ABŞ-ın Gürcüstanda dövlət çevrilişi planı - YAXUD İVANİŞVİLİNİN İKİ SEÇİMİ: PİS VƏ DAHA PİS...

Baxış sayı:
1219

Fevralın 18-də Bakıda planlaşdırılan Azərbaycan-Gürcüstan-Türkiyə XİN başçılarının 9-cu üçtərəfli görüşü Gürcüstanın baş naziri Giorgi Qaxariyanın və ardınca hökumətin qəfil istefası səbəbindən təxirə düşdü. Çünki artıq  xarici işlər naziri David Zalkalianinin Azərbaycana səfərinin mənası yox idi.

Əslində, baş nazirin istefa məsələsi qəfildən ortata çıxa bilməzdi, Saakaşvilinin “Milli Hərəkat” partiyasının lideri Niki Meliyanın həbsinə etiraz olaraq ortaya qoyulan mövqe bir-iki gün əvvəl götür-qoy edilə bilərdi və qərar da görüşdən əvvəl açıqlana bilərdi.

Beləliklə, demək olar ki, hər şey Böyük Britaniya XİN-in Avropa və ABŞ qonşuluğu üzrə dövlət naziri Vendi Mortonun Gürcüstana gedərək, Rusiyaya ünvanlanmış bəyanatı ilə işə düşdü.

Gürcüstanda 2020-ci ilin 30 oktyabrında keçirilmiş seçkilərdə ABŞ-ın maraqlarının “təmsilçisi” Saakaşvilinin partiyası geniş tərkibdə parlamentə keçə bilməmişdi. Aydın idi ki, Amerika yönümlü siyasi təşkilat nümayəndələrinin parlamentə daxil olmasına yenə cəhdlər olacaqdı. Tam mənzərəni aydın görmək üçün baş verənləri fraqmentləşdirmək və parçaları ayrılıqda nəzərdən keçirdikdən sonra, “pazl”ları birləşdirərək, bütöv görüntü yaratmaq lazımdır. Beləliklkə, Saakaşvili “TV Pirveli” kanalında Niki Meliyaya qarşı həbs qərarını şərh edərkən Bidzina İvanişvilinin ölkədəki bütün institutları məhv etməsini  vurğuladı və məhz onu günahlandırdı. Saakaşvilinin sözlərinə görə, “təəssüf ki, Gürcüstanda məhkəmə yoxdur, bir nəfər də olsun vicdanlı hakim və prokuror qalmayıb”.

Yenə də diqqət İvanişvilinin dövləti və gürcü cəmiyyətinin mənəvi və vicdani dayaqlarını məhv etməsinə yönəldildi: “Bu o deməkdir ki, İvanişvili bizim ölkəni, hər bir insanın mənəvi dəyərlər və vicdanını məhv edib. Gürcüstanda hakim korpusu yoxdur, məhkəmədən külli miqdarda pullar böyük “ailə-qohumluq” klanıdır. Bizim Niko ilə hərəkət planımız hər kəsin – qanun və ədalətin keşiyində durmasıdır. Yalnız haqsızlığın qarşısını alan və onunla mübarizə aparan millətlər uğurlu olurlar”.

Əlbəttə, Gürcüstanı öz orbitinə salmağa çalışan ABŞ-ın təmsilçisi də gecikmədən Niki Meliyanın həbsə alınması ilə bağlı situasiyanı belə şərh etdi: “Niki Meliyanın həbsi barədə verilən məhkəmə qərarından sonra yaranan təhlükəli vəziyyət məhkəmə və seçki sisteminin çoxillik problemlərindən irəli gəlir. Hökumət və müxalifətin maksimum təmkinli olması mütləqdir. Ən vacib məsələlərin həll yolu-sülh danışıqlarıdır. Biz hamını asayişi qorumağa və zorakılıqdan qaçmağa çağırırıq”.

Ardınca Saakaşvili Georgi Qaxariyanın istefasını “böyük qələbə” adlandırdı: “Hakimiyyəti qəsb edən hakimiyyətin baş naziri İvanişvilinin xalqın kütləvi kütləvi dağıdılması və qan tökülməsi barədə əmrlərinin məsuliyyətini üzərinə götürmək istəmədi. İndi əsas məsələ müxalifətin birliyini zəiflətmək yox, əksinə genişlətməkdir. Çünki gürcü xalqının və müxalifətin əsas tələbi – növbədənkənar seçkilərdir”. O hesab edir ki, baş nazirin istefasından sonra təxirəsalınmadan növbədənkənar seçkilər keçirilməlidir.

Gürcüstanın müxalif partiyalarının liderlərindən biri Badri Caparidze də bəyan etdi ki, “bu situasiya “Gürcü arzusu”na ölkədə asayişi bərpa etmək üçün şansdır. Əgər “Gürcü arzusu” özündə güc taparaq müxalifətlə növbədənkənar seçkilər haqda razılığa gələ bilsə, bunu edə biləcək”. Caparidzenin sözlərinə görə, yaranmış vəziyyətdən yeganə çıxış yolu təcili parlament seçkiləri keçirməkdir.

Parlamentin sədri, “Gürü arzusu”dan olan Arçil Talakvadze bildirib ki, partiya ölkədə siyasi sabitliyin pozulmasına imkan verməyəcək.  «Demək istəyirəm ki, siyasi komanda bütövdür və həmrəydir. Dövlət institutları tam gücü ilə işləyir. Sözsüz ki, ölkədə hansısa qarşıdurmaya, sabitliyi pozmaq cəhdlərinə yol verməyəcəyik. Bunun əsas zəmanəti parlamentdir ”, -deyə Talakvadze bildirb.

Baş verənlərə Litva Parlamentinin üzvü Ziqmantas Pavilions, “Bütün bunlar mənə Navalnı və Putinin hekayəsini xatırladır, düşünürəm ki, NATO və Avropa Birliyinə namizəd olan bir ölkə üçün bu intihar olacaq. Bu hökumət həqiqətən Avropa Birliyinə üzv olmağı düşünürsə və NATO-ya qəbul məsələsinin daha erkən həll olunmağını istəyirsə, belə addımlar atmağa belə çalışmasın. Rusiya davamlı olaraq bizi bölməyə çalışır, hələ də sizi təhrik etməyə çalışır, ancaq daha ağıllı olmalısınız”, – deyə qeyd edir.

Litvanın Gürcüstandakı səfiri Endrü Kalindra “Vahid Milli Hərəkat”ın sədri Nika Melia ilə partiyanın ofisində görüşdü. Diplomat Gürcüstan DİN-inin Meliyanın həbs qərarının təxirə salınması barədə açıqlamasından sonra oraya gəldi. İclasa digər müxalifət liderləri də qatıldı və Litvanın Gürcüstanın əsas tərəfdaşlarından biri olduğunu bildirdi.

Vahid Milli Hərəkat Partiyasının üzvü Salome Samadaşvili “Rustavi-2” telekanalına verdiyi müsahibəsində bəyan etdi ki, “Gürcü arzusu” ölkədə siyasi diktaturanın qurulması yoluna gedir.

“Amma Gürcüstanın müttəfiqi olan dövlətlər buna imkan verməyəcəklər. Elə Litva səfirinin gəlişi də bu anlama gəlir. O siyasi böhran bitənə qədər “Milli Hərəkat”ın ofisində qalacaq, siyasi böhran yalnız Nika Melianın siyasi təqibi dayandırıldıqdan və siyasi məhbus Giorgi Ruruanın sərbəst buraxılmasından sonra həll ediləcək, bundan sonra danışıqlar aparmaq və razılaşmağa davam edə bilərik. Səlahiyyətli orqanların bunu dərk etmə vaxtı gəldi”, – Salome Samadashvili bildirdi. Xatırladaq ki, Litvanın səfiri Endrü Kalindra “Milli Hərəkat”ın ofisindədir.

ABŞ Senatının beynəlxalq münasibətlər komitəsinin həmsədri Cim Riş “Amerikanın səsi” nin Gürcüstan bölməsinə müsahibəsində bildirib ki, “Niki Meliyanın həbs qərarı 2020-ci ilin oktyabrından başlamış siyasi böhranın həllini çətinləşdirir”.

Saakaşvili “TV Pirveli” kanalında çıxışında, “İndi zorakılığın qarşısını almanın yeganə yolu hamı ilə işləməkdir: polis, xüsusi təyinatlılar, aparat içərisindəki insanlar; hər birinin anasına və atasına müraciət etməliyik ki, oğullarını evlərinə aparsınlar” deyərək, sanki dövlət çevrilişi prosesinin baş tutması üçün insanların mitinq adı altında küçələrə tökülməsinin qarşısını alacaq “Gürcüstanı məhv etməyə xidmət edən xüsusi təyinatlılar”a işarə edir. Xüsusilə də “onların anaları, ataları, müəllimləri ilə danışmalıyıq, evlərinə gəlməli, hər birinin ünvanı bilinməlidir, bunun üzərində işləyirik …” sözləri diqqət çəkir. Ardınca Saakaşvilinin Bidzina İvanişviliyə ünvanladığı  “İvanişvilinin iki seçimi var – pis və daha da pis. Keçmiş prezident keçmiş baş naziri iki pis variantdan birini seçməyə çağırır və Melianı həbs etməkdən imtinadan başqa hər hansı qərarın milyarder üçün on qat pis olacağını vurğulayır: “İvanişviliyə müraciət etmək istərdim.  Heç kim inanmır ki, onu daha həbs etməyəcəksiniz. Heç kimi gözlərini yummur. Tezliklə bütün beynəlxalq ictimaiyyət ayağa qalxacaq və nəinki sanksiyalar olacaq, şəxsən siz cinayət işindən yaxa qurtara bilməyəcəksiniz. İki seçiminiz var – pis və daha pis”.

AB rəsmisi Josep Borrellin sözçüsü Peter Stano, “Baş nazir Georgi Qaxariyanın istefasından sonra ortaya çıxan hökumət böhranı ilə əlaqədar olaraq Gürcüstandakı vəziyyəti yaxından izləyirik. Gürcüstan bizim üçün vacib tərəfdaş ölkədir. Avropa Birliyi bu ölkəyə kömək etməyə davam etmək niyyətindədir”, – dedi.

Estoniyanın keçmiş prezidenti Toomas Hendrik Ilves Gürcüstanda baş verən hadisələrə görə, “Bu yolla getmə, Gürcüstan. Sən çox daha yaxşısına layiqsən, əziz Gürcüstan! ”– deyə fikrini sosial şəbəkələrdə yazdı.

NATO Parlament Assambleyasının prezidenti, ABŞ konqresmeni Gerald Connolly, Gürcüstanda mövcud siyasi böhranla bağlı son vəziyyətlə bağlı açıqlama verdi: “Mən qətiyyətlə inanıram ki, Gürcüstanda demokratiya ölkənin potensialını ortaya çıxarmaq üçün yeganə yoldur. Cəmi on gün əvvəl ABŞ Konqresində “Gürcüstana Dəstək Aktını” yenidən təqdim etdim. Bu qanun layihəsi, xüsusən də Rusiya təcavüzü qarşısında Gürcüstanın suverenliyi və təhlükəsizliyinə ABŞ-ın güclü dəstəyini nümayiş etdirir. Həm də Gürcüstanda azad və ədalətli seçkilər, şəffaflıq və dövlət sektorunun hesabatlılığı, qanunun aliliyi və antikorrupsiya səyləri də daxil olmaqla demokratik dəyərlərin inkişafına davam etməyin vacibliyini vurğulayır. Həm NATO üzvləri arasında, həm də Gürcüstan kimi ortaqlarımız arasında ortaq demokratik dəyərlər, Moskvada, Pekində və digər ölkələrdə özünəməxsusluğa qarşı ən güclü silahımızdır”. Deyilənlərdən görünür ki, Gürcüstanda baş verənlər Qərblə Rusiyanın Qafqaz üstündə qapışmasının bir fraqmentidir. Bütün Qərb bir ağızdan Gürcüstanda demokraiyanın “müdafiəsi” üçün əlindən gələni edəcəyini açıq-aşkar bildirir. Elə Saakaşvilinin İvaişviliyə yalnız iki seçim – pis və daha pis arasında seçiminin olması və sonun həbslə bitə biləcəyinə işarə etməsi də hədə-qorxudur.

Qəribədir ki, istefadan bir gün əvvəl Gürcüstan DTX-nin rəhbəri Qriqol Liluaşvili ABŞ-ın Gürcüstandakı səfiri Kelly Degnan ilə görüşdü. Bunu DTX-nin mətbuat xidməti xəbər verir. Məlumata görə, görüşdə iki ölkə arasındakı təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri, Rusiyanın işğal xətti boyunca və işğal olunmuş ərazilərdə təcavüzü müzakirə olunub.  Ehtimal ki, ABŞ səfirliyindən idarə olanacaq İvanişvilinin sponsoru olduğu hökumətin devrilməsi əməliyyatına hazırlıq gedir. Avropanün müxtəlif səviyyələrdə rəsmiləri, hətta ABŞ-ın Rusiya sərhədlərindəki forpostu rolunu oynayan Litva və Estoniya diplomatlarının bəyanatları Vahid Milli Hərəkat Partiyası qərargahında “müvəqqəti yerləşmə” Rusiyayönümlü hökumətin və Qərbin “son hesablaşma” üçün hazırladığı qarşıdurmalara dəlalət edir.

Və o da nəzərdən qaçmamalıdır ki, fevralın 13-də ABŞ-ın Tiflisdəki səfirliyinin yaydığı məlumata görə, bu ölkə Gürcüstana 100 ədəd MK19 qranatamyot və 200 M2 pulemyotu verib. Həmçinin məlumatda qeyd olunurdu ki, Tiflisin yaxınlığındakı Vaziani hərbi bazasında birgə təlimlər keçirilib. Bu son təchizat üçün 18 milyon dollar ayrıldığı bildirilir. Bunu da qeyd edək ki, Ankaranın Gürcüstana ayırdığı 17,5 milyon dollar qrant ilə Azərbaycan və Ermənistan sərhədində yerləşən Marneuli  aerodromu modernləşdirilib. Ayrıca Qərb-Rusiya çarpışmasının növbəti “seriyasının Gürcüstanda planlaşdırılması” ərəfəsində kiçik həcmli döyüşlər üçün yarayan qranatamyot və pulemyot verilməsi  qətiyyən diqqətdən qaçırılası məsələ deyil. Ola bilsin ki, İvanişvili geri çəkilmək istəməsə qarşıdurma əsnasında bu silahlardan istifadə ediləcək.

Əslində, 3-cü Dünya Müharibəsinin işartıları ortadadır və onun ilkin mərhələsinin birinci fraqmenti İkinci Qarabağ müharibəsi idi, bu isə növbəti fraqmentdir. Üstəlik, Niki Meliyanın Vahid Milli Hərəkatın liderliyinə gətirilməsi Qərbin Rusiyada tətbiq etdiyi “Navalnı variantı”nı Gürcüstanda da tətbiq etmək istəyindən xəbər verirdi. Çünki Saakaşvilinın Navalnı olmağı alınmaz, belə də deyə bilərik-bir suya iki dəfə girmək olmaz. Buna görə Rusiyadan qopma hərəkatına yeni sima ilə davam etmək lazımdır. İndi söz İvanişvilidədir, daha doğrusu, onun pis və daha pis arasındakı seçimində. Amma 3-cü seçim də var. Siyasəti kənardan idarə etməklə siyasətə qayıtmaq…

Ülviyyə ŞÜKÜROVA,
Hurriyyet.org