ABŞ-ın məşhur meydanında Corc Floydun xatirəsi anılır - VİDEO

Baxış sayı:
274

ABŞ-ın Nyu-York şəhərində afroamerikalı Corc Floydun xatirəsinin anılması məqsədilə “Times” meydanına çiçəklər səpilib.

Meydanın mərkəzinə nümayişçilərin göndərdiyi 10 min ədəd çiçək dəstələri qoyulub, qırmızı və ağ qərənfillərlə daşların üzərinə Corc Floydun adı yazılıb. 

Eyni zamanda meydanın qarşısına qoyulan xüsusi lövhədə daşların üstünə səpilən ağ və qırmızı qızıl güllərin mənası haqqında məlumatlar yer alıb. Belə ki, meydana səpilən 2 500 qırmızı qızıl gülün qəzəbi təmsil etdiyi və ədalətsiz davranış nətiəsində öldürülmüş həyatların qanının simvolu olduğu, ağ qızılgüllərin isə qələbənin, yeniliyin, gələcəyə ümidin ifadəsi olduğu yazılıb.

Afroamerikalı musiqiçi, saksafon ifaçısı Svit Levis isə Corc Floydun xatirəsinə əssərlər ifa edib. O, "Report"a açıqlamasında Corc Floyd üçün ədalət istəyib və günahkar polisin ən qısa zamanda qanun qarşısında cavab verməsini diləyib: “Qardaşımız öldürüldü, onun həyatı əlindən alındı. Onun qızını gördüyüm zaman sadəcə acı hiss edirdim. Allaha şükür həmin anda kameralar onu görüntüləyib. Sadəcə nəticənin ədalətli olacağını görmək istəyirik”.

Qeyd edək ki, "Times" meydanının ətrafı polis tərəfindən xüsusi dəmir barmaqlıqlarla hasara alındığından nümayişçilər əraziyə daxil ola bilmirlər. Bununla belə, Nyu-York şəhərində etiraz aksiyaları səngimir. Günün bütün saatlarında şəhərin üç böyük rayonunun mərkəzi küçələri və meydanlarında mitinqlər davam edir.

Xatırladaq ki, mayın 25-də sosial şəbəkələrdə Corc Floydun saxta əsginaslarla ödəniş etdiyi şübhəsi ilə saxlanılma anının videosu yayılıb. Ağdərili polis afroamerikalının qoluna qandal vuraraq onu yerə yıxıb və ardından dizini boynuna qoyub. Videoda onun nəfəs ala bilmədiyini dediyi, ancaq polisin buna əhəmiyyət vermədiyi də görünür. Bu hadisədən qısa müddət sonra Corc Floyd təcili yardım maşını ilə xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Afroamerikalının ölümünə səbəb olan polis əməkdaşı Derek Çauvinin əvvəllər 18 dəfə məhkəməyə verildiyi və haqqında çoxsaylı şikayətlərin olduğu ortaya çıxıb.