ABŞ DÖVLƏT DEPARTAMENTİ DƏHŞƏTLİ RƏQƏM AÇIQLADI - İranda etirazlar: rejim 1000-dən çox adam öldürüb?

Baxış sayı:
328

İranda benzinin bahalaşmasına etiraz olaraq bu günlərdə baş qaldıran və bütün ölkəni bürüyən etirazların yatırılması zamanı təhlükəsizlik qüvvələri, bəzi məlumatlara görə, mindən çox adam öldürüb. Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin İran üzrə xüsusi nümayəndəsi Brayan Huk bildirib.

Diplomat ötən gün dekabrın 5-də jurnalistlərə deyib ki, ABŞ hökuməti İnqilab Keşikçiləri Korpusunun qüvvələrinin İranın cənub-qərbindəki şəhərlərdən birində nümayişçilərə avtomatlardan atəş açdığını əks etdirən videogörüntülər əldə edib.

Brayan Huk bəyan edib ki, təkcə həmin insidentdə yüzdən çox adamın öldürüldüyü haqda məlumat alıblar. Daha bir neçə yüz adam isə Tehranda və onun ətraflarında öldürülüb. Dövlət Departamentinin nümayəndəsi etirazların başlamasından etibarən öldürülənlərin sayının 1000-i keçə biləcəyini deyib.

Dövlət Departamenti İnqilab Keşikçilərinin nümayişçilərə avtomatlardan atəş açdığını əks etdirən videokadrları dərc etməyib, amma Brayan Huk bildirib ki, onun ölənlərin sayının 1000-dən çox olduğu barədə qiymətləndirmələri müstəqil qruplardan əldə edilmiş video və informasiyalara əsaslanır.

Diplomat qeyd dedib ki, bütün ölkələrin İran xalqı ilə bir olmaq, diplomatik səylərlə İran rejimini təcrid etmək və həmin qətllərə görə məsuliyyət daşıyanların cəzalandırılmasına nail olmaq vaxtı gəlib çatıb.

Qeyd edək ki, “Amnesty İnternational” beynəlxalq insan haqları təşkilatının bildirdiyinə görə, İranda öldürülənlərin sayı 200-dən çoxdur. Təşkilat etirazların yatırılması zamanı öldürülənlərin meyitlərinin ailələlərinə verilmədiyini, dəfn mərasimlərinin təşkil olunmasının qadağan edildiyini də açıqlayıb.