​ABŞ Krımda Duma seçkisini qanuni saymadı

ABŞ Dövlət Departamenti Rusiya tərəfindən ilhaq edilmiş Krımda keçiriləcək Duma seçkisinin nəticələrini legitim hesab etməyəcək.
Bu barədə bəyanatı Dövlət Departamentinin sözçüsü John Kirby verib.
“ABŞ Rusiya tərəfindən işğal edilmiş Krımın ərazisində 18 sentyabra planlaşdırılan Rusiya Duması seçkisini qanunsuz hesab edir və onun nəticələrini tanımayacaq”- deyilir Dövlət Departamentinin internet saytında.
Bəyanatda bir daha xatırladılır ki, Rusiya işğal etdiyi ərazini Ukraynaya qaytaranadək Moskvaya qarşı iqtisadi sanksiyalar qüvvədə qalacaq.
“Biz adamların itməsi, Krım tatarlarının vəziyyəti və başqa insan haqları pozuntuları da daxil yarımadadakı humanitar durumdan hələ də narahatıq” – deyilir bəyanatda.
Sentyabrın əvvəllərində Ukrayananın Ali Radası xarici dövlətləri Krım ərazisində keçiriləcək Duma seçkisinə müşahidəçilər göndərməməyə və seçki nəticələrini tanımamağa çağırmışdı.
Ukrayna millət vəkilləri xəbərdarlıq etmişdilər ki, Krıma seçki müşahidəçiliyi üçün gələn əcnəbilər barədə sərhədin qanunsuz pozulması ittihamı ilə cinayət işləri qaldırılacaq.
Buna cavab olaraq Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, Rusiya “öz ərazisində keçirdiyi seçkilərin məsələsini başqa ölkələrlə müzakirəyə çıxarmaq niyyətində deyildir”.
Ukrayna isə xəbərdarlıq etmişdi ki, Krımda Rusiya Dumasına seçkinin keçiriləcəyi təqdirdə Ukrayna ərazisindəki Rusiya vətəndaşlarının seçkidə iştirak etməsinə imkan verilməyəcək.
Buna cavab olaraq Moskva bildirmişdi ki, Ukraynadakı Rusdiya diplomatik missiyaları Rusiya ərazisi sayılır və bu ərazidə seçkilər mütləq keçiriləcək.
Ruisiya MSK-nın məlumatına görə Ukraynada səsvermə hüququ olan 80 minədək Rusiya vətəndaşı yaşayır.