​ABŞ Kürdüstandan vaz keçir – Səbəb

Rusiya və ABŞ arasında İraq uğrunda rəqabət dərinləşir.
Bu sözləri ABŞ Dövlət katibi Reks Tillersonun İraqa ani səfərini şərh edən politoloq Tofiq Abbasov deyib. Onun sözlərinə görə, ABŞ-ın Kürdüstan planı fiaskoya uğradığından Vaşinqton hazırda bir qədər geri çəkilib:
“Əslində, bu taktiki gedişdir və strateji add;m anlamına gəlmir. Çünki İraqın parçalanmasını istəyən ABŞ və İsrail bu federal dövlətin dağılmasının tərəfdarı kimi çıxış etdilər. Sözdə müttəfiqlikdən danışan, ancaq əməldə bu müttəfiqliyi dağıdan və İraq dövlətinə təsirli zərbələr endirən ABŞ indi fiaskodan sonra vəziyyəti bir qədər yumuşaltmağa çalışır. ABŞ göstərmək istəyir ki, İraqla münasibətlərində heç bir eniş yoxdur və guya həmin formatı qorumaq niyyətindədir. Ancaq faktiki olaraq ABŞ-ın Yaxın Şərq siyasətindən ən çox zərər çəkən məmləkət İraqdır. Bunu gözəl anlayan Vaşinqton bu bölgədəki mövqelərini əldən verməməyə çalışır. Bu baxımdan bölgədə qızğın neft müharibəsi gedir. Hətta Rusiya İraq Kürdüstanında “Rosneft”in iştirakı ilə yeni razılaşmalar əldə edib. Bu fonda bölgədəki neft müharibəsinin daha da kəskinləşəcəyini söyləmək olar”.
Politoloq ABŞ Dövlət katibi Reks Tillersonun İraqa qəfil səfərini böyük fiaskodan sonra ABŞ-ın Yaxın Şərq siyasətində ilk addım kimi qeyd edib:
“ABŞ Yaxın Şərq siyasətini bir növ canlandırmaqdan ötrü bu cür addımlar atır. Digər tərəfdən isə islam birliyinə və ərəb dövlətlərinə Vaşinqtonun niyyətlərinin sağlam olduğunu göstərmək istəyir. Əslində, hamıya bəllidir ki, İraqın başına gələn faciələr məhz ABŞ-ın məxfi razılığı, dəstəyi və iştirakı ilə həyata keçib. Bu gün faktiki olaraq İraq vacibliyinə görə Suriyanı arxa planda qoyur. Bu baxımdan da ABŞ öz mövqelərini qorumaq istəyir”.
Qeyd edək ki, ABŞ Dövlət katibi Reks Tillerson gözlənilmədən İraqın paytaxtı Bağdada səfər edib.