​ABŞ-ın hücumu cavabsız qalmadı - Türkiyədən 100 FAİZLİK ZƏRBƏ

Baxış sayı:
12847

ABŞ-ın Türkiyə qarşı iqtisadi sanksiyalarına cavab verilməsi ilə bağlı prezident Rəcəb Tayyib Ərdoğanın dünən verdiyi anons bu gündən rəsmiləşir.
ABŞ istehsalı olan bəzi məhsulların idxalında əlavə maliyyə öhdəliklərinin 100 faiz artırılmasına dair qərar “Rəsmi Qəzet”də dərc edilib.
Qərara görə, Birləşmiş Ştatlardan alınan avtomobil, spirtli içki və tütün məmulatları da daxil olmaqla, müəyyən malların idxal rüsumları artırılır.
Türkiyə prezidentinin köməkçisi Fuad Oktay qərarı şərh edib.
“ABŞ-ın iqtisadi cəhətdən şüurlu hücumlarına qarşı qarşılıqlı prinsip çərçivəsində müəyyən məhsulların idxalında vergi rüsumları artırılıb. Çətin günlərdə liderimiz ətrafında birləşən Millətimiz haqsızlıqlara qarşı dünyanı ayağa qaldırmışdır. Durmaq yox, yola davam”, - prezidentin köməkçisi tvitterdə yazıb.
Qeyd edək ki, Türkiyə prezidenti hakim Ədalət və İnkişaf Partiyasının (AKP) 16-cı simpoziumunda çıxışı zamanı ABŞ-dan idxal edilən elektrik məhsullarının boykot ediləcəyini bildirib. Ərdoğan Vaşinqtonun birtərəfli sanksiyaları və ticarət tariflərinə qarşı ən yaxşı cavabın ABŞ-ın istehsal etdiyi məhsullarla rəqabət apara bilən alternativ əcnəbi malların alışını çoxaltmaq, yerli istehsal və ixracı artırmaq olduğunu deyib.
“Amerika iqtisadi cəhətdən nəinki bizə, Çinə və Rusiyaya, İrana və Avropaya da hücum edir. Amma bizə qarşı əməliyyat başladılıb. Biz Amerika istehsalı olan elektronika məhsullarını boykot edəcəyik. Onların “iPhone”u var, amma “Samsung” və bizim “Vestel” şirkətimiz də var”, – Ərdoğan bəyan edib.
Xatırladaq ki, avqustun 10-da ABŞ prezidenti Donald Tramp Türkiyədən idxal olunan polad və alüminiuma ikiqat ticarət tarifinin təbiqi barədə qərar qəbul edib. Türkiyədən alınan alüminiuma 20, polada isə 50 faiz gömrük rüsümu tətbiq olunacaq. Trampın bu qərarı ilə türk lirəsi dollar qarşısında rekord tarixi enişini yaşayıb.