, müasir vəziyyət 1962-ci ildəki vəziyyətdən daha pisdir. Onun sözlərinə görə, müasir dünya nəinki Karib böhranının nöqtəsinə, hətta I Dünya müharibəsi dövrünə hərəkət edir.
Ekspert qeyd edib ki, ABŞ-ın şərq yarımkürəsində müharibə aparmaq imkanları vəziyyəti daha da təhlükəli edir. Fenenko vurğulayıb ki, Rusiya və Çin qərb yarımkürəsində bunu etmək imkanlarına malik deyil.
Rusiya Raket və Artilleriya Elmləri Akademiyasının müxbir üzvi Konstantin Sivkov tamamilə başqa fikrə tərəfdardır.
“Karib böhranına analoji vəziyyətin yaranması, mənim fikrimcə, tamamilə mümkündür”, - o bildirib.