ABŞ-ın keçmiş səfiri Azərbaycanla bağlı məqalə yazdı

Riçard Kozlariç: “ABŞ-Azərbaycan münasibətləri ciddi böhran keçirir”

Birləşmiş Ştatların Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariçin www.brookings.edu saytında məqaləsi dərc edilib. Yazı Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin sitatı ilə başlanır: “… yolumuz aydındır… Azərbaycanda qurduğumuz hökumət və cəmiyyət Qərb dəyərlərinə əsaslanır, buraya demokratik plüralizm, azad bazar iqtisadiyyatı, universal insan haqlarına hörmət edən dünyəvi respublika daxildir”.

Müəllif yazır ki, 2014-cü il dekabrın 3-də Azərbaycanda Heydər Əliyev erası bitdi. Birləşmiş Ştatlarla Azərbaycan arasında öncəki yaxın siyasi münasibətlər də bununla getdi.

Heydər Əliyevin yürütdüyü xarici siyasət Qərblə enerji münasibətlərini, Birləşmiş Ştatlar, ATƏT, Avropa Şurası, Avropa Birliyi və NATO ilə siyasi və təhlükəsizlik əməkdaşlığını önə çəkirdi. Ancaq oğlu və varisi, Azərbaycanın indiki prezidenti İlham Əliyev getdikcə atasının yolundan çıxıb, indi isə keçmişlə tamamilə üzülüşdüyü görünür.

SUSQUNLUQ

Riçard Kozlariç sonun Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin məqaləsi ilə gəldiyini yazır:”İlham Əliyevin Azərbaycanın xarici siyasətindəki böyük dəyişikliyə susqunluğu gözə çarpır. Eləcə də Vaşinqton DC-dən rəsmi reaksiya gəlmir. ABŞ-Azərbaycan münasibətləri əslində bir müddətdir, ciddi böhran keçirir.

Mehdiyev məqaləsində əmin edir ki, ABŞ Heydər Əliyevin prezidentliyinin ta başlanğıcından bəru “yerli müxalif ünsürlərlə rəngli inqilablar” həyata keçirmək üçün “beşinci kolon” yaratmağa çalışıb… Mehdiyev bəyan edir ki, Azərbaycan dünyanın dominant ölkəsindən uzaqlaşmalı, “güclü prezident və sabitlik” ətrafında qurulmuş milli birlik yolunu seçməlidir”.

Keçmiş səfir Mehdiyevin məqaləsindən sonra Birləşmiş Ştatlara hücumların artdığını, AzadlıqRadiosunun Bakı bürosunda axtarış aparıldığını, 2014-cü ildə onlarla azərbaycanlının saxlandığını vurğulayır.

XƏYAL QIRIQLIĞI

Müəllif daha sonra ABŞ-Azərbaycan münasibətlərinin niyə korlanmasının səbəbini tapmağa çalışır.

Onun fikrincə, Əliyev rejimi Birləşmiş Ştatların demokratiya çağırışları və insan haqları pozuntularını tənqidi getdikcə daha çox xəyal qırıqlı ilə əvəz edilir. Azərbaycan Birləşmiş Ştatlardan həmişə tələb edib ki, onun regiondakı mövqeyi və enerji istehsalçısı olmasını nəzərə alıb strateji tərəfdaşı kimi tanısın: “Azərbaycanın beynəlxalq “imici”nin təbliği və beynəlxalq mövqeyinin güclənməsinə xidmət edən ikitərəfli prezident görüşləri olmayıb, İlham Əliyevin Oval ofisdə ABŞ prezidentilə görüş fotoları yayılmayıb. Əvəzində ABŞ QHT-ləri, Sülh Korpusu okeanın o tayından daha çox tənqid gətirib. “Azadlıq” radiosunun rejimin korrupsiyası ilə bağlı yazıları isə bu dilxorçuluğu daha da artırıb”.

UKRAYNA MODELİ

Son bir ildə Bakı ABŞ-ın Ukrayna hadisələrində rolunu da izləyib və bu da Azərbaycanın ənənəvi xarici siyasətindən uzaqlaşmasını sürətləndirib. Rejimin nöqteyi-nəzərindən, Vaşinqtonun Kiyevdə hökumət dəyişikliyini dəstəkləməsi ABŞ-ın Azərbaycana və regiondakı hadisələrə “ikili yanaşması”nın sübutudur. Bakı düşünür ki, ABŞ Azərbaycanda da eyni şeyi həyata keçirə bilər. Ən azı Azərbaycanda siyasi və insan haqları pozuntularına işıq salan fəaliyyət 2015-ci il Avropa Oyunları ərəfəsində ölkənin imicini korlayar.

Müəllifin fikrincə, “Azadlıq” radiosuna basqın Bakının “ABŞ təhlükəsinə” reaksiyasını, həm də rejimin öz xalqından qorxduğunu göstərir. Rusiyanın müdaxiləsindən sonra Ukraynada baş verənlər Azərbaycanın siyasi rəhbərliyini də silkələyib. Onlar Ukraynaya özlərinin üzləşə biləcəyi model kimi baxırlar.

ÖHDƏLİKDƏN AZAD MÜNASİBƏT

Riçard Kozlariç yazır ki, indi ABŞ-Azərbaycan münasibətləri yeni – Ramiz Mehdiyevin dekabrın 3-də qoyduğu reallığa əsaslanmalıdır. Yəni bu ikitərəfli münasibət daha normal və praktik, “strateji” münasibət axtarmaq öhdəliyindən azad ola bilər. Üstəlik, qlobal enerji bazarında baş verənlər fonunda, Azərbaycan enerjisi 20 il öncəki kimi münasibətlərimizdə əsas qüvvə deyil. Enerji siyasi deyil, ticarət məsələsi olmalıdır. İranla nüvə sazişi perspektivi isə Azərbaycanın regional əhəmiyyətini də azaltmış olar.

Müəllif ikitərəfli münasibətlər, sosial media da daxil olmaqla, yeni yanaşmaları nəzərdən keçirməyə çağırır. Məqsəd yerli tərəfdaşlara risklərin azaldılmasıdır.

İkincisi, ABŞ-dan narahatlıq bəyanatlarından daha çox şey tələb olunur. Keçmiş səfir Dövlət Departamentinin keçmiş rəsmisi David Kramerlə birlikdə konkret addımlar təklif etdiyini də xatırladır.

HÖRMƏT QAZANMAĞIN YOLU

Keçmiş səfir yazır ki, Ramiz Mehdiyev ABŞ-Azərbaycan münasibətlərini ən vacib elementə qədər məhdudlaşdırıb: Ermənistanla Dağlıq Qarabağ münaqişəsinin sülh yoluyla həllinədək: “İkitərəfli münasibətlərdə bundan vacib məsələ ola bilməz. Tərəflər üçün aydın hədəf tarixi qoymağın vaxtıdır ki, Mİnsk Qrupunun vasitəçilik cəhdlərindən yararlanıb münaqişəni sülh yoluyla həll etsinlər”.

Cənab Kozlariç tərəfləri ikitərəfli müzakirələr üçün təmsilçilər təyin etməyə; xalq diplomatiyasına imkan yaratmağa, çərçivə müzakirələrini 2015-ci ilin payızınadək bitirməyə çağırır.

“Mümkün deyil? Əgər Azərbaycan beynəlxalq və ABŞ tərəfdən hörmət istəyirsə, deyil. Hörmət hərəkətdən doğar. Siyasi məhbusların azadlığa buraxılması və Ermənistanla ciddi danışıqlar aparmaq bu hörməti qazanmağın yeganə yoludur” (“Azadlıq.org”).