ABŞ nəşri erməni terrorçularından yazdı

Baxış sayı: 65

ABŞ-ın “Nyus Bleyz” nəşrində amerikalı jurnalist və publisist Nurit Qrinqerin “Ermənistanın təriflənən terrorçusu: Varujan Karapetyan” sərlövhəli məqaləsi dərc edilib.
Muxalifet.az xəbər verir ki, məqalədə Ermənistanda terrorçu və nasistlərin qəhrəman kimi qələmə verilməsindən bəhs olunur. Müəllif yazır ki, Fransa aeroportunda Türkiyə və digər ölkələrin vətəndaşlarına qarşı terror aktı törətmiş Varujan Karapetyan Ermənistanda milli qəhrəman kimi qələmə verilir.
Erməni əsilli Suriya vətəndaşı olan Karapetyan Ermənistanın ASALA (Ermənistanın Azadlığı uğrunda Gizli Erməni Ordusu) terror təşkilatının üzvü olub. 1983-cü il iyulun 15-də 20 yaşlı Karapetyan ASALA-nın fransız şöbəsinə başçılıq edərkən Parisin Orli aeroportunda “Türkiyə Hava Yolları” şirkətinin sərnişinlərinin qeydiyyat bölməsinə bomba qoyub. Bu, qondarma “erməni soyqırımı”nın tanınmasına görə ASALA-nın Türkiyəyə qarşı qlobal mübarizə kampaniyasının tərkib hissəsi idi. Partlayış nəticəsində 8 nəfər ölmüş, 55 nəfər yaralanmışdı. Ölənlərin dördü fransız, ikisi türk, biri amerikalı, biri isveçli idi. 1985-ci il martın 3-də Karapetyan təqsirli bilinərək ömürlük həbs cəzası almışdı. Qrinqer qeyd edir ki, 17 il həbsxanada olmuş Karapetyan 2001-ci il aprelin 23-də Fransanın Burj Apelyasiya məhkəməsi tərəfindən əfv olunmuş və Ermənistana deportasiya şərti ilə azadlığa buraxılmışdı.
Karapetyan Fransa həbsxanasından sonra qayıtdığı Ermənistanda qəhrəman elan edilib. Yerevan şəhər meri Robert Nazaryan Karapetyanı iş və mənzillə təmin etməyə söz verib. O zaman baş nazir olan Andranik Marqaryan Karapetyanı hörmətlə qəbul edib, onun azad edilməsi ilə bağlı sevincini bildirib. Ermənistanın ziyalıları, o cümlədən Zori Balayan, Silva Kaputikyan, Soso Sarkisyan, Gevork Emin, Perç Zeytuntsyan, Levon Ananyan və başqaları terrorçu Karapetyana dəstəklərini ifadə ediblər.
Sonra müəllif öz bəd əməlləri ilə tanınmış digər erməni terrorçuları barədə yazır. Qeyd edir ki, Ermənistan Azərbaycan ərazisini işğal edən zaman 1992-ci il fevralın 26-da Ermənistan qoşunları tərəfindən azərbaycanlı mülki şəxslərə qarşı törədilmiş Xocalı qətliamının əsas təqsirkarlarından biri terrorçu Monte Melkonyan olub. 2016-cı ildə Ermənistan prezidentinin, hökumət nazirlərinin, hakim partiya rəhbərlərinin və parlamentarilərin iştirakı ilə Yerevanda Qaregin Njdenin – erməni millətçisinin və nasistinin abidəsi açılıb.
Qrinqer məqalənin sonunda vurğulayır ki, dünya ictimaiyyəti Ermənistanın terrorçulara və nasistlərə dəstəyini nəzərə alaraq, ərazi bütövlüyü beynəlxalq birlik tərəfindən tanınmış Azərbaycanın 20 faiz torpaqlarının iyirmi ildən çoxdur işğal altında qalmasına susmamalı və ədalətin bərpası üçün bütün qüvvəsini sərf etməlidir.