“ABŞ, İsrail və Səudiyyə Ərəbistanı arasında təhlükəli ittifaq yaranır”- FRANSA QƏZETİ

Fransanın “Le Monde” qəzetinin beynəlxalq şöbəsinin müdiri Kristof Ayyad Yaxın Şərqdə İran rejiminə nifrət bəsləyən 3 dövlətin - ABŞ, İsrail və Səudiyyə Ərəbistanının artıq ittifaq halında olduğunu yazıb.
Müəllifin qeyd etdiyinə görə, Səudiyyyə Ərəbistanı və İran arasında gedən gizli münaqişənin “sünni və şiələr arasındakı müharibə” kimi təqdim etmək istəyənlər var.
Yazıda Ər-Riyadla Tehran arasında gərginliyin alovlanması üçün ABŞ-ın əlindən gələni etdiyi vurğulanır. Bu səbəbdən ABŞ prezidenti Donald Tramp 2015-ci ilin iyulunda İranla 6 böyük dövlət arasında imzalanan nüvə sazişindən birtərəfli qaydada çıxmaq istədiyini bəyan edib.
“Hazırkı vəziyyətdə İran rejiminə ümumi nifrət hissi və onun bölgədə nüfuzunu azaltmaq arzusu Yaxın Şərqdə Səudiyyə Ərəbistanı, İsrail və ABŞ arasında ittifaq oxunu meydana gətirib”, - müəllif yazır. 

Ayyadın qeyd etdiyinə görə, Barak Obama dövründə ABŞ Səudiyyə Ərəbistanı və İsraildəki müttəfiqlərini bu məsələdə “yola verməyə” çalışıb. Daha doğrusu, onların narahatlığına məhəl qoymayıb. Lakin Ağ Evdə Donald Tramp hakimiyyətə gəldikdən və Səudiyyə Ərəbistanının gənc vəliəhdi Məhəmməd ibn Salmanın yüksəlişindən sonra situasiya tamamilə dəyişib.
“Yanvar ayından bu yana prezidentin kürəkəni və müşaviri Cared Kuşner Qüds və Ər-Riyad (həmçinin BƏƏ paytaxtı Əbu-Dabi) arasında “yol ölçüb”.
Onun bu turneləri ilə bağlı sızan informasiyalara görə, Kuşner İsrailin köhnə arzularından birini, yəni ərəblərlə, ya da heç olmasa İran körfəzinin bir monarxiyası ilə Təl-Əvivi yaxınlaşdırmaq üzərində çalışır”, - məqalədə qeyd olunub.

Yazıda İsrailin onu rəsmi olaraq tanıyan Misir və İordaniyadan başqa bölgədə yeni əlaqələrə ehtiyac olmasından söhbət açılır. Müəllif İsrailin bu dövlətlərlə daha çox “soyuq sülh” mərhələsində olduğunu bildirərək, ərəb körfəzi ölkələrinin 2002-ci ildən bu yana İsraillə yaxınlaşmaq xətti götürdüklərini vurğulayıb.
Ayyadın fikrincə, bu cür tektonik gəlişmə İran körfəzində hakimyyətə gələn yeni nəsil idarəçilərin sayəsində baş tutub. Nə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman, nə də Birləşmiş Ərəb Əmirliklərinin vəliəhd şahzadəsi Məhəmməd ibn Zeyd əl Nahayan artıq “Fələstin xalqının müqəddəs işi” ilə özlərini bağlamırlar. Onların bütün fikri-zikri İranla məşğuldur. 
Müəllif yazır ki, bu gedişlə alyans rəsmiləşəcək.
“ABŞ, İsrail və Səudiyyə Ərəbistanı arasında ittifaq bölgədə yeni hərbi və texnoloji qüdrətin meydana gəlməsinə, habelə maliyyə kapitalının və enerji daşıyıcılarının görünməməiş dərəcədə birləşməsinə gətirib çıxara bilər. Bunun fonunda Rusiya-Türkiyə-İran oxu olduqca zəif görünür. Böyük orduları olsa da bu dövlətlərin texnologiyaları köhnəlib, iqtisadiyyatları zəifləyib. Bunlar bir yana, onların hər üçünün strateji maraqları da ayrıdır”, - Ayyad qeyd edir./musavat.com