ABŞ hərbi texnikaları Gürcüstana gətirilib

Gürcüstanda keçiriləcək NATO-nun “Layiqli tərəfdaş 2017” (Noble Partner 2017) hərbi təlimlərində iştirak edəcək ABŞ ağır hərbi texnikasının növbəti hissəsi Gürcüstana gətirilib.
 
Gürcüstanın Müdafiə Nazirliyinin verdiyi xəbərə görə, “Stryker” zirehli maşınları Poti limanına çatdırılıb. Bundan öncə ABŞ-ın “Abrams” tankları və “Bradley” zirehli maşınları Gürcüstana gətirilmişdi.
 Genişmiqyaslı hərbi təlimlərin açılış mərasimində ABŞ-ın vitse-prezidenti Mayk Pens də iştirak edəcək.
 NATO-nun “Layiqli tərəfdaş 2017” hərbi təlimləri iyulun 30-dan avqustun 12-dək davam edəcək. Təlimlərdə Gürcüstan, ABŞ, Böyük Britaniya, Almaniya, Türkiyə, Sloveniya, eləcə də tərəfdaş ölkələr Ukrayna və Ermənistandan 2800 hərbçi iştirak edəcək. Təlimlər Vaziani və Norio hərbi bazalarında keçiriləcək./apa