ABŞ İrandakı etiraz aksiyalarını dəstəklədi - TEHRANDAN SƏRT REAKSİYA

Baxış sayı:
8542

ABŞ İran xalqının dinc etirazlarını dəstəkləyir və nümayişçilərə qarşı güc tətbiq olunmasını pisləyir.

Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, Ağ Evin mətbuat katibi Stefan Qrişemin bəyanatında belə deyilir.

"Birləşmiş Ştatlar İran xalqının rejimə qarşı dinc etirazlarını dəstəkləyir. Biz nümayişçilərə qarşı tətbiq edilən, ölümlə nəticələnən güc tətbiqini və sərt məhdudiyyətləri pisləyirik" - Ağ Evin açıqlamasında qeyd edilir.

ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Morqan Ortaqus isə, İran hakimiyyətinin etirazlar zamanı ölkədə İnterneti bağlamaq cəhdlərini qınadığını və ABŞ-ın "səbirli İran xalqını" dəstəklədiyini açıqlayıb.

Tehran ABŞ-ın İrandakı etirazlara aid bu bəyanatlarına  dərhal reaksiya verib və onları ölkənin daxili işlərinə müdaxilə adlandırıb.

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Musavi deyib: ""Böyük İran xalqı bu cür ifadələrin heç bir səmimiliy olmayan riyakarlıq və münafiqliy olduğunu yaxşı bilir."