ABŞ DÖVLƏT DEPARTAMENTİ AZƏRBAYCANLI VƏKİLİ MÜKAFATLANDIRDI - Səfir Elin Süleymanov toplantıya qatılmaqdan imtina etdi

Baxış sayı:
2791

Şəhla Hümbətova peşəsi ilə əlaqədar vəkillərin özlərinin çox zaman müdafiəyə ehtiyacı  ölkədə cəsarətli vəkildir. Martın 4-də o, Azərbaycanın tarixində ABŞ Dövlət Departamentinin “Cəsarətli qadınlar” mükafatını (IWCA) alan ilk vətəndaş oldu.

Mükafatı Ş.Hümbətovaya ABŞ-ın birinci xanımı Melaniya Tramp və dövlət katibi Mayk Pompeo Azərbaycanda əsas azadlıqların qorunmasındakı işinə və şəxsi riskə baxmayaraq, siyasi baxımdan həssas hallarda müttəhimləri müdafiəsinə görə təqdim ediblər.

 “Bu gün bu mükafatı nəyə görə alıramsa, öz ölkəmdə ona görə  cəzalandırılıram”, - Ş.Hümbətova Dövlət Departamentində mükafatı aldıqdan sonra TURAN-ın Vaşinqtondakı müxbirinə deyib.

Qeyd edək ki, 2019-cu ilin noyabrında Azərbaycan Vəkillər Kollegiyası Ş.Hümbətovanın lisenziyasını dayandırıb, keçmiş müştərinin şikayəti əsasında və guya üzvlük haqqını ödəmədiyinə görə işdən kənarlaşdırılmasına nail olub.

Lakin işdən kənarlaşdırılmanın əsl səbəbi siyasi motivli proseslərdə insan hüquqlarını qorumasıdır.

“Təsəvvür edin ki, öz ölkənizdə belə fəallığa görə cəzalandırılırsınız, başqa ölkədə isə  ən yüksək səviyyədə təltif olunursunuz”, - Ş.Hümbətova deyib.

O, bu il müxtəlif ölkələrdən IWCA mükafatını alan 12 qadından biridir.

 “Biz bu cəsarətli qadınları hər gün hörmətlə qarşılamalıyıq, onların fəaliyyəti bütün dünyada bizim ailələrimiz, hökumətlərimiz və bütün dünya üçün çox vacibdir”, - mərasimdə Mark Pompeo deyib.                                          

Öz növbəsində birinci xanım Melaniya Tramp deyib ki, laureatlar “qadın ruhunun gücünü təmsil edirlər... Onların hər biri çox zaman şəxsi təhlükəsizliyini riskə ataraq cəsarət və liderlik hərəkəti nümayiş etdirib”.

Ş.Hümbətova bildirib ki, “nə olursa- olsun” Azərbaycanda ədalət və hüquqlar uğrunda mübarizəni davam etdirəcək.

Mükafatlandırma mərasimində onlarla yüksək vəzifəli məmur, hüquq müdafiəçisi, eləcə də bir çox ölkələrin diplomatları, o cümlədən ABŞ-ın Bakıdakı səfiri Lee Litzenberger iştirak edərək Ş.Hümbətovanı şəxsən təbrik edib.

Lakin Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov tədbirə dəvət olunsa da iştirak etməyib. “Məyus oldum, ancaq təəccüblənmədim”, - Ş.Hümbətova bildirib.