​ABŞ-la Türkiyənin “viza gərginliyinin” əsl səbəbi

 
Rusiya və İran Türkiyənin taktiki müttəfiqləridir, ABŞ isə strateji müttəfiqdir və bütün fikir ayrılıqlarına baxmayaraq, bu müttəfiqliyin pozulacağı inandırıcı deyil.
Muxalifet.az xəbər verir ki, bu sözləri axar.az-a politoloq Nəzakət Məmmədova Türkiyə və ABŞ arasında son günlər yaşanan viza məsələsi ilə bağlı problemə münasibət bildirərkən deyib. O bildirib ki, ABŞ və Türkiyənin qarşılıqlı şəkildə qeyri-emiqrasiya vizalarının verilişini dayandırması iki ölkə arasında uzun müddətdir davam edən diplomatik gərginliyin kuliminasiya nöqtəsidir:
“ABŞ-ın bu gözlənilməz addımı İstanbuldakı Baş Konsulluğunun FETÖ ilə əlaqədə şübhəli bilinən əməkdaşının həbs olunması ilə əlaqələndirilir. Lakin ABŞ kimi bir dövlətin diplomatik personalın üzvü olmayan bir türk vətəndaşına görə bu addımı atması inandırıcı deyil. Burada bir neçə mühüm səbəblər vardır ki, konsulluq əməkdaşının həbsi bunlardan yalnız biridir. Onu da xatırladım ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın son Vaşinqton səfərində ABŞ Prezidenti Donald Trampla görüşü zamanı İzmirdə FETÖ-çü olmaqda şübhəli bilinərək həbs edilən Endryu Brunson adlı din xadiminin azad olunması məsələsi də vardı. Dünən isə “Nyu York Tayms” qəzeti Türkiyədə 12 ABŞ vətəndaşının həbs olunduğunu yazıb.
Həbsdə olan ABŞ vətəndaşları gərginliyin artmasına səbəb olan məsələlərin yalnız bir hissəsidir”.
N.Məmmədova qeyd edib ki, Ərdoğan Venesuela prezidenti ilə mətbuat konfransı zamanı ölkədəki qarşıdurmanın xarici qüvvələrin müdaxiləsi olmadan həll olunmalı olduğunu deyib:
“Eyni zamanda, o, çıxışında Latın Amerikası ölkəsinə hər cür kömək göstərməyə hazır olduğunu da qeyd edib. Hazırda isə Maduro hökuməti ilə demokratik müxalifət adlandırılan qüvvələr arasında mübarizə gedir və ABŞ müxalifətin tərəfində çıxış edir. Venesuela Prezidenti Maduroya qarşı da bir çox sanksiyalar tətbiq edilməkdədir. Ərdoğanın Qətər məsələsində olduğu kimi, indi də Venesuelanı Amerikaya qarşı dəstəkləməsi sözsüz ki, Vaşinqtonun narazılığına səbəb olur”.
Politoloq vurğulayıb ki, ABŞ-Türkiyə münasibətlərinin gərginləşməsinə digər bir səbəb isə Menbicdə Türkiyənin dəstək verdiyi müxalifətçilərlə ABŞ koalisiyasının hərbçiləri arasında baş vermiş atışmadır:
“Türkiyənin İran və Rusiya ilə birlikdə İdlibdəki fəaliyyəti də ABŞ-ı narazı salan məsələlərdəndir. Baxmayaraq ki, bu fəaliyyət Amerikanın İŞİD-ə qarşı mübarizə planları ilə ziddiyyət təşkil etmir. Lakin hansı məqsəd olursa-olsun, Rusiya-Turkiyə-İran birliyi heç bir halda ABŞ-ı razı sala bilməz. Bu, hər şeydən əvvəl NATO müttəfiqinin Vaşinqtona olan sədaqətini şübhə altına alır.
Ərdoğanın oktyabrın 8-də çıxışı zamanı İŞİD, PKK, PYD/YPG kimi terror təşkilatlarının Qərbdən ciddi dəstək aldığını bəyan etməsi ABŞ-Turkiyə münasibətlərinin daha da gərgin həddə çatmasıyla nəticələnib”.
Politoloq bütün bunlara baxmayaraq, bu iki ölkə arasında artıq 70 ilə yaxın bir müddətdə formalaşmış müttəfiqlik əlaqələrinə son qoyulacağının inandırıcı görünmədiyini bildirib:
“Proseslərin bundan sonra necə cərəyan edəcəyi ilk növbədə ABŞ-dan asılı olacaqdır. Çünki ABŞ dünya siyasətinə əsas yön verən ölkədir. Orta Şərqdəki əsas NATO müttəfiqi olan Türkiyənin də davranışı Amerikanın siyasətinə adekvat olacaqdır”.
Qeyd edək ki, ABŞ Türkiyədən gələn viza müraciətlərini qəbul etməyi qeyri-müəyyən bir müddətə dayandırdığını açıqlayıb. Türk mediası sözügedən qərarın ABŞ-ın İstanbul Konsulluğunun əməkdaşı Mətin Topuzun FETÖ istintaqı çərçivəsində tutulması ilə bağlı olduğunu yazıb. Buna cavab olaraq, Türkiyə də ABŞ vətəndaşlarına viza verilməsini dayandırıb.